Polşaya raketi kim atıb, NATO müharibəyə hansı halda qoşulacaq? - Açıqlama

Polşaya raketi kim atıb, NATO müharibəyə hansı halda qoşulacaq? - Açıqlama

Ötən gün Ukrayna sərhədindən 8 km aralıda yerləşən Polşaya məxsus kənd ərazisinə Rusiya istehsalı olan mərmi düşüb. Raketin Rusiya, yoxsa Ukrayna tərəfindən buraxıldığı isə mübahisə mövzusuna çevrilib.

 

Raketin Rusiya tərəfindən atıldığının təsdiqlənəcəyi təqdirdə isə NATO-nun müharibəyə qoşulacağı ehtimal edilir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli NATO-nun son hadisə ilə əlaqədar iclas keçirə biləcəyini deyib. Ekspert təşkilata üzv ölkələrin rəhbərlərinin iclasından sonra kollektiv müharibə qərarı ilə bərabər, Polşanın müdafiə sisteminin gücləndirilməsi istiqamətində də addımın atıla biləcəyini vurğulayıb:

 

“İndiki elmi-texniki təchizat şərait yaradır ki, raketin kim tərəfindən atıldığı müəyyən edilsin. Hazırda hibrid müharibə, yəni informasiya savaşı gedir. Bu baxımdan tərəflərin bir-birini ittiham etməsini başa düşmək olar. Lakin raket Rusiya tərəfindən atılıbsa, baxmalıyıq ki, bir NATO üzvü olan ölkə təmsil olunduğu hərbi ittifaqdan hansı addımların atılmasının tələb edə bilər.

 

NATO nizamnaməsinə görə, burada ilk olaraq 4-cü maddə işə düşür. 4-cü maddəyə əsasən, NATO üzvlərinin rəhbərliyi toplanır və müzakirələr aparılır. Bundan sonra isə 5-ci maddə işə düşə bilir. 5-ci maddə isə o deməkdir ki, NATO-nun hər hansı müttəfiq üzvünə qarşı silahlı təcavüz olarsa, bu, digər ölkələrə qarşı edilən təcavüz anlamına gəlir. Belə olan halda üzvlər kollektiv şəkildə müharibəyə qoşula bilər. 4-cü maddəyə görə, ciddi araşdırma işləri aparılmalıdır və bundan sonra 5-ci maddənin işə düşməsi ilə bağlı qərar verilə bilər”.

 

Ə.Əlibəyli raketin Ukrayna tərəfindən atılmasının mənfi mənzərə yaradacağını deyib. Müsahibimiz belə olan halda raketin buraxılmasının arxasında bir neçə məqsədin dayandığını qeyd edib:

 

“Son olaraq 2022-ci il fevralın 24-də Şərqi Avropa ölkələri 4-cü maddə ilə NATO-ya müraciət etmişdilər. Çünki həmin ölkələr Rusiya-Ukrayna müharibəsində təhlükəsizliklərindən əmin olmaq istəyirdilər. Əgər hesab olunsa ki, raket Ukrayna tərəfində atılıb, o zaman böyük böhran yarana bilər. Xerson şəhərinin Ukraynaya təslim edilməsindən sonra ortada bəlli bir anlaşma var. Bu da Rusiyanın Xerson şəhərinin Dnepr çayı istiqamətində təminatı və təchizatını yerinə yetirə bilməməsi ilə əlaqəli oldu. Bununla da Rusiyanın məğlub olması kimi mənzərə yaranır. Lakin Rusiya bu addımla özünümüdafiə addımlarını gücləndirib. Rusiya öz qüvvələrini bir müddət sonra cəbhənin cənub yox, şimal və şərq hissəsinə, yəni Donetsk ətrafına toplamağa başlayıb. Çox güman ki, həlledici savaş orada olacaq. Əgər raket Ukrayna tərəfindən atılıbsa, bu, prosesin qarşısını almaq, dərhal cəbhəni genişləndirmək, Polşanı və ən əsas NATO-nu müharibəyə cəlb etmək niyyəti ilə edilib”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR