Azərbaycana qarşı haqsız Qarabağ de-marşı
AŞPA-dan ölkəmizə qarşı prinsipsiz mövqe; qurumun yay sessiyasında ölkəmizlə bağlı qəbul edilən sənəddən “işğal” sözünün çıxarılmasının pərdəarxası; Qərb Ermənistana reverans edir?
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında məruzəçilər - Pedro Arqamunt və Tadeuş İvinskinin hazırladıqları “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzə ilə bağlı 13801 saylı qətnamə qəbul edilib. Sənədin ölkəmizdən ötrü xüsusi əhəmiyyəti ondan ibarət idi ki, onun ilkin variantında “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər 7 rayon” ifadəsi də yer alırdı.
Hələ sessiyaya bir neçə gün qalmış yazmışdıq ki, AŞ PA Monitorinq Komissiyasında bu şəkildə bəyənilən sənəd layihəsindən ermənilər ciddi narahatdır və qətnamədən bu cümlənin çıxarılması üçün hər şeyə gedəcəklər, odur ki, Azərbaycan tərəfi, Azərbaycan nümayəndə heyəti də buna adekvat cavablar vermək barədə qabaqcadan, ciddi götür-qoy eləməlidir.
Əfsus ki, erməni deyən oldu. Azərbaycan üçün, Dağlıq Qarabağdan ötrü mühüm, prinsipial olan bu ifadə erməni nümayəndə heyəti və onun AŞ PA-dakı havadarları sayəsində kiçik səs üstünlüyü ilə qətnamə layihəsindən çıxardıldı, abstrakt “Dağlıq Qarabağ münaqişəsinin nəticələri” cümləsi ilə əvəzləndi.
***
Bəs səbəb? Necə oldu, cəmi bir neçə il öncə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi barədə ayrıca qətnamə qəbul edən AŞ PA indi öz mövqeyinə sayğısızlıq edərək, əslində isə prinsipsizlik göstərək, Azərbaycana dair məruzədə bu mövqeyin təzahürü olan ifadəni saxlamağa gücü çatmadı?
Gözlənildiyi kimi, Azərbaycan tərəfini daha zəif durumda göstərmək üçün həmin cümlənin əleyhdarları (erməni deputatlar və onların qurumdakı dostları) müzakirələr zamanı vurğunu məhz ölkəmizdə insan haqlarının və demokratiyanın durumuna, çoxsaylı siyasi dustaqların mövcudluğu üzərinə saldılar və nəticədə istəklərinə nail oldular. Halbuki, məntiqlə təməl insan haqlarının, demokratiyanın durumu bir ölkənin başqa ölkənin ərazisini işğal etməsinə heç bir əsas və haqsızlıq baş vermir. Amma göründüyü kimi, Azərbaycanın timsalında haqq verib və yenə ikili standart yanaşma nümayiş etdirilib.
Bu xüsusda ispaniyalı deputat Diaz Teyeranın yekun səsvermədən öncə etdiyi çıxış xüsusi diqqət çəkir. Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin 4 qətnaməsi və AŞ PA-nın qətnaməsində əks olunduğunu xatırladan avroparlamentar ardınca deyib: “Fikrimcə, bu müzakirələrdə ərazi bütövlüyü məsələsi insan haqlarından da vacib məsələlərdəndir. Krımdan danışarkən deyirik ki, ilhaq olub, Dağlıq Qarabağın işğal edilməsinin bircə fərqi bunun 20 il bundan əvvəl baş verməsidir. Nə vaxt baş verir versin, işğal elə işğaldır”.
Başqa yandan, faktdır ki, siyasi məhbuslar Ermənistanda da var. Ötən həftə erməni siyasi dustaqlardan biri - siyasi motivlərlə 6 illik həbs cəzası almış Şant Arutyunyanın oğlu Şaqen Arutyunyan əlində hakimiyyəti ittiham edən plakat tutaraq Ermənistan-Portuqaliya futbol matçının 44-cü dəqiqəsində meydana girmiş, polislər tərəfindən zorla saxlanmışdı. İşğalçı ölkədə son olaylar və bu olaylar zamanı hakimiyyətin nümayişçilərə qarşı tətbiq elədiyi zorakılıq, aparılan həbslər və buna beynəlxalq insan haqları təşkilatlarının neqativ reaksiyası da özlüyündə çox şeyi deyir. Lakin belə görünür, ya bu faktlar AŞ PA-da eşidilməz olub, ya da...
Ya da istisna deyil ki, məsələdə Ermənistana ənənəvi xristian təəssübkeşliyi rol oynayıb. O da mümkündür ki, işğalla bağlı məlum ifadənin qətnamə layihəsindən çıxarılması Ermənistanda son günlər yaşanan və “Qərbin barmağı”nın olduğu deyilən proseslərlə bağlıdır. Yəni Avropa bununla Ermənistana bir növ reverans etmiş kimi görünmək, onun Rusiyadan qopması üçün narazı erməni toplumuna əlavə stimul vermək istəyib ki, ermənilər Qərbə daha inamla can atsın.
***
Azərbaycana qarşı haqsız Qarabağ de-marşına son vaxtlar Bakı ilə Qərb (onun institutları) arasında münasibətlərin soyuması prizmasından da baxmaq mümkündür. Hər necə olmasa, AŞ PA da bu institutlardan biridir və onun mövqeyinə Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı Qərbdə formalaşmış ümumi ovqat təsir göstərməyə bilməz.
Lakin bu ovqatı heç olmasa, Qarabağı xətir yumşaltmaq olardı. İndi artıq aydın görünür ki, Azərbaycan hökuməti bu ərəfədə siyasi dustaqlarla bağlı bircə əfvi-ümumiyyə elan eləməklə vəziyyəti xeyli dərəcədə xeyrimizə dəyişə, AŞ PA-da anti-Azərbaycan qüvvələrinin arqumentini kəsərsiz hala gətirə bilərdi...
***
Sonda tarixi yaddaş üçün əlavə edək ki, Azərbaycanın “Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər 7 rayonu” barədə paraqrafın çıxarılması ilə bağlı təklifin müəllifləri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin olub.
Bu sırada ən tanış soyad əlbəttə ki, Qrosdur - Azərbaycan üzrə sabiq məruzəçi. Vaxtilə insan haqları carçısı kimi ad çıxaran, ölkəmizdə az qala başına and içilən Andreas Qros indi haqsız şəkildə işğalçı ölkənin yanında qərar tutub, anti-Azərbaycan mövqeyinə yuvarlanıb.