İslahatlar daha bir neçə qurumu da öz ağuşuna ala bilər...

İslahatlar daha bir neçə qurumu da öz ağuşuna ala bilər...
"Diasporla İş üzrə, Ailə, Qadın, Uşaq komitələri ləğv edilməli və başqa qurumlara birləşdirilməlidir”
 
Sfera.az-a açıqlamasında bu sözləri son günlər baş verən struktur islahatları ilə bağlı olaraq daha hansı nazirlik, komitə və idarələrin ləğv edilməsi vacibliyilə bağlı məsələyə toxunarkən iqtisadçı ekspert İlqar Hüseynli deyib: 
 
"Həm vətəndaş cəmiyyətinin nümayəndəsi, həm də ekspert olaraq uzun illərdir ki, Azərbaycanda kifayət qədər yersiz, bir-birini tamamlayan nazirlik, idarə və komitələrin fəaliyyət göstərdiyini və  onların  ya birləşdirilməli, ya da ümumiyyətlə ləğv olunmalı olduğunu diqqətə çatdırırdıq. Yəni struktur islahatlarının keçirilməsini məqbul hesab etmişik. Hesab edirəm ki, islahatların davamı olaraq daha bir neçə nazirlik və yaxud komitə ləğv olunmalıdır. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsi ləğv olunmalı və  onu yalnız Xarici İşlər Nazirliyi yanında struktur şəklində saxlamaq lazımdır. Yəni bu komitə Xarici işlər Nazirliyinin tərkibində fəaliyyət göstərsə daha effekli olar. Hesab edirəm ki, dövlət büdcəsindən kifayət qədər vəsaitin  məhz Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılmasına zərurət yoxdur. Əksər ölkələrdə Xarici İşlər Nazirliyinin səfirlikləri, konsulluqlar fəaliyyət göstərir. Həmin strukturlar kifayət qədər mobil şəkildə xaricdə yaşayan soydaşlarımızla işləri qura, həm də dünya çapında Azərbaycanı müdafiə edib, onun mövqelərinin müdafiəçisinə çevrilə bilərlər. Bu mənada da sözügedən komitənin olması artıq məsrəfdir. Başqa bir tərəfdən, Ailə, Qadın, Uşaq Komitəsinin də olmasına lüzum yoxdur. Onun fəaliyyəti demək olar ki, heç bir müstəvidə Azərbaycan cəmiyyətinə töhvə verməyib. Həmin komitə milli-mənəvi, ailə dəyərlərimizin, uşaq hüquqlarının təbliğatında ictimaiyyətlə ciddi şəkildə işləyə bilməyib. Ona görə də  artıq onun da qalmasına lüzum görmürəm. Əvəzində, həmin məsələ ilə bağlı Milli Məclisdə komitə yaratmaqla məsələni həll etmək olar. Həmçinin Mədəniyyət Nazirliyində də bir sıra struktur islahatları aparılmalıdır. Bu nazirliyin tərkibindən çıxarılaraq yeni yaradılan Turizm Agentliyini də Xarici İşlər Nazirliyinin tərkibinə struktur şəklində qatmaq olar.Artıq kitabxanalar, bəzi mədəniyyət obyektlərinin ləğvilə bağı məsələlər gündənə gəlib. 
 Nazirliklərin sayı çox olduqca dövlət büdcəsindəki vəsaitlər də lazımsız yerə artıq xərclənir. Bu isə öz növbəsində qeyri-mütənasibliyə gətirib çıxarır, büdcə xərcləri səmərəsiz yerə sərf olunur”. 
 
Qeyd edək ki, son günlər Azərbayfan Prezidentinin verdiyi bir sıra qərarlarla bəzi dövlət qurumlarında struktur islahatlarına yenidən start verilib.  Bu əsasda cəmiyyətdə uzun müddətdir müzakirə olunan bəzi nazirlik və qurumların da ləğvi məsələsi yenidən ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, bir sıra nazirlik və idarələr sanki bir-birilərini təkrarlayır. Bəziləri hətta lüzumsuz, lazımsız quruma çevrilməklə sadəcə olaraq dövlət büdcəsinə əlavə yük olaraq qalmaqdadırlar. Müasir dünyanın çağırışları da başlanan bu prosesin davam etməsini zəruri edir.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR