Qadın vəkillərin saçlarını kəsməsinə kişi vəkillər alqışlarla dəstək verdi

Kayseri Vəkillər Kollegiyasının yığıncağında çıxış edən vəkil Eylem Sarıoğlunun başçılıq etdiyi bir qrup qadın vəkil qadınların vəkillik kollegiyasında kifayət qədər təmsil olunmamasına və Məhsa Əmin mövzusuna diqqət çəkmək üçün saçlarını kəsməklə etiraz ediblər. Kişi vəkillər aksiyaya alqışlarla dəstək veriblər.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, Eylem Sarıoğlu vəkillər kollegiyasında qadınların kifayət qədər yer almamasına münasibət bildirərkən digər vəkil xanımlar da saçlarını kəsməklə etiraza qoşulublar. Vəkillər kollegiyasının idarə heyəti və prezidentliyə namizədlər arasında qadınların olmadığını vurğulayan vəkil bu üsulla mövzuya diqqət çəkmək istədiklərini qeyd edib.
"Hazırda 161 min 15 vəkil var. Onların 74 min 483-ü, yəni 46,3% qadındır. Halbuki Vəkillər Kollegiyasının 81 idarə heyəti üzvündən yalnız 9 sədri qadındır. Hazırda 3 siyahı var. 3-ündə də namizəd kişidir. TBB Nümayəndə sayı 348 nəfərdir.Onlardan cəmi 55 nəfəri qadındır. Qanunun aliliyi və bərabərlik anlayışlarını ən çox qorumalı olan Vəkillər Kollegiyamızın bu vəziyyəti təəssüf doğurur. Haqqımızdan əl çəkməyəcəyik. Bundan sonra Kayseri Vəkillər Kollegiyasında da qadın prezident olmalıdır. Bu gün ilk dəfə olaraq qadın prezident tələb olunur”- deyə o çıxışında bildirib.
Vəkil Eylem Sarıoğlu çıxışından sonra saçını kəsdirərək Kayseri Vəkillər Kollegiyasına və dünyada qadınlara qarşı ayrı-seçkilik və zorakılığa etiraz edib. Digər idarə heyətinə namizədlər siyahısında olan bir çox qadın Sarıoğlunu dəstəkləyərək saçlarını kəsib. Salonda olan kişi vəkillər də alqışlarla aksiyanı dəstəkləyiblər.
Aynil