“Ələm” nədir?

“Ələm” nədir?

İlahiyyat Elmləri doktoru İlqar İsmayılzadə Məhərrəmlik ayının başlaması ilə əlaqədar "Ələm" barədə məqalə yazıb. Sfera.az həmin məqaləni təqdim edir: 

Adətən Məhərrəmlik ayında mənə ünvanlanan suallardan biri də müxtəlif məscidlərdə müşahidə edilən və ya əzadarlıq mərasimlərində istifadə olunan "ələm"lə bağlıdır. Soruşurlar ki, məscidlərimizdə mehrab və minbərin yaxınlığında sancılan və eləcə də əzadarlıq mərasimlərində istifadə edilən "ələm" hansı anlamdadır? "Ələm" dini bir atributdurmu? Əvvəla, "ələm" ifadəsi lüğətdə bayraq mənasında işlənir. Onun mahiyyətinə gəlincə isə bu qədər deyim ki, "ələm" İslam dini tərəfindən bizə göstəriş verilmiş hər hansı bir məsələ sayılmır. "Ələm" əslində Səfəvilər hakimiyyəti və Şah İsmayıl Xətai dövlətinin iqtidar simvolu sayılır. Bəziləri həmin simvolun Kərbəlada bütün varlığını qurban vermiş və xüsusilə də mühasirədə olan qadın və uşaqlara su gətirmək üçün qolları kəsilmiş Abbas ibn Əlinin (Əbülfəzlin) kəsilmiş qoluna bir işarə olduğunu söyləyirlər. Bəziləri bunun İslamda müqəddəs sayılan beş nəfərə (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseynə - Allahın salamı onların üzərinə olsun!) işarə olduğunu bildirirlər. Bziləri isə bunun Səfəvilər tərəfindən "Üsulidin" (İslam dininin təməl prinsipləri kimi təqdim edilən 5 mövzuya: Tövhid, Ədl, Nübuvvət, İmamət və Məada) bir işarə olduğu qənaətindədirlər. Hətta, Qum şəhərində olduğum zaman bəzi ənənəvi alimlərdən "ələm"in necə peyda olduğuna diqqət etmədən onu Kərbəla hadisəsinin rəmzi kimi sayanları da gördüm. Halbuki Kərbəla hadisəsi üçün İmam Hüseynin (ə) özü, eləcə də "Yaxşılığa dəvət", "Pislikdən çəkindirmə" və s. bu kimi rəmzlər mövcud olduğu bir halda hər hansı bir rəmzin yaradılmasına və dəstəklənməsinə heç bir ehtiyac görülmür. İnkar edilməz məsələ budur ki, Sovetlər dönəmində bir çox savadlı alimlərimiz qətlə yetirildiyi, sürgün olunduğu və ya canını götürüb xarici ölkələrə mühacirət etdiyi üçün xalq arasında "ələm" kimi məsələlərə daha geniş yer verildi. İş o yerə gəlib çatdı ki, bir çox insanlar "ələm"ə Allah qədər sitayiş edib onun qoyulduğu məscidlərə daxil olmaqdan qorxdular. Bəziləri isə maddi mənfəət və ya nadanlıq ucbatından "ələm"in "cuşa gəldiyi", uçması və xariqələr yaratdığını iddia etdilər.

Hər halda "ələm" İslam dininin göstərişlərindən sayılmır. Çünki Qurandan əlavə, Peyğəmbər (s), Onun Əhli-beyti (ə) və nəcabətli səhabələrinin davranışında bununla bağlı hər hansı bir tövsiyə mövcud deyil. "Ələm" əslində Səfəvilər hakimiyyətinin iqtidar simvolu sayılır. Onun uçması və ya hər hansı bir möcüzə etməsi isə absurd iddiadır.

 

Bu fotolar İranın Ərdəbil şəhərində yerləşən Şeyx Səfi türbəsində Şah İsmayıl Xətainin məzarı yaxınlığında divara həkk olunmuş "əl" şəklidir. Deyilənə görə, bu onun vəfatından sonra Səvəfilər hakimiyyətinin simvolu olaraq həmin divara həkk olunmuşdur.

Yeri gəlmişkən bunu da qeyd edim ki, mən bu yazı ilə hər hansı bir xurafatı aradan qaldırmaq niyyətində deyiləm. Çünki özümü dinin sahibi sanmıram. Ölkədə və dini cameədə xurafat və bidətləri aradan qaldırmaq üçün aidiyyatı olan rəsmi qurumlar və orqanlar fəaliyyət göstərir. Sadəcə bir ilahiyyatçı olaraq dəfələrlə mənə ünvanlanan bir sual barədə öz mövqeimi və araşdırmalarımın nəticəsini təqdim etmək istədim.


OXŞAR XƏBƏRLƏR