"Banklar ipoteka şərtlərini sərtləşdiriblər"

"Banklar ipoteka şərtlərini sərtləşdiriblər"

Kreditlərin verilməsi dayandırılıb, İpoteka Fonduna ayrılması gözlənilən 200 milyondan xəbər yoxdur

Hökumət tərəddüd edir, ipoteka tikinti bazarını canlandıra bilər, amma ödəniş qabiliyyəti olan müştərilər çox azdır

Azərbaycan İpoteka Fondu (AİF) 2016-cı ildə sosial ipotekaların verilməsi üçün dövlət büdcəsindən 50 mln. manat alacaq. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc edilmiş büdcə materiallarında qeyd edilib. Bundan başqa Prezident Ilham Əliyev Nazirlər Kabinetinin 2015-ci il iyulun 13-də keçirilən iclasında ipoteka kreditləri üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılması barədə göstəriş verib:"Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın".

Azərbaycan İpoteka Fondundan isə bildirdilər ki, hələlik həmin vəsaitin ayrılması ilə bağlı qərar yoxdur. 

"İndiyədək İpoteka Fondunun xətti ilə 17,5 min ailə ipoteka krediti alıb"

Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib ki, indiyədək İpoteka Fondunun xətti ilə 17,5 min ailə 700 mln. manatdan artıq məbləğdə ipoteka krediti alıb. Banklar öz proqramları çərçivəsində 500 mln. manatdan çox məbləğdə kredit veriblər. Qeyd edək ki, kommersiya şərtləri ilə ipoteka kreditləri yalnız Azərbaycan vətəndaşlarına və 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8 faizdən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun da maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4 faizdir. MB-də ilkin ödənişin azaldılması məsələsinə baxıldığı barədə məlumat səsləndirilib. Eyni zamanda, ipoteka üçün verilən maksimum məbləğin 50 min manatdan 100 min manata qədər artırılması, faiz dərəcələrinin ümumi ipotekada 8-dən 6-ya, sosial ipotekada isə 4 faizdən 2,5 faizə qədər azaldılması da gözlənilir.

Natiq Cəfərli: "Nə qədər  aşağı faizlə kredit təklif etsələr, bazarda bir o qədər canlanma olacaq"

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bu gün ipoteka proqramı az qala çıxılmaz durum qarşısındadır. Çünki ipoteka kreditlərinin olmasında maraqlı qurumlar var: "O cümlədən, hökumət də bu sahədə maraqlıdır. Buna görə də bu il əlavə ipoteka kreditlərinə 200 milyon manat əlavə vəsait ayrılıb. Təəssüf ki, bunun mexanizmi hələ işlənib hazırlanmayıb. Bir tərəfdən maraqlıdırlar ki, ipoteka kreditləri artsın və bu da tikintidə müəyyən canlanma yaratsın. Çünki tikinti sektorunda vəziyyət  çox bərbaddır. Tikintilər dayanır. Ümumiyyətlə iş yerləri qapanır. Rəsmi rəqəmlərə görə tikinti sektorunda 25 min işsiz yaranıb. Halbuki o sektorda qeyri rəsmi çalışanların sayı rəsmi çalışanların sayından dəfələrlə çox idi. Bu işsizliyi artıracaq faktorlardan biridir. Ancaq digər tərəfdən ölkədə əhalinin gəlirləri azalıb. İş yerləri itirilir, gəlirlər azalır. İpoteka götürüb sonradan qaytara bilməmə ehtimalı xeyli dərəcədə yüksəlir. Ona görə də çıxılmaz bir durum yaranıb. Bir tərəfdən istək var ki, ipotekanın həcmi artsın, digər tərəfdən də risk menecmentində gözlənti var ki, sonradan geri dönüşündə problem yaranacaq".

N.Cəfərli deyir ki, burdan çıxış yolu sosial ipotekanın artırılmasıdır. Yəni sosial ipoteka ala bilən insanların dairəsinin genişləndirilməsidir: "Bildiyimiz kimi sosial ipoteka 4 faizdir və ipoteka üçün çox sərfəlidir. Çünki 4 faizlə bu gün işi olan və pul qazanan insanların bir qismi bu faiz çərçivəsində ipoteka götürməkdə maraqlı olarlar. Bu da bazarı canlandırar. Yox, əgər köhnə qaydada kommersiya bankları vasitəsi ilə kommersiya ipotekası şərtləri ilə yəni 8 faizdən başlayaraq 16 faizə qədər ipoteka kreditləri verilməyə çalışacaqsa, bu ciddi effekt verməyəcək. Banklar da ipoteka şərtlərini sərtləşdiriblər. O mənada ki, daha ciddi risk menecmentini həyata keçirərək gələcəkdə geri dönüşü problemli olan kreditlərin qarşısını almaq istəyirlər. İpoteka idarəetməsində iştirak edən banklar daha ağır şərtlərlə kredit verməyi düşünəcəklər. Yəni kredit götürən şəxsin dayanıqlı ödəyici olma ehtimalını daha kəskin və dərin yoxlayacaqlar. Bu da bir çox insanların ipoteka ala bilməməsinə səbəb olacaq".

Ekspertin fikrincə, çox maraqlı durum yaranıb. Bir tərəfdən ipoteka artmalıdır ki, bazar canlansın: "Çünki tikinti sektoru canlandıqda, onun ardınca tikinti materiallarının istehsalını, ixracını, gətirilməsini, daşınmasını və bir çox sahələri öz arxasınca apara bilir. Digər tərəfdən, insanların gəlirlərinin azalması gələcəkdə problemli kreditlərin həcminin artması ilə nəticələnə bilər. Yəni burda çıxış yolu təbii ki, hökumət tərəfdən atılacaq addımlardan asılı olacaq. Nə qədər  aşağı faizlə, sosial ipoteka şərtləri ilə kredit təklif etsələr, bazarda bir o qədər canlanmaya səbəb ola bilər".   

