Büdcə ali məktəblərdən xilas olur: AMEA bir QHT kimi qalıb...

Büdcə ali məktəblərdən xilas olur: AMEA bir QHT kimi qalıb...
Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla BDU və İqtisad Universiteti publik hüquqi şəxsə çevrilib. Bundan öncə isə Mühəndislər Universiteti və ADU (Azərbaycan Dillər Universiteti) publik hüquqi şəxsə çevrilmişdi.

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
 
 
Ekspertin fikrincə, publik hüquqi şəxsin mövcud olması zəruri idi:
"Çünki dövlətin varlığı başlı başına bu konseptin yaranmasını tələb edir. Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək ya da ictimai birlik deyil. Dövlətin məqsədi pul qazanmaq deyil, onun kompleks hədəfləri və resursları var, zor tətbiq etmə səlahiyyətinə sahibdir. Bu səbəblə o xüsusi (sivil) hüquqa tabe yox, publik hüquqa tabe bir hüquqi şəxsdir. Digər tərəfdən dövlət aparatı daxilində əsas hakimiyyət qollarından biri olan İcra Hakimiyyəti qolunda da iyerarxiya münasibəti var, yəni tabeçilik, bu da dövlət aparatının ilişmədən və problemsiz işləməsinə yönəlir. Lakin bəzi hallarda elə bir icra strukturu yaradılmalı olur ki, bunlar  texniki, siyasi və hüquqi səbəblərə görə mərkəzi icra hakimiyyətinin iyerarxiyasına daxil olmamalıdır. Başqa bir sözlə, Prezident (Nazirliyə) tabe olmamalıdır. Siyasi səbəblərə misal versək, Mərkəzi Seçki Komissiyası müstəqil olmalıdır, bu səbəblə o müstəqil publik hüquq şəxsi sayılmalıdır. Halbuki sayılmır. Başqa bir misal bələdiyyədir. Bələdiyyə şirkət, QHT deyil, onun məqsədi pul qazanmaq deyil. O bir publik hüquq şəxsidir. Başqa bir misal MTRŞ, o da müstəqil olmalıdır, publik hüquq şəxsi olmalıdır. Başqası da Mərkəz Bankı, Publik hüquq şəxsinin həqiqi müstəqilliyini təmin etmək üçün, o fərmanla qurulmamalıdır, o ayrıca qanunla qurulmalıdır. Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqilliyinə son qoymaq mümkündür. Yəni fərmanla qurulan publik hüquq şəxsinin müstəqilliyi həqiqi ola bilməz".

Ekspert qeyd edib ki, bundan sonra ali təhsil müəssisələrimizin idarə olunma prosesi ciddi şəkildə dəyişəcək:
"Xüsusi ilə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Belə idarə olunma da model kimi dünyada qəbul edilmir. Çünki diktə edən idarəçilik, süründürməçi  prosedur qaydaları çevik idarəçiliyə maneə olur. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir. Bundan başqa, publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaqdır. İndiki halda onlar hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaqdır. Digər tərəfdən, indi universitetin yeganə gəlir mənbəyi tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etmək üçün imkan verəcək. Hesab edirəm ki, bu Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq. Publik hüquqi şəxsə çevrilən universitetlər arasında rəqabət mühiti artacaq. Bundan sonra büdcədən maliyyə almayan universitetlər artıq maliyyə qaynaqları axtarmağa başlayacaq. Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə yoxdur. Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Ölkə prezidentinin məlum sərəncamından sonra bizim universitetlər ölkəyə xaricdən tələbə cəlb etməkdə, beynəlxalq qrant layihələrdə iştirak etməkdə maraqlı olacaqlar. Məlum sərəncama qədər bunların həyata keçirilməsi uzun proses idi. Dövlət univetsitetlərinin publik hüquqi şəxsə çevrilməsi təhsilimizə yeni imic və nəfəs gətirəcək".
 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ali Məktəblərin, Universitetlərin "publik hüquqi şəxsə” çevrilmələrinin səbəbi büdcədən maliyyələşmənin azadılmasıdır:
"Gələcəkdə bu Universitetlər büdcədən maliyyə almayacaqlar, əslində bu da tam doğru deyil, ən azından dövlət özünə lazım olan mütəxəssislərin sifarişini verməli, onların ödənişlərini etməlidir. Elmə və təhsilə dövlət maliyyəsi mütləq olmalıdır, tam kommersiya əsasında bu işi görmək effektli deyil. AMEA ilə bağlı məsələ isə bir az fərqlidir, bizdə təəssüf ki, elmlə istehsalat, elmlə iqtisadiyyat ayrı düşüb, Akademiya iqtisadiyyata öz tövhəsini verə bilmir, köhnə qaydalarla idarə olunur, səmərəliliyi və effektivliyi aşağıdır. Məncə, AMEA müstəqil qurum kimi fəaliyyət göstərməkdənsə, elmi Universitetlərə qaytarmaq daha doğru olardı. Elm Universitetlərə dönməli, iqtisadiyyatla, istehsalatla bağ qurmalı, elm özü pul qazanmağı öyrənməlidir. AMEA isə bir QHT kimi qalıb, ümumi elmi müzakirələrin mərkəzi ola bilər".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR