Rusiyanın “Xerson qərarı”nın əsl məqsədi - Ukraynanı tələyə salmaq, yoxsa...
Rusiya ordusunun Xersondan geri çəkilməsi gündəmdən düşmür. Bəzi ekspertlər isə bu addımın Ukrayna ordusunu tələyə salmaq üçün hansısa mühüm bir əməliyyatın tərkib hissəsi olduğunu iddia edir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Ərəstun Oruclu deyib ki, Rusiya ordusunun geri çəkilməsinin səbəbi Xersonda yerləşdirilmiş 40-50 min arası sayda hərbi kontingentini məhv olunmaqdan qorumaqdır:
“Müharibənin arxada qalan 9 ayı açıq şəkildə göstərdi ki, Ukrayna ordusunu tələyə salmaq asan deyil. Ukrayna ordusunun bütün sahələrdə, o cümlədən kəşfiyyat əməliyyatları fəaliyyəti ciddi koordinasiya olunur. Xersonda da belə oldu. Rusiyanın guya tələ qurması, qarşı tərəfin minalanmış şəhərə buraxılaraq məhv edilməsi və bu kimi versiyaları ciddi qəbul etməyən Ukrayna komandanlığı öz işini davam etdirir. Onun işi Dnepr çayının sol sahilinə çəkilməkdə olan işğalçı ordunun hissələrini dəqiq artilleriya zərbələri ilə məhv etməkdən ibarətdir. Bu da gözlənildiyi kimi, Rusiya - Ukrayna savaşının müqəddəratının Xersonda həlli deməkdir”.
Ekspert qeyd edib ki, Rusiyanın məğlubedilməzliyi haqda mif addım-addım dağılır:
“Bu, hələlik döyüş meydanında baş verir. Amma həmin mifin ilk növbədə insanların şüurunda dağılması vacibdir. Digər tərəfdən, etimad doğuran ciddi hərbi ekspert dairələri Rusiyanın nüvə başlıqlı "Paseydon" torpedosunun sınağının uğursuz olduğunu bildirirlər. Burada da qeyri-adi heç nə yoxdur: öz əsgərini ərzaq, tibbi yardım və yataqla təmin edə bilməyən ölkənin hansısa supermüasir silah iddiası xəyaldan başqa heç nə ola bilməz”.
Xatırladaq ki, Xerson mart ayında rus qoşunları tərəfindən işğal olunub, altı ay sonra isə şəhər Rusiyanın tərkibinə daxil edilib. Ötən gün isə Ukraynadakı rus hərbi birləşmələrinin komandanı general Sergey Surovikin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xerson vilayətindəki qoşunları Dnepr çayının sol sahilinə çəkməyi təklif edib. Şoyqu isə bu təkliflə razılaşıb və qoşunların çıxarılmasını əmr edib.
Günay Rəsulqızı