Bələdiyyələrin səlahiyyəti artırılmalıdır ki, onlar gəlirli layihələri reallaşdırmağa nail olsunlar- ekspert

"Bölgələrdə yerli icra hakimiyyəti orqanlarına məxsus səlahiyyətlərin bir qismi bələdiyyələrə transfer olunmalıdır”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda bələdiyyələrin mütləq əksəriyyətinin hələ də gəlir gətirən layihələr həyata keçirməkdə aciz olmalarına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
Həmsöhbətimizin fikrincə, indiki zamanda bələdiyyələrlə bağlı məhz səlahiyyətlərin genişləndirilməsi istiqamətində addımların atılması daha vacibdir:
"Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətin artırılmasına ehtiyac vardır. Həm subsidiyalar, həm də subvensiyalar bələdiyyələrə büdcədən verilən yardımlardır. Əalində bələdiyyələrin büdcədən yardım, maliyyə alması tendensiyası davam etməlidir. Çünki etiraf edək ki, bələdiyyələrin maliyyə imkanları elə də böyük deyil. Eyni zamanda, bələdiyyələrin özlərinin də gəlir əldə etmək imkanları olmalıdır. Əslində, bələdiyyələrin daha çox gəlir əldə etmələrinə nail olmaq üçün özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarıyıq. Məhz bu istiqamətdə fəaliyyət çox vacibdir. Nəticə etibarı ilə bələdiyyələr daha çox səlahiyyətə malik olmalıdır ki, daha çox gəlir əldə etmək imkanı da qazansınlar. Bu kontekstdən yanaşdıqda, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi nəticə etibarı ilə onların daha çox gəlir götürmələrinə gətirib çıxaracaq. Digər tərəfdən, bələdiyyələrin imkanlarının genişləndirilməsi çox vacibdir. Bu gün əsas problemlərdən biri də odur ki, bələdiyyələrin potensialı böyük deyil, zəif olaraq qalmaqdadır. Düzdür, bunu heç də bütün bələdiyyələrə aid etməyə bilərik. Amma təəssüf ki, əksər bələdiyyələrdə onların potensialının zəif olduğunu müşahidə edirik. Bələdiyyə resursu olaraq xüsusən də yalnız paytaxtda deyil, eyni zamanda regionlarda da daha potensiala malik olanları bələdiyyəyə cəlb etməliyik. Çox vacib amildir ki, daha potensilı olanlar bələdiyyələrdə iştirak etsin və onlar da nəticə etibarı ilə həmin qurumların maliyyə imkanlarının genişləndirilməsinə nail ola bilsinlər. Ona görə də məsələnin həllinə nail olmaq üçün sözügedən qurumun səlahiyyətlərinin genişləndirilməsi, ona yeni səlahiyyətlərin verilməsinə, həm də bələdiyyələrin potensial və bacarıqlarından maksimum yararlanmağa nail olmalıyıq ki, onların mərhələli şəkildə büdcədən asılılığının aradan qaldırmadığını müşahidə edə bilək. Düşünürəm ki, yerli icra hakimiyyəti orqanları səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə verilməlidir. Bu daha məqsədəuyğun olardı. Çünki digər ölkələrin təcrübəsi də göstərir ki, bələdiyyələrin olduğu dövlətlərdə yerli icra hakimiyyəti orqanları səlahiyyətlərini mərhələli şəkildə bələdiyyələrə təhvil verir. Ona görə düşünürəm ki, bölgələrdə yerli icra hakimiyyəti orqanlarına məxsus olan səlahiyyətlərin bir qisminin bələdiyyələrə transfer olunması daha məqsədəuyğundur”.
Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə institutunun formalaşmasının 20 ili tamam olur. Özünüidarə orqanları funksiyasını daşıyan bələdiyyələrin inkişafı istiqamətində bu günə qədər bir sıra işlər görülüb. Bu müstəvidə müəyyən mənada onlara yeni-yeni səlahiyyətlər də verilib. Ancaq buna baxmayaraq ölkədə mövcud olan 1600-ə qədər bələdiyyənin mütləq əksəriyyəti hələ də, gəlir gətirən lahiyələr həyata keçirə bilmirlər. Bu müstəvidə də dövlət büdcəsindən gələn dotasiyadan asılı qalmaqda davam edirlər.
ELÇİN