Dərman bazarının yeni azarı: aptek-firma işbirliyi - ARAŞDIRMA

Dərman bazarının yeni azarı: aptek-firma işbirliyi - ARAŞDIRMA

Yaxın gələcəkdə reseptlərin yazılma qaydalarının dəyişdirilməsi planlaşdırılır. Dəyişiklik həkimlər tərəfindən dərmanın ticari adının deyil, beynəlxalq patentləşdirilməmiş adının, yəni təsiredici maddənin adının yazılmasını nəzərdə tutur.

 

Lakin bu, cəmiyyətdə birmənalı qarşılanmır. Bir vaxtlar dərman firmaları ilə həkim işbirliyindən yaranan narahatlıq indi firma-aptek münasibətlərində özünü göstərə bilər. Belə ki, satışda eyni tərkibə malik dərmanların heç də hamısı eyni qiymətdə olmur. Əczaçının isə bu məqamda kommersiya maraqlarından çıxış edib alıcıya ən bahalı dərmanı verməsi ehtimalı güclüdür. Belədə, dərman bazarından xəbərsiz olan alıcı asanlıqla tora düşə bilər.

 

Məsələn, həkim epilepsiya, psixi pozuntuları olan xəstəyə “Ezepin” əvəzinə onun təsiredici maddəsi olan “Carbamazepine” yazmalı olacaq. Hansı ki, bu təsiredici maddə ilə ölkəyə 10-dan çox ticari adda dərman idxal olunur. Lakin eyni tərkib və dozada olan bu dərmanların qiymətləri arasında fərq var. Məsələn, bu tərkibdə  Rusiya istehsalı olan “Carbamazepine” adlı dərmanın 200 mq-ı 2 manatdırsa, eyni ölçüdə Böyük Britaniya istehsalı olan “Tegretol”  9,95 manatdır. Bu halda xəstənin hansı dərmanı alması aptek işçisinin dərmanı gətirən hansı firma ilə əməkdaşlığından asılı ola bilər.  Bu isə o deməkdir ki, alıcı üçün dəyişən heç nə yoxdur: əvvəl həkim aldadırdısa, indi aptek işçisi aldada bilər.

 

Tibbi ekspert Adil Qeybulla hesab edir ki, reseptdə təsiredici maddənin yazılmasında yeganə müsbət məqam xəstənin aptekdən əliboş çıxmayacağıdır: “Lakin qərar bir sıra xoşagəlməz tendensiyalara səbəb olacaq. Artıq apteklər hansı dərman firmasının məhsullarının daha çox satılmasında maraqlı olacaq. Bir neqativin qarşısını almaq üçün qəbul edilən qərar başqa bir neqativ üçün fon yaratmış olur. Bu gün dərman bazarında sadəcə adı fərqli olan çoxlu preparatlar var. Lakin onların əksəriyyətinin tərkibindəki dərman maddəsi tam dozada deyil, yaxud da içərisindəki dərman əlavələri daha zərərlidir.

 

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, dərman bazarı ilə bağlı inzibati qərarların hamısı qüsurlu olur. Bu sahədə problemlər azad rəqabət, ümumi qərarlarla tənzimlənməlidir. Belə inzibati qərarlar sonda yaxşı nəticə vermir. Bu qərarın tətbiqindən sonra həkimin yazdığı resept bir tərəfə qalacaq, müalicə aptek işçisinin məsləhət bildiyi dərmanlarla aparılacaq.

 

Dərman bazarının qaydaya salınmasına ehtiyac var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrinə daxil olmayan dərmanlar Azərbaycana idxal edilməməlidir. Dövriyyəsinə icazə verilən dərmanlar barədə əhali tam məlumatlı olmalıdır. Məsələnin həlli yolu bundan ibarətdir”.

 

Ekspert Publika.az-a deyir ki, yeni qərardan sonra həkimlər dərman bazarına hər hansı tərkibdə nə qədər dərmanın gətirilməsindən xəbərsiz olacaqlar: “Bu gün ölkəyə eyni tərkibli 10-15 adda dərmanlar idxal edilir, dünyada bu say daha çoxdur. Həkimlər tərkibi bilməklə yanaşı, dərmanın adından da xəbərdar olmalıdırlar. Çünki dərmanlarla məhz onlar işləyir. Bu, müvəqqəti tədbir olacaqsa, müəyyən qədər anlamaq olar. Lakin bu qərarın yaradacağı problemləri nəzərə alsaq, perspektivli hesab edilə bilməz”.

 

Uroloq Mahir Şirinov deyir ki, reseptlərdə ancaq dərmanların tərkibinin yazılması yalnız  apteklər üçün sərfəlidir.

