"150+1" - Baş redaktorlar razı və narazıdır...
22 İyul – Milli Mətbuat Günü münasibətilə Sfera.az ölkənin aparıcı media qurumlarının baş redaktorları arasında sorğu keçirib.
Sorğuda son 5-10 ildə Azərbaycan mediasında baş verən dəyişikliklər, jurnalistikanın üzləşdiyi əsas problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı fikirlər öyrənilib.
Media rəhbərlərinin əksəriyyəti hesab edir ki, son illərdə Azərbaycan mediası həm texnoloji, həm hüquqi, həm də peşəkar baxımdan ciddi inkişaf yolu keçib. Bununla yanaşı, reklam bazarının zəifliyi, dezinformasiya ilə mübarizə, müəllif jurnalistikasının zəifləməsi, peşəkar kadr çatışmazlığı və informasiya əldə etməkdə çətinliklər hələ də gündəmdə olan əsas problemlər sırasındadır.
Qabil İbrahimoğlu: "Copy-paste jurnalistikası məni jurnalist kimi təəssüfləndirir"

Bakıvaxtı.az-ın baş redaktoru Qabil İbrahimoğlu bildirib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan mətbuatı artıq 150 illik şərəfli inkişaf yolu keçib. Onun sözlərinə görə, bu müddət ərzində media həm çətin, həm də uğurlu mərhələlərdən keçərək bugünkü səviyyəsinə çatıb.
Baş redaktor hesab edir ki, son illərin ən narahatedici tendensiyalarından biri "oturaq jurnalistika" və ya copy-paste jurnalistikasının geniş yayılmasıdır.
"Son illər jurnalistlər daha çox "oturaq jurnalistika"ya üstünlük verirlər. Copy-paste jurnalistikası inkişaf edir. Bu da sözün əsl mənasında, bir jurnalist olaraq məni çox təəssüfləndirir. Jurnalist araşdırma aparmaq, müsahibə hazırlamaq, köşə yazmaq əvəzinə başqa media resursunda yayımlanan materialı köçürüb paylaşmaqla məşğul olur".
Q.İbrahimoğlu bildirib ki, bu yanaşma jurnalistikanın mahiyyətinə ziddir. Onun sözlərinə görə, peşəkar jurnalist hadisənin yerinə getməli, məlumat toplamalı, araşdırma aparmalı və cəmiyyətə yeni informasiya təqdim etməlidir.
Baş redaktor dövlətin media sahəsinə göstərdiyi dəstəyi də yüksək qiymətləndirib. O qeyd edib ki, vaxtilə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, daha sonra isə onun bazasında yaradılan Medianın İnkişafı Agentliyi Azərbaycan jurnalistikasının inkişafına mühüm töhfə verib.
"Əvvəllər əsasən qəzetlər dövlət dəstəyi alırdı. Sonrakı dövrdə isə onlayn media subyektləri də bu dəstəkdən yararlanmağa başladı. Bu, saytların ayaqda qalmasına və fəaliyyətini davam etdirməsinə ciddi kömək etdi".
Q.İbrahimoğlu hesab edir ki, hazırda Azərbaycan mediasının əsas problemlərindən biri reklam bazarının zəifliyidir.
"Etiraf etməliyik ki, reklam bazarı mətbuata tam açıq deyil. Medianın iqtisadi dayanıqlığının zəif olması onun inkişaf tempinə də təsir göstərir. Əgər reklam bazarı daha güclü olarsa, media da daha sürətlə inkişaf edər".
Onun sözlərinə görə, medianın inkişafı yalnız texnologiyaların yenilənməsi ilə məhdudlaşmamalıdır. Bunun üçün peşəkarlıq, iqtisadi dayanıqlıq və media savadlılığı da paralel şəkildə inkişaf etdirilməlidir.
"Texnologiya vacibdir. Amma media yalnız texnologiya ilə inkişaf etmir. Burada peşəkar jurnalist, güclü redaksiya, sağlam iqtisadi mühit və media savadlılığı da əsas rol oynayır. Bunlar təmin olunarsa, Azərbaycan mediası daha sürətlə inkişaf edəcək".
Səbinə Həsənova: "Müəllif jurnalistikası əvvəlki gücünü itirib"

AzVision.az-ın baş redaktoru Səbinə Həsənova bildirib ki, son on ildə Azərbaycan mediasında ən böyük dəyişiklik rəqəmsal platformaların üstün mövqe qazanması və informasiya dövriyyəsinin sürətlənməsi olub.
Onun sözlərinə görə, xəbərin hazırlanması və yayılması prosesi əvvəlki illərlə müqayisədə xeyli operativləşib, oxucuların informasiya əldə etmək imkanları genişlənib. Sosial şəbəkələrin təsiri artıb, media qurumları multimedia imkanlarından daha geniş istifadə etməyə başlayıblar.
Bununla belə, baş redaktor hesab edir ki, bu dəyişikliklər bəzi mənfi tendensiyalar da yaradıb.
"Vaxtilə qəzet və informasiya agentliklərində imzası ilə seçilən, hadisələrə öz baxışını ortaya qoyan müəlliflərin sayı daha çox idi. Bu gün isə operativlik uğrunda rəqabət müəllif yanaşmasını arxa plana keçirib".
S.Həsənovanın sözlərinə görə, analitik məqalələrin, reportajların, oçerklərin və araşdırma yazılarının sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bunun nəticəsində media daha çox xəbər ötürən platformaya çevrilir, maarifləndirici və analitik funksiyası isə zəifləyir.
Baş redaktor Azərbaycan dilinin norma və qaydalarına əməl olunmasında da geriləmə müşahidə edildiyini bildirib. Onun fikrincə, redaktor institutunun əvvəlki gücünü itirməsi dil və üslub baxımından qüsurlu materialların artmasına səbəb olub.
O, tərcümə jurnalistikasındakı problemlərə də toxunaraq qeyd edib ki, xarici mənbələrdən xəbərlərin sürətlə çevrilməsi bir çox hallarda məna və kontekst itkilərinə gətirib çıxarır.
S.Həsənova hesab edir ki, bu gün media sektorunun əsas problemlərindən biri jurnalist əməyinin yetərincə qiymətləndirilməməsidir.
"Əməkhaqları peşənin tələb etdiyi məsuliyyətə uyğun deyil. Bu isə peşəkar kadrların media sahəsindən uzaqlaşmasına və başqa istiqamətlərə yönəlməsinə səbəb olur".
Baş redaktor eyni zamanda ixtisaslaşmış jurnalistlərin sayının az olduğunu bildirib. Onun sözlərinə görə, iqtisadiyyat, enerji, beynəlxalq münasibətlər, səhiyyə və digər sahələr üzrə peşəkar jurnalistlərə ehtiyac artsa da, əksər jurnalistlər müxtəlif mövzular üzrə işləməyə məcbur qalırlar.
S.Həsənova peşəkar redaktə məktəbinin gücləndirilməsinin, jurnalistlərin davamlı təlimlərə cəlb edilməsinin, xarici dillərin öyrənilməsinin və beynəlxalq təcrübənin mənimsənilməsinin vacibliyini vurğulayıb.
O hesab edir ki, Azərbaycan mediasının gələcək inkişafı üçün müəllif jurnalistikasına, araşdırma yazılarına və keyfiyyətli analitik məzmuna daha çox önəm verilməlidir.
"Media mobillik, vizuallıq və intellektuallığı özündə birləşdirməlidir"
Globalinfo.az-ın baş redaktoru Aqşin Evrən hesab edir ki, son on ildə Azərbaycan mediası böyük transformasiya mərhələsi keçib. Onun sözlərinə görə, on il əvvəl media keçid dövrünü yaşayırdı. Həmin illərdə sosial şəbəkələr indiki qədər geniş yayılmamışdı, çap mediası isə öz mövqeyini qorumaq uğrunda mübarizə aparırdı.

Baş redaktor bildirib ki, son illərin ən mühüm müsbət dəyişikliklərindən biri rəqəmsallaşmanın sürətlənməsi, multimedia imkanlarının genişlənməsi və sosial şəbəkələrin media ilə inteqrasiyasının güclənməsidir. Bu gün oxucu xəbəri təkcə saytdan deyil, media qurumlarının sosial şəbəkə hesablarından, canlı yayımlardan və müxtəlif rəqəmsal platformalardan da operativ şəkildə izləyə bilir.
A.Evrənin sözlərinə görə, texnologiyanın inkişafı medianın imkanlarını genişləndirsə də, yeni problemlər yaradıb:
"Sosial şəbəkələrin daha əlçatan olması dezinformasiyanın yayılmasına səbəb olur. Biz bunu xüsusilə Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı gördük. Bəzən hansısa Teleqram kanalında yayılan yanlış məlumat qısa müddətdə geniş auditoriyaya çatır və cəmiyyətdə təşviş yaradırdı".
O qeyd edib ki, son illərdə həm dövlət qurumlarının operativ məlumatlandırması, həm də cəmiyyətin media savadlılığının artması nəticəsində bu problem əvvəlki illərlə müqayisədə müəyyən qədər azalıb.
Baş redaktorun fikrincə, müasir jurnalistika artıq təkcə yazılı xəbərdən ibarət deyil.
"Media artıq mobillik, vizuallıq və intellektuallıq üzərində qurulur. Müasir jurnalist bu üç amilə uyğunlaşmalıdır. Bu gün jurnalist təkcə işlədiyi media qurumunu deyil, bəzən bütöv bir ölkəni təmsil edir. Telefon vasitəsilə etdiyi bir paylaşım, çəkdiyi qısa video və ya canlı yayım saniyələr ərzində milyonlarla insana çata bilir".
A.Evrən sonda əlavə edib ki, gələcəyin mediasında texnologiyadan düzgün istifadə etməklə yanaşı, peşəkar jurnalistikanın prinsiplərini qorumaq əsas şərtlərdən biri olacaq.
Tural Museyibov: "Media Reyestri peşəkar medianın formalaşmasına ciddi töhfə verib"

Ajans.az-ın baş redaktoru Tural Museyibov son illərdə Azərbaycan mediasında baş verən dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu müddətdə media sahəsində hüquqi baza formalaşıb və peşəkar jurnalistikanın inkişafı istiqamətində mühüm addımlar atılıb.
Baş redaktor bildirib ki, əvvəllər Azərbaycan mediasına və jurnalistika peşəsinə zərbə vuran qeyri-peşəkar fəaliyyət halları getdikcə azalır:
"Artıq həmin insanlar görürlər ki, qeyri-peşəkar fəaliyyət heç bir nəticə vermir. Cəmiyyət də peşəkar jurnalistikaya üstünlük verir. Bu, çox vacib dəyişiklikdir".
T.Museyibovun fikrincə, son illərin ən mühüm yeniliklərindən biri Media Reyestrinin yaradılmasıdır.
"Media Reyestrinin yaradılması peşəkar medianın formalaşmasına ciddi təsir göstərib. Bu, həm media rəhbərlərinin, həm də jurnalistlərin məsuliyyətini artırıb. Artıq media fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs bu peşəyə daha ciddi yanaşmalı olduğunu anlayır".
Baş redaktor Medianın İnkişafı Agentliyinin fəaliyyətini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, Agentliyin həyata keçirdiyi layihələr, media islahatları və hüquqi bazanın möhkəmləndirilməsi sektorun inkişafına müsbət təsir göstərib.
Lakin T.Museyibov bildirib ki, jurnalistlərin gündəlik fəaliyyətində ən ciddi problemlərdən biri dövlət və özəl qurumların media sorğularına operativ cavab verməməsidir.
"Bəzən məlumatın dəqiq olduğunu bilirik. Amma jurnalistikanın prinsiplərinə uyğun olaraq qarşı tərəfin də mövqeyini almaq istəyirik. Təəssüf ki, bir çox hallarda sorğularımıza cavab verilmir və ya cavablar gecikir. Bu isə xəbərin operativliyini azaldır".
Onun sözlərinə görə, sonradan həmin qurumlar mövqelərinin işıqlandırılmadığı üçün irad bildirirlər. Halbuki media əvvəlcədən onların rəyini almağa çalışır.
Baş redaktor hesab edir ki, dövlət və özəl qurumların mətbuat xidmətləri jurnalist sorğularına daha həssas yanaşmalı, operativ və dolğun cavab verməlidirlər. Bu, həm medianın işini asanlaşdıracaq, həm də cəmiyyətdə yanlış məlumatların yayılmasının qarşısını alacaq.
T.Museyibov reklam bazarının vəziyyətinə də toxunub. O bildirib ki, reklam imkanlarının genişlənməsi media qurumlarının maliyyə dayanıqlığını artıracaq, nəticədə jurnalistlərin əməkhaqlarının yüksəlməsinə və peşəkar kadrların mediada saxlanılmasına şərait yaradacaq.
"Dövlət tərəfindən Medianın İnkişafı Agentliyi vasitəsilə göstərilən dəstək təqdirəlayiqdir. Bu dəstək Azərbaycan mediasının inkişafına müsbət təsir göstərən əsas amillərdən biridir. Bununla yanaşı, reklam bazarının daha da genişlənməsi medianın iqtisadi müstəqilliyini gücləndirəcək".
Baş redaktor hesab edir ki, peşəkar media yalnız hüquqi baza ilə deyil, həm də iqtisadi dayanıqlıq və operativ informasiya əldə etmək imkanları ilə inkişaf edə bilər.
Gülbəniz Hüseynli: "Jurnalistikanın gələcəyini texnologiya deyil, etibar müəyyən edəcək"

Kredit.az saytının baş redaktoru Gülbəniz Hüseynli bildirib ki, son on ildə texnologiyanın inkişaf sürəti media sahəsini kökündən dəyişdirib. Onun sözlərinə görə, əgər on il əvvəl xəbərin auditoriyaya çatdırılması üçün əsas vasitələr televiziya, qəzet, jurnal və xəbər saytları idisə, bu gün həmin zəncirə sosial media platformaları, bloqçular, influenserlər, podkastlar və süni intellekt əsaslı alətlər də qoşulub.
Baş redaktor qeyd edib ki, informasiya artıq saniyələr ərzində milyonlarla insana çatır. Lakin sürətin artması xəbərin etibarlılığı məsələsini daha da aktuallaşdırıb:
"Bu gün insanlar hər xəbərə əvvəlki kimi birmənalı inanmırlar. Oxuduqları məlumatı, izlədikləri videonu dərhal sorğulayırlar. Məhz buna görə jurnalistika son illərin ən çətin sınaqlarından biri ilə üz-üzədir".
G.Hüseynli hesab edir ki, müasir dövrdə jurnalistin əsas missiyası xəbəri ilk vermək deyil. Onun fikrincə, texnologiya bunu daha sürətli edə bilir. Əsas məsələ informasiyanı yoxlamaq, faktları təsdiqləmək, hadisələri əlaqələndirmək və cəmiyyətə düzgün kontekst təqdim etməkdir.
"Süni intellekt mətn yaza, görüntü yarada, hətta xəbəri səsləndirə bilər. Amma o, jurnalistin vicdanını, peşə məsuliyyətini və hadisələrin cəmiyyət üçün nə ifadə etdiyini əvəz edə bilməz", – deyə baş redaktor bildirib.
O vurğulayıb ki, artıq "10 illik təcrübəm var, hər şeyi bilirəm" yanaşması keçərli deyil. Jurnalist daim öyrənməli, yeni texnologiyalara uyğunlaşmalı, süni intellektdən, açıq mənbələrdən və məlumat analitikasından istifadə etməyi bacarmalıdır.
G.Hüseynli sosial şəbəkələrin hər kəsə söz demək imkanı yaratmasını müsbət qiymətləndirsə də, bunun peşəkar jurnalistikanı əvəz etmədiyini bildirib:
"Bu gün yaxasına kiçik mikrofon taxan hər kəs özünü jurnalist adlandıra bilir. Halbuki jurnalistika mikrofon deyil, məsuliyyətdir. Bloqçu hadisəni göstərə bilər, influenser onu trendə çevirə bilər. Amma hadisəni araşdıran, müxtəlif tərəflərin mövqeyini öyrənən, faktları tutuşduran və cəmiyyət üçün mənasını izah edən şəxs jurnalistdir".
Baş redaktorun sözlərinə görə, jurnalistin işi təkcə hadisəni paylaşmaq yox, problemin səbəblərini araşdırmaq, aidiyyəti qurumların mövqeyini öyrənmək və mümkün həll yollarını göstərməkdir.
Media sektorunun problemlərindən danışan G.Hüseynli ilk növbədə iqtisadi məsələləri önə çəkib. O bildirib ki, jurnalist əməyinin layiqincə qiymətləndirilməsi güclü medianın formalaşması üçün əsas şərtlərdəndir.
Bundan başqa, o, peşəkar xəbər istehsal edən media qurumları ilə sadəcə informasiya platformaları arasında fərqin daha aydın müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Reket jurnalistikanın tam aradan qalxmaması, informasiya əldə etməkdə qarşıya çıxan maneələr və bəzi mövzuların araşdırılıb ictimaiyyətə çatdırılmasının çətinləşməsi də əsas problemlər sırasında göstərilib.
G.Hüseynli medianın gələcəyi ilə bağlı nikbin olduğunu da gizlətməyib. Onun qənaətincə, qarşıdakı illərdə süni intellekt və rəqəmsal texnologiyalar medianın iş üsullarını dəyişsə də, dəyişməyəcək bir prinsip var – etibar.
"Əsas rəqabət xəbəri ilk vermək uğrunda deyil, ən etibarlı və ən izahlı məlumatı təqdim etmək uğrunda olacaq. Qalib gələcək media isə texnologiyanı deyil, etibarı idarə edə bilən media olacaq".
Ramil Mirzəyev: "Süni intellekt imkan yaradır, amma dezinformasiya riskini də artırır"

Metbuat.az-ın baş redaktoru Ramil Mirzəyev bildirib ki, son on ildə Azərbaycan mediası həm rəqəmsal, həm də institusional baxımdan ciddi inkişaf mərhələsi keçib.
Onun sözlərinə görə, informasiya istehlakı vərdişləri tamamilə dəyişib və yeni texnologiyalar media fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.
"Bu dövrdə Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi və Media Reyestrinin formalaşdırılması media sahəsinin daha sistemli inkişafına təkan verən mühüm addımlar olub".
Baş redaktor bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələr peşəkarlığın yüksəldilməsinə, media subyektlərinin inkişafına və jurnalistlərin yeni bacarıqlar əldə etməsinə mühüm dəstək verib.
"Biz də Metbuat.az olaraq Agentliyin həyata keçirdiyi layihələrin iştirakçısı olmuşuq və bu dəyişikliklərin müsbət nəticələrini öz fəaliyyətimizdə hiss etmişik".
R.Mirzəyev hesab edir ki, bu gün medianın qarşısında duran əsas çağırışlardan biri sürətlə dəyişən texnologiyalara uyğunlaşmaqdır.
Onun sözlərinə görə, süni intellekt, rəqəmsal platformalar və yeni texnologiyalar jurnalistlər üçün geniş imkanlar açsa da, eyni zamanda dezinformasiyanın yayılması riskini də artırır.
"Texnologiya medianın imkanlarını genişləndirir. Lakin peşəkar jurnalistikanın prinsipləri hər zaman qorunmalıdır. Əks halda sürətli informasiya dövriyyəsi yanlış məlumatların da eyni sürətlə yayılmasına səbəb ola bilər".
Baş redaktor bildirib ki, media qurumlarının iqtisadi dayanıqlığının gücləndirilməsi də vacib məsələlərdən biridir.
Onun fikrincə, gələcəkdə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, jurnalistlərin rəqəmsal bacarıqlarının artırılması, media savadlılığının inkişaf etdirilməsi və Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrin davam etdirilməsi Azərbaycan mediasının daha da güclənməsinə xidmət edəcək.
"Güclü media yalnız operativ xəbər yayan media deyil. Güclü media cəmiyyət üçün etibarlı, peşəkar və müasir çağırışlara çevik uyğunlaşa bilən mediadır".
