Dini tərbiyə ilə psixoloji TƏHLÜKƏ ARASINDA – Uşaqların Aşura mərasimlərinə aparılmasının RİSKLƏRİ

Uşaqlar eşitdiklərindən yox, gördüklərindən daha çox təsirlənirlər. Eşitdiyi hansısa xəbər bir neçə saat sonra uşağın yaddaşından silinib gedə bilir, amma gördüyü və təsirləndiyi mənzərə isə heç zaman onun zehiyyətindən çıxmır. Bəzi hallarda hətta həmin mənzərə uşaqda müəyyən travmaya yol açır.
Ona görə də zərərli informasiya axınının və təhlükəli vərdişlərin çox olduğu indiki vaxtda uşaqları xoşagəlməz mənzərədən uzaq tutmalıyıq. Uşağa yalnız onun dərk edəcəyi və qavracayığı məlumatları, bilikləri təqdim etməliyik. Üstəlik bu təqdimatlar zorla və ya nəyə görəsə yox, uşağın marağına uyğun edilməlidir.
Uşaq uşaqlığını yaşamalıdır...
Əgər uşaq öz inkişafına faydalı bir hobbi seçibsə, valideyn buna şərait yaratmalıdır. Yox, əgər valideyn öz sevimli hobbisinin övladı tərəfindən də dəstəklənməsi üçün uşağa psixoloji basqı edirsə, bu doğru deyil. Bütün hallarda bu zorakılıqdır.
Bildiyimiz kimi qarşıdan Aşura günü gəlir. Bəzi valideynlər həmin gün övladlarını məscidə, təziyyə məclisinə aparırlar. Dini baxımdan uşaqların məscidə aparılmasına qadağa yoxdur. Uşaq çağından dinə, mənəviyyata, əxlaqi dəyərlərə təşviq etmək müsbətdir. Amma əgər uşaqlar məscidə aparılıb sui-istifadə edilirsə bu yolverilməzdir.
Onsuz da dində həddi buluğa çatmamış şəxslərə ibadət, namaz, qurban, oruc vacib deyil. Həddi buluğa çatandan sonra da özü ixtiyar sahibidir. Məcbur etmək olmaz. Lakin bəzən orta məktəb uşaqlarını məscidə aparıb müxtəlif ayinlərə cəlb edirlər.
Uşaqların mənəvi inkişafına xidmət, yoxsa psixoloji risk?
Mütəxəssislərin fikrincə, uşaqların psixologiyası böyüklərdən fərqlidir. Azyaşlılar gördükləri hadisələri tam dərk edə bilmədikləri üçün emosional səhnələr onların şüurunda fərqli izlər buraxa bilər. Aşura mərasimlərində müşahidə olunan ağlama, fəryad, sinə vurma və bəzi hallarda qan çıxarma ilə müşayiət olunan dini ayinlər uşaqlarda qorxu, təşviş və mənfi emosiyalar yarada bilər.
Psixoloqlar hesab edirlər ki, erkən yaşlarda davamlı olaraq ölüm, faciə və kədər mövzularına məruz qalmaq bəzi uşaqlarda narahatlıq hissinin artmasına səbəb ola bilər. Xüsusilə hadisələrin mahiyyətini dərk etməyən uşaqlar üçün bu cür mərasimlər travmatik təəssürat yarada bilər. Beləliklə, uşaq şüurunda din sevgi, mərhəmət və mənəvi dəyərlərlə deyil, qorxu və kədər hissləri ilə əlaqələndirilə bilər.
Dəyərlərin aşılanması yaşa uyğun olmalıdır
Digər tərəfdən, dini dəyərlərin uşaqlara aşılanması ailələrin təbii hüququdur. Lakin bu proses onların yaş xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilməlidir.
Unudulmamalıdır ki, uşaqlar ilk növbədə uşaqlıq dövrünü yaşamalıdırlar. Onların dünyası sevinc, oyun, öyrənmə və inkişaf üzərində qurulmalıdır. Hər bir valideyn övladını dini və milli dəyərlərə bağlı böyütmək istəyir. Lakin bu məqsədə çatmaq üçün seçilən üsullar uşağın psixoloji sağlamlığına zərər verməməlidir.
Aşura mərasimlərinin mənəvi mahiyyəti böyük olsa da, azyaşlı uşaqların bu mərasimlərdə iştirakının forması və səviyyəsi ciddi şəkildə düşünülməlidir. Çünki sağlam psixologiyaya malik, öz dini və milli kimliyini şüurlu şəkildə dərk edən bir nəslin yetişməsi hər bir cəmiyyətin əsas hədəflərindən biridir.
Məcburiyyət islama da ziddir...
Təəssüflər olsun ki, reallıqda uşaqların dini ayinlərə cəlb edilməsi səmimi deyil, sünidir. Uşaqlar evdə, ailələri ilə birgə ibadət edə, dini öyrənə bilərlər. Mənəvi dəyərlərimizə hörmət edə, mənimsəyə bilərlər. Bu lazımdır, yaxşıdır. Uşaqlar böyüyüb könüllü seçim etmək hüququna malikdirlər. Xüsusən də dinin fərz, vacib etmədiyi ibadətlərə uşaqları məcbur cəlb etmək islamın ziddir.
Cümə namazı, camaat namazı həddi buluğa çatan müsəlman üçün vacibdir. Yas, matəm, mövlud kimi dində olmayan, lakin sonradan adət halına salınan əməllər də onsuz da müstəhəb hesab olunur. Yəni heç kəsə vacib olmayan əməldir. Belə məsələlərdə uşaqları istifadə etmək, kütlə toplamaq üçün azyaşlı uşaqları da cəlb etmək yanlışdır.
Məcburi iştirakın yaratdığı təhlükəli təsəvvürlər
Din könüllülük prinsipinə əsasən qəbul olunur. Qanunlara da həm hörmət etmək, həm də əməl etmək lazımdır. Ümumi nizamın qorunması, təhlükəsizlik məsələlərini nəzərə alaraq qanunlara riayət edilməlidir. Xüsusən, çox adamın toplaşdığı, hay-küylü, şüarlar səsləndirilən, sinə vurulan tədbirlər uşaqların psixologiyasında mənfi təsir oyadır. Dinin yalnız qan tökmək, qanı tökülənə yas tutmaq, ixtilaf, müharibə olduğu təəssüratı yaranır. Belə tədbirlər uşaqlarda din barədə qara, bədbin, düşmənçilik aşılayan, nifrət və lənət oxudan obraz yaradır.
Adi, normal vaxtlarda çox da azyaşlı olmayan uşaqlar ataları, yaxınları ilə məscidə, dini - mədəni abidələrə, ziyarətgahlara gedə bilərlər. Lakin bu asudə vaxtlarda, nəzarətlə olmalıdır.
Gələcəyin vətəndaşlarını necə yetişdirməliyik?
Müasir dövrdə uşaqların keyfiyyətli təhsil alması, elmi biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlər əsasında formalaşması cəmiyyətin əsas prioritetlərindən biridir. Azərbaycanın zəngin mədəni irsi, milli ənənələri və mənəvi dəyərləri gələcək nəslin tərbiyəsində mühüm rol oynayır.
Dini dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, uşaqların yaş xüsusiyyətlərini nəzərə almaq, onların sərbəst düşünən, dünyəvi biliklərə malik və vətənpərvər vətəndaş kimi yetişməsinə şərait yaratmaq vacibdir.
Aşura mərasimləri hər bir insanın, daha doğrusu yetkinlik yaşına çatmış şəxslərin inancı çərçivəsində qiymətləndirilə bilər. Çünki keçmişi anmaq böyüklərin işidir. Uşaqlar isə bizim gələcəyimizdir. Onlar gələcəyə baxmalı, təhsilini, dünyagörüşünü artırmağa vaxt ayırmalıdır.
Ona görə də azyaşlıların bu mərasimlərə cəlb olunması məsələsində ümumilikdə cəmiyyət, xüsusilə də valideynlər həssas davranmalıdırlar.
Əks təqdirdə uşaqların məcburi şəkildə təziyə məclislərinə aparmaq, onlara mahiyyətini dərk etmədiyi hadisənin təbliğatçısına və iştirakçısına çevrilməsi mənəvi-psixoloji baxımdan, təhlükəlidir, qorxuludur.
Bizim.Media-nın analitik qrupu