 

Onun sözlərinə görə, dərmanların qiyməti tənzimlənəndən sonra firmaların əksəriyyəti bağlanmışdı. İndi az da olsa, qalan dərman firmaları apteklərlə işləməyə başlayacaqlar. Əlbəttə, firma həmin aptek işçisinə bu “xeyirxahlığın” qarşılığını ödəməlidir: “Hələ qərar qəbul edilməsə də, artıq apteklər firmalarla işbirliyinə başlayıblar. Bəzi apteklərdə işçilər firma əməkdaşlarına xəstəyə məhz onların dərmanlarını vermələri müqabilində müəyyən təkliflər edirlər. Bizdə olan məlumata görə, artıq aptek işçiləri firma əməkdaşlarına “yoldaşımla məni bu il hara istirahətə göndərəcəksiniz, xəstələrə sizin dərmanları verim” kimi təkliflər edirlər. Bir vaxtlar həkimlərin firmalarla iş birliyi problemə çevrilmişdi. Ancaq bu işbirliyi apteklə firmanın işbiriliyindən daha yaxşı idi. Çünki heç bir həkim xəstəsinin zərər görməsini istəməz. Ona görə də keyfiyyətsiz dərman firması ilə iş qurmurdu. Axı xəstənin sağalması həm də həkimin uğurudur. Aptek işçisini isə xəstənin sağalmasından daha çox əldə edəcəyi gəlir maraqlandırır”.

 

Həkim bildirir ki, eyni tərkibli dərmanların heç də hamısı keyfiyyətli olmur: “Biz dərman yazanda keyfiyyətli olmasına diqqət edirdik. Lakin indi aptek işçiləri ən keyfiyyətsizini verəcəklər. Bununla da müalicənin keyfiyyəti də aşağı enəcək. Bu qərar təsdiq edilsə, bir ildən sonra xəstələr pis vəziyyətə düşəcək. Apteklər normal işləsə, yeni qərar müəyyən qədər normal hesab edilə bilər. Lakin biz aptek işçilərindən normal iş gözləmirik”.

 

Həkimin sözlərinə görə, bu gün aptekdə işləyənlərin çoxu tələbələrdir, onlar da dərmanın tərkibindən xəbərsizdirlər: “Buna görə də xəstə dərman seçmək üçün hər dəfə həkimə zəng etməli olacaq. Bu zaman da həkimin bütün günü işi telefonlara cavab vermək olacaq. Mən uroloqam, yazdığım bəzi dərmanların tərkibində 20-dən çox element olur. Demək, bu elementlərin hamısını reseptdə yazmalıyam ki, aptek işçisi hansı dərman lazım olduğunu xəstəyə verə bilsin”.

 

Terapevt Vüsal Yusifov isə bu qərarın firma-həkim münasibətlərini müəyyən qədər qaydaya qoyacağını düşünür: “Dərmanın molekul tərkibini yazmaq həkim üçün rahat olsa da, xəstələr üçün problem yaradacaq. Çünki eyni tərkibdə dərman müxtəlif qiymətə olur. İnsan psixologiyası belədir ki, ən ucuzunu almaq istəyir. Bu da keyfiyyətdə öz əksini tapmış olacaq. Ölkəyə Hindistan, Çin, Rusiya kimi ölkələrdən ucuz dərmanlar gəlir ki, onların effektivliyi də Avropa, Türkiyə və ABŞ-dan az olur. Dövlət nəzarəti güclü olmalıdır ki, ölkəyə ancaq keyfiyyətli dərmanlar daxil olsun. Yalnız bu halda molekul şəklində yazılma problem yaratmaz. Digər tərəfdən, aptek işçiləri ilə firma əməkdaşları arasında əlaqələr yaranacaq. Aptek işçisi özünə sərfəli olan dərmanı alıcıya təklif edəcək”.

 

Onun sözlərinə görə, qərarın tətbiqindən sonra həkimlər dərman bazarından məlumatsız olacaq: “Düzdür, yeni dərman  preparatı reklam olunacaq və həkimlər məlumatlanacaq. Lakin köhnə dərmanın yeni modifikasiyası barədə həkimlərdə məlumatsızlıq yarada bilər. Şəhərdə işləyən həkimlərin texnologiyaya əlçatanlığı nəzərə alınsa, onlar özləri internetdə araşdırma aparıb məlumatlana bilərlər. Lakin regionlarda yaşayan həkimlər üçün problemlər olacaq”.

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov əczaçıların ən baha dərmanı təklif edəcəyini istisna etməsə də, bununla bağlı nazirlik tərəfindən tədbirlərin görüləcəyini bildirib.

 

Həmçinin o, eyni tərkibdəki dərmanların keyfiyyətində fərq olmadığını deyib.


OXŞAR XƏBƏRLƏR