Əli Vəliyev: "Son beş ildə media sahəsində köklü dəyişikliklər baş verib"

Manşet.az-ın baş redaktoru Əli Vəliyev hesab edir ki, son 5-10 ildə Azərbaycan mediasında, xüsusilə də son beş ildə çox ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, həyata keçirilən islahatlar həm media qurumlarının fəaliyyətinə, həm də jurnalistikanın peşəkarlaşmasına müsbət təsir göstərib.
Baş redaktor bildirib ki, son illərin ən mühüm hadisələrindən biri Medianın İnkişafı Agentliyinin yaradılması olub. Onun fikrincə, Agentliyin fəaliyyəti onlayn medianın inkişafına yeni nəfəs verib və media subyektləri arasında peşəkar münasibətlərin formalaşmasına şərait yaradıb.
"Media İnkişafı Agentliyinin yaradılması ilə Azərbaycanda istinad mədəniyyəti formalaşmağa başladı. Bu, onlayn medianın canlanmasına və inkişafına ciddi təkan verdi. İnkişaf üçün ilk növbədə sağlam münasibətlər formalaşmalıdır. Mən hesab edirəm ki, Agentliyin fəaliyyəti bu baxımdan yüksək qiymətləndirilməlidir".
Ə.Vəliyev bildirib ki, "Media haqqında" Qanunun qəbul edilməsi də media sektorunda mühüm dönüş nöqtəsi olub.
"Yeni qanun jurnalistlərin hüquqlarının daha aydın müəyyənləşdirilməsinə şərait yaratdı. Eyni zamanda qeyri-qanuni jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərin qarşısının alınması istiqamətində mühüm addımlar atıldı. Bu, peşəkar jurnalistikanın inkişafına xidmət edən əsas islahatlardan biridir".
Baş redaktor qeyd edib ki, son illərdə reklam bazarında da müəyyən canlanma müşahidə olunur. Onun sözlərinə görə, bu, media qurumlarının iqtisadi baxımdan güclənməsinə müsbət təsir göstərir.
"Həm Medianın İnkişafı Agentliyinin fəaliyyəti, həm də qanunvericilikdə aparılan dəyişikliklər media subyektlərinin iqtisadi dayanıqlığının artmasına şərait yaradıb. Son 5-10 ili əvvəlki dövrlə müqayisə etsək, fərq kifayət qədər böyükdür".
Ə.Vəliyev vurğulayıb ki, əldə olunan nəticələrlə kifayətlənmək olmaz və qarşıda görüləcək işlər də kifayət qədərdir. Onun sözlərinə görə, media sahəsində fəaliyyət göstərərkən qarşılaşdıqları əsas problemlərdən biri bəzi dövlət və özəl qurumların mətbuat xidmətlərinin operativ işləməməsidir.
"Biz sorğu göndəririk, lakin vaxtında cavab ala bilmirik. Bu isə xəbərin hazırlanmasını gecikdirir və bəzi hallarda dezinformasiyanın yayılmasına şərait yaradır. Halbuki məqsədimiz qarşı tərəfin də mövqeyini almaq və xəbəri balanslı şəkildə təqdim etməkdir".
Baş redaktor bildirib ki, sonradan həmin qurumlar mediaya irad bildirərək mövqelərinin işıqlandırılmadığını deyirlər. Halbuki jurnalistlər əvvəlcədən onların rəyini almağa çalışırlar.
"Əgər media sorğusuna vaxtında cavab verilmirsə, sonradan 'niyə mövqeyimizi verməmisiniz' demək düzgün deyil. Çünki jurnalist peşə borcunu yerinə yetirmək üçün əvvəlcə qarşı tərəfə müraciət edir".
Ə.Vəliyev hesab edir ki, sürətlə inkişaf edən rəqəmsal dövrdə dövlət və özəl qurumların mətbuat katibləri məsuliyyətlərini daha dərindən dərk etməli, media sorğularına operativ, dolğun və dəqiq cavab verməlidirlər. Bu, həm cəmiyyətin düzgün məlumatlandırılmasına, həm də dezinformasiyanın qarşısının alınmasına xidmət edəcək.
Baş redaktorun fikrincə, gələcəkdə televiziya, onlayn və çap mediasının vahid yanaşma əsasında fəaliyyət göstərməsi, struktur islahatlarının davam etdirilməsi və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi Azərbaycan mediasının inkişafına əlavə töhfə verəcək.
Zahir Əzəmət: "Media yeni gəlir modellərinə keçməlidir"

Qaynarinfo-nun baş redaktoru Zahir Əzəmət bildirib ki, son 5-10 ildə Azərbaycan mediasında dövlət dəstəyi və hüquqi islahatlar baxımından mühüm dəyişikliklər baş verib.
Onun sözlərinə görə, onlayn media əvvəlki illərlə müqayisədə daha çox dövlət dəstəyi alır, media hüququ sahəsində aparılan islahatlar isə sektorun inkişafına yeni imkanlar açır.
"Qəbul olunan yeni qanunlar və dövlətin davamlı dəstəyi medianın inkişafında yeni mərhələ yaradıb".
Baş redaktor bununla yanaşı, çap mediasının əvvəlki mövqeyini itirməsini təəssüf doğuran məqamlardan biri kimi qiymətləndirib.
"Qəzetçilik ənənəsindən gələn biri kimi istərdim ki, çap mətbuatı da dövrün tələblərinə uyğun inkişaf yolları tapsın və rəqəmsal transformasiyaya uğurla uyğunlaşsın".
Z.Əzəmət hesab edir ki, Azərbaycan mediasının əsas problemlərindən biri beynəlxalq təcrübənin kifayət qədər tətbiq olunmamasıdır.
Onun sözlərinə görə, dünyanın nüfuzlu media qurumları yalnız reklam gəlirləri hesabına fəaliyyət göstərmir.
"Yüzillik qəzetlər maddi müstəqilliklərini təkcə reklam hesabına qorumurlar. Onlar abunəlik sistemi, üzvlük proqramları və müxtəlif gəlir modellərindən istifadə edirlər. Azərbaycan mediası da bu təcrübəni öyrənməli və tətbiq etməlidir".
Baş redaktor bildirib ki, gələcək inkişaf üçün yalnız maliyyə məsələləri deyil, həm də peşəkar kadr hazırlığı böyük əhəmiyyət daşıyır.
"Kadr hazırlığının keyfiyyətini artırmaq, texnoloji transformasiyanı sürətləndirmək və yeni şərtlərə çevik uyğunlaşmaq medianın gələcəyi üçün vacibdir".
Sorğudan görünür ki, media rəhbərlərinin böyük əksəriyyəti son illərdə Azərbaycan mediasında həm texnoloji, həm də institusional baxımdan ciddi inkişafın baş verdiyi qənaətindədir. Rəqəmsallaşma, yeni qanunvericilik bazasının formalaşdırılması, Medianın İnkişafı Agentliyinin yaradılması və Media Reyestri sektorun inkişafına təkan verən əsas amillər kimi qiymətləndirilir.
Bununla yanaşı, baş redaktorlar reklam bazarının zəifliyi, bəzi dövlət və özəl qurumların media sorğularına operativ cavab verməməsi, müəllif və araşdırma jurnalistikasının zəifləməsi, copy-paste xəbərlərin artması, peşəkar kadr çatışmazlığı və dezinformasiyanın yayılması kimi problemlərin həllini vacib hesab edirlər.
Onların ümumi qənaətinə görə, süni intellekt və yeni texnologiyalar medianın iş prinsiplərini dəyişsə də, peşəkar jurnalistikanın əsas prinsipləri – obyektivlik, dəqiqlik, məsuliyyət və etibar gələcəkdə də öz aktuallığını qoruyacaq.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirik.
150 illik zəngin tarixə malik Azərbaycan mətbuatı bu gün də cəmiyyətin düzgün məlumatlandırılması, həqiqətin araşdırılması və söz azadlığının inkişafı istiqamətində mühüm missiya daşıyır. İnformasiya texnologiyalarının sürətlə dəyişdiyi müasir dövrdə peşəkar, obyektiv və məsuliyyətli jurnalistikanın əhəmiyyəti daha da artır.
Peşəsinə sədaqətlə xidmət edən bütün media nümayəndələrinə möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayırıq.
Milli Mətbuat Gününüz mübarək!
Firuzə Əliyeva