İpoteka kreditləşməsində Türkiyə təcrübəsi nəzərdən keçirilir

"Azərbaycan Mərkəzi Bankı (AMB) ipoteka kreditləşməsində Türkiyə təcrübəsini nəzərdən keçirir". Baş bankir Elman Rüstəmov deyib ki, Türkiyədə dövlət tərəfindən dövlət şirkətinə torpaq və zəruri infrastruktur verilir: "Bu şirkət binanı özü tikir, sonra isə mənzilləri ilkin ödənişsiz və faizsiz 20-25 il müddətinə ipotekaya verir. Bu variant müxtəlif sahələrdən daha çox insanın cəlb edilməsinə və onların tikinti və tikinti materiallarının istehsalında işlə təmin edilməsinə imkan verir".
Hazırda müzakirə edilən ipoteka kreditləşməsində dəyişikliklərə gəlincə, E.Rüstəmov qeyd edib ki, onların tətbiqi ay ərzində gözlənilir: "Dəyişikliklər o cümlədən ilkin ödəniş və zəmanət siyasətini də əhatə edəcək".

Rəşad Əliyev: "Əgər pul varsa, elə ipotekanı minimal faizlərlə insanlara versinlər"

Ekspert Rəşad Əliyev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, şərtlər hələ ki, qeyri-müəyyəndir: "Bildirilir ki, Türkiyə nümunəsi öyrənilir. Yəqin ki, həmin təcrübədə nəsə onları maraqlandırıb. Ancaq Azərbaycanda bunun tətbiqi olduqca çətin olacaq. Digər tərəfdən, şərtlərdə yeni bir fikir eşitmədim. Hazırda uzun müddətdir ki, bu ipoteka kreditləşməsi ilə bağlı dövlət rəsmilərindən ancaq standart bölgülər eşidirik. Ancaq ortalıqda hələ heç nə yoxdur".

Ekspertin sözlərinə görə, Türkiyə inkişaf etmiş nadir ölkələrdəndir ki, orada dövlət şirkətləri tikinti sektorunda uğurla işləyir: "Çünki ancaq orada özünü doğrulda bilib. Həmin sistem illərdir uğurla işləyir. O model bizim şəraitə ümumiyyətlə yaramır və nümunə ola biləcək ən sonuncu modeldir. Çünki buna oxşar sistem bizdə olub, məsələn sovet dövründə, torpaq da dövlətdən, tikinti şirkəti də dövlətdən. Sadəcə olaraq, evlər pulsuz verilirdi. Sovet dağılan kimi, hamısının sonunu gördünüz. Ancaq dövlət sifarişi ilə işləyənin sonu yaxşı olmur. Həm də bunun üçün yeni müəssisələr formalaşdırılmalıdır ki, bunun da nə qədər xərci var. Həmin müəssisələr səmərəsiz işləyəcəklər. Ona görə də ucuz tikintini yaddan çıxarın. Əgər özəl sektor bununla bacara bilirsə, dövlətin bu sahədə nə işi var? Burada aldadıcı məqam var. Məsələn, evi dövlət şirkəti tikir və ilkin ödənişsiz, faizsiz ipotekaya verir. Deməli, pulun mənbəyi olmalıdır. Əgər pul varsa, elə ipotekanı minimal faizlərlə insanlara versinlər. İpoteka üzrə adi kreditlərdə faizlər 8 faiz, ilkin ödəniş 20 faizdir. Əgər illərlə bu şərtləri yüngülləşdirməkdə çətinlik varsa, onda ilkin ödənişsiz faizsiz krediti necə verəcəklər?".

İpoteka məbləğlərinin artırılmasına zərurət yaranıb

Maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib ki, manatın devalvasiyası və bir sıra başqa amillər də nəzərə alınmaqla ipoteka kreditləri üzrə məbləğlərin artırılmasına zərurət yaranıb: "İpoteka kreditlərinin verilməsi üzrə məbləğlərə dəyişiklik ediləcək. Bu məsələ artıq İpoteka Fondunun ixtiyarına verilir. Hazırkı məbləğlər indiki reallıqları əks etdirmir və şübhəsiz ki, məbləğlərin artırılmasına zərurət yaranıb".

S.Şərifovun sözlərinə görə, əvvəllər İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi. Fondun faizləri də ölkə prezidentinin qərarları ilə müəyyən edilirdi: "Sonradan bu məsələyə yenidən baxıldı, ölkə prezidenti haqlı olaraq bildirdi ki, faizləri prezident yox, bazar müəyyən etməlidir. Bu səbəbdən səlahiyyətlərin fonda ötürülməsi zərurəti yaranmışdı və məhz buna görə prezident tərəfindən müvafiq sərəncam imzalandı ki, İpoteka Fondunun fəaliyyəti yenidən qurulsun. Nazirlər Kabinetinə tapşırıq verilib. Artıq bütün sənədlər hazırdı. İpoteka Fondu səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Onun öz müşahidə şurası olacaq. Şuraya təkcə Mərkəzi Bank deyil, bir sıra dövlət qurumlarının təmsilçiləri də daxil olacaq. Müşahidə şurasına səlahiyyət veriləcək ki, faiz dərəcələrini bazar şəraitinə uyğun olaraq çevik şəkildə tənzimləsin". 

OXŞAR XƏBƏRLƏR