Təcavüz, işgəncə, həbs: Qızlarının gələcəyi üçün mübarizə aparan iranlı qadınlar

Təcavüz, işgəncə, həbs: Qızlarının gələcəyi üçün mübarizə aparan iranlı qadınlar

Uzun illərdir, İranın dini lideri ayətulla Əli Xamneyinin mollalarının barbarlığı, minlərlə iranlı qadınların işgəncələrə məruz qalması diqqətdən kənarda qalıb. Lakin 22 yaşlı Məsha Əmininin baş örtüyünü düzgün örtmədiyi üçün Tehranda əxlaq polisi tərəfindən həbs edilməsi, burada olarkən vəfat etməsi Qərb dünyasını nəhayət, ayağa qalxdıra bilib. İran prezidenti İbrahim Rəisi qadınların hüquqlarının pozulması, o cümlədən 1979-cu il İslam inqilabından bəri bütün qadınların hicab taxmasını tələb edən məcburi geyim kodunun daha sərt şəkildə tətbiq edilməsi barədə göstəriş verdikdən bir neçə həftə sonra isə etiraz dalğası artıb. Düzdür, son 40 ildə İranda 30 minə yaxın iranlı qadın qətlə yetirilib, lakin məhz Əmininin ötən il sentyabrın 16-da ölümü son damla olub. 

 

Sfera.az “Telegraph”a istinadən bildirir ki, şagirdlərin də etirazlara qoşulduğu 1776 məktəbdən 1186-sı qız məktəbi idi. Bu da İranın gələcəyinin formalaşmasında qadınların mühüm rolunu vurğulayır. Bir üsyan kimi başlayan hadisə uzun müddət qadınlara ikinci dərəcəli vətəndaş kimi davranan bir ölkədə inqilabi hərəkata çevrilib. İbtidai məktəbdə olsa belə, hicab taxmağa məcbur edilən, ərinin icazəsi olmadan ölkəni tərk edə bilməyən, müəyyən fənlər oxumağa qadağa qoyulan iranlı qadınlar nəsillər boyu buna tabe olublar. Bununla belə, bu gün dünya Beynəlxalq Qadınlar Gününü qeyd etdiyi bir vaxtda İranın feminist hərəkatı, Z nəslinin üsyançıları heç bir ləngimə əlaməti göstərmir. İran müxalifətinin lideri və İran Milli Müqavimət Şurasının (NCRI) seçilmiş prezidenti Məryəm Rəcəvinin ötən həftə sonu çıxışı zamanı dediyi kimi: “İranlı qadınların qiyamı və misilsiz cəsarəti dünyanın diqqətini çəkib. Tehrandan Zahidana qədər itaətkar qızlar bu fikirləri səsləndirir: “Hicablı və ya hicabsız, inqilaba doğru!”. 30 ildir deyirik ki, qadınların hərəkatı üsyanı alovlandıracaq. Gün gələcək ki, İran qadınları mollaların dini zülmünü devirəcəklər”.

 

69 yaşlı Məryəm Rəcəvi əri Məsud Rəcəvi ilə birlikdə İran Xalq Mücahidləri (MEK) dissident qrupunun həmsədridir. O, siyasi fəaliyyətinə 22 yaşında bacısı Nərgəsin İran dövlət polisi “SAVAK” tərəfindən öldürülməsindən sonra başlayıb. Onun digər bacısı Məsumə 1982-ci ildə Ayətullah Xomeyni rejimi altında hamilə ikən edam edilib. 2006-cı ildə Rəcəvi Strasburqda Avropa Şurasında çıxış edərək İranda tam gender bərabərliyinə, o cümlədən iranlı qadınların geyimlərini sərbəst seçmək hüququna çağırıb. O, qadınlara qarşı hər cür ayrı-seçkiliyin ləğv ediləcəyini bəyan edərək, qanunun aliliyinə əsaslanan müasir ədliyyə sistemi və qadınların siyasi liderlikdə bərabər iştirakı ilə azad demokratik seçkilər olan gələcək İran arzusunu dilə gətirib.

 

Hesablamalara görə, son qiyamda 84 qadın və ən azı 70 uşaq olmaqla, 750 etirazçı öldürülüb. Əksəriyyəti güllə ilə öldürülüb, lakin bəziləri dəyənəklərlə ölümcül şəkildə döyülüb. Rejim isə ölümlərdə hər hansı rolu inkar edir. Dekabrda ədliyyə etirazçının ilk edamını həyata keçirib. Ən azı 30.000 fəalın həbs edildiyi, fiziki və psixoloji işgəncələrə, o cümlədən qadınların cinsi zorakılığa məruz qaldığı güman edilir. Bu həftə isə məlum olub ki, son üç ayda 1000-dən çox iranlı tələbə, əsasən də məktəbli qızlar zəhərləniblər. Ən azı 26 məktəbdə onlarla qızın keçən çərşənbə günü xəstələndiyi, onların hamısının tənəffüs problemləri, ürəkbulanma, başgicəllənmə və yorğunluq kimi oxşar simptomlarının olduğu bildirilib. Bununla belə, etirazçılar dayanmırlar. Müqavimət Şurasının rəsmisi Şahin Qobadinin sözlərinə görə, repressiyalara baxmayaraq, müqavimət davam edir:

 

“İran inqilablar ölkəsidir, lakin hazırda şahidi olduğumuz şey ərəb baharından çox fərqlidir. Əvvəlki dövrlərdə rejim gənclərə hücum edəndə onlar təslim olurdu. Amma bu dəfə əhval-ruhiyyə başqadır. Etirazın müddəti artdıqca psixoloji təsirlər dəyişir.  Bu, rejimin yenilməz olmadığını, geri çəkilə biləcəyini göstərir. Qadınlar həmişə müqavimət hərəkatında iştirak ediblər, lakin bu miqyasda deyil. Onlar daha çox mübarizə aparmalı olduqlarını hiss edirlər”.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR