Dotasiyaya möhtac olan rayonlar - Onların sayı azaldılacaq

Dotasiyaya möhtac olan rayonlar - Onların sayı azaldılacaq

Hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısını videoformatda qəbul edən Prezident İlham Əliyev bildirib ki, bütün rayonlar dotasiya sistemindən çıxmalıdır.


"Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi”, - deyən dövlət başçısı indi bir çox rayonların özləri-özlərini təmin etdiyini və bu prosesin davam etdirilməli olduğunu söyləyib. Dövlət başçısının qarşıya qoyduğu hədəf ondan ibarətdir ki, dotasiyadan çıxan rayonların sayı artmalıdır.


Sfera.az xatırladır ki, 2020-ci ilin dövlət büdcəsində də bu məsələ öz əksini tapıb. Büdcə proqnozuna əsasən, gəlirləri ilə yerli xərclərini ödəyə bilən şəhər və rayonların sayında bir qədər artım olmalıdır.

 

2019-cu ildə 34 şəhər və rayon yerli xərclərini 100 faiz ödəmək imkanına sahib olduğu halda, bu il onların sayı 40-a yüksələcək.

 

2020-ci ildə şəhər və rayonlar üzrə 797 milyon manatlıq yerli xarakterli gəlir proqnozlaşdırılır. Bu il yerli gəlirlərdə 58,8 milyon manat və yaxud 8% artım gözlənilir. Yerli xərclərin həcmi isə 850,104 milyon manat təşkil edəcək. Bu məbləğ 2019-cu illə müqayisədə 7,3 milyon manat və ya 0,9 faiz çoxdur. Yerli xərclərini 100 faiz ödəyə bilməyən şəhər və rayonlara 52,554 milyon manat dotasiya ayrılacaq. 2020-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 6,2 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 6,1 faiz bənd azdır.

 

Azərbaycanda 66 şəhər və rayon var. Onlardan 10-nu respublika əhəmiyyətli şəhərdir. Respublika əhəmiyyətli şəhərlərin 9-u (Xankəndi şəhəri nəzərə alınmır) əldə etdiyi gəlirlə yerli xərclərini qarşılamaq imkanına sahibdir. Yerdə qalan 56 rayonun 31-nin gəliri xərclərini 100 faiz ödəmək imkanı var. İyirmi beş rayonda əldə edilən gəlirlər yerli xərclərini ödəyə bilmədiyindən dövlət büdcəsindən əlavə vəsait ayrılacaq. Burada bir nüansı qeyd edək ki, gəlirləri yerli xərclərini ödəyə bilməyən 25 rayonun 8-i işğal altında olan rayonlardır. Onlar da nəzərə alınmasa faktiki olaraq 17 rayonun əldə etdiyi gəlirləri yerli xərclərini maliyyələşdirmək imkanına sahib deyil.

 

Son illərdə şəhər və rayonların yerli xərclərini ödəmək imkanlarında artım müşahidə edilir. Bu dinamika özünü 2013-cü ildən sonra daha qabarıq göstərməyə başlayıb. 2013-cü ilə qədər Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu əldə etdiyi gəlirlə yerli xərcini qarşılaya bilirdi. Həmin ildən Şirvan şəhəri də onların sırasına qoşuldu. 2014-cü ildə yerli gəlirləri yerli xərclərini ödəyən şəhər və rayonların sayı 6-ya çatdı. 2015-ci ildə say dəyişmədi, 2016-cı ildə özünü maliyyələşdirə bilən şəhər və rayonların sayı 7-yə yüksəldi. Onların sayı 2017-ci ildə 33, 2018-ci ildə 34 oldu. 2019-cu ildə 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq. 2020-ci ildə isə Azərbaycanın 40 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. Proqnoza əsasən, Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları yerli xərclərini tam ödəyə biləcək.

Şəhər və rayonların yerli gəlirlərinin yerli xərclərini ödəyə bilməsini 2 əsas səbəblə izah etmək olar. Birinci səbəb, 2013-cü ildən rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödəyəcəkləri vergi və digər ödənişlərin tam məbləğdə (mənfəət vergisi istisna olmaqla) rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi ilə bağlıdır. Bu dəyişiklik regionların inkişafı və iqtisadi vəziyyəti haqqında real qiymətləndirmə aparmağa imkan verməklə yanaşı, onların mərkəzdən iqtisadi asılılığının tədricən azalmasına imkan verir.

 

 

İkinci və ən önəmli səbəb 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi dövlət proqramları ilə bağlıdır. Əslində, özünü maliyyələşdirə bilən şəhər və rayonların sayının artması regionların inkişaf strategiyasının real nəticəsidir. İndiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 dövlət proqramı icra edilib. Hazırda 4-cü proqram icra mərhələsindədir. Hökumətin regionların inkişafı ilə bağlı həyata keçirdiyi proqram xaraketli tədbirlər regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib. Proqramlar regionların potensialından daha səmərəli istifadə etməyə kömək edib.

 

Özünü maliyyələşdirə bilən şəhər və rayonların sayının artması ölkə iqtisadiyyatının inkişaf gücünün regionlar üzrə də paylanmasının göstəricisidir. Bu amil qarşıdakı illərdə investisiya və innovasiya fəallığının artırılmasına, qabaqcıl texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsinə kömək edəcək. Baş verən keyfiyyət dəyişiklikləri rayonların təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılmasına dəstək verəcək. Regional inkişafın artması rəqabət mühitinin daha da sağlamlaşdıracaq, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdıracaq, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirəcək.

 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR