"Şəhərlərdə inklüzivlik məcburi standart olmalıdır" - EKSPERT

BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstan üzrə ölkə nümayəndəsi Kaori İşikava gələcəyin şəhərlərində qadınların inklüzivliyi ilə bağlı problemlərdən danışıb. O, Bakının bu sahədə müəyyən müsbət nümunələrdən biri olduğunu vurğulayıb:
“Bakıda yollar və bəzi imkanlar əlillər üçün kifayət qədər yaxşıdır. Amma hələ də pilləkənlər və digər maneələr səbəbindən girişin çətin olduğu yerlər var. Bu, hamilə qadınlar və yaşlı insanlar üçün də mühüm məsələdir”.
Kaori İşikava Bakını bu sahədə müəyyən müsbət nümunələrdən biri kimi qiymətləndirib. O əlavə edib ki, qadın dostu və inklüziv şəhərlərin formalaşması üçün hökumət, bələdiyyələr, özəl sektor və cəmiyyət birlikdə çalışmalıdır.
Bəs şəhərlərdə inklüzivliyi təmin etmək üçün hansı dəyişikliklər olmalıdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, bu gün urbanizasiya bütün dünyada mövcud olan ən mühüm qlobal problemlərdən biri hesab olunur:
“Çünki dünya əhalisinin yarıdan çoxu, bəzi ölkələrdə isə təxminən 70 faizi şəhərlərdə yaşayır və proqnozlar göstərir ki, bu göstərici gələcəkdə daha da artacaq. Bu səbəbdən şəhərlərin, şəhər nəqliyyatının, kommunikasiyanın, şəhər həyat tərzinin və sosial münasibətlərin hər kəs üçün inklüziv şəkildə formalaşdırılması əsas şərtlərdən biridir. Məlumdur ki, şəhər həyatında kommunikasiya, rahatlıq və əlçatanlıq baxımından qadınlar və uşaqlar xüsusi həssas qruplar hesab olunur. Buna görə də müasir və ağıllı şəhərlərin infrastrukturu, nəqliyyat sistemi, yol hərəkəti sxemləri məhz bu tələblər nəzərə alınaraq qurulmalıdır. Sevindirici haldır ki, BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstan nümayəndəsi Kaori İşikava da bu məsələyə diqqət çəkib. O, eyni zamanda Bakının digər şəhərlərlə müqayisədə qadınlar üçün daha uyğun infrastruktura, kommunikasiya imkanlarına və yol hərəkəti sxemlərinə malik olduğunu vurğulayıb. Bu isə son illərdə paytaxtda həyata keçirilən işlərin nəticəsi kimi qiymətləndirilə bilər”.
H.Babaoğlu əlavə edib ki, şəhərdə piyada hərəkətinin rahatlaşdırılması istiqamətində bardürlərin aradan qaldırılması, maneələrin rahat keçidlərlə əvəz olunması, pandusların quraşdırılması və səkilərin daha əlçatan formada yenidən təşkili mühüm addımlardandır:
“Bu işlər həm sakinlərin gündəlik rahatlığını artırır, həm də şəhərin inklüziv inkişafına xidmət edir. Bununla yanaşı, görüləsi işlər hələ də çoxdur. Belə dəyişikliklərin qısa müddətdə tam şəkildə həyata keçirilməsi mümkün deyil. Əsas məqam ondan ibarətdir ki, Bakıda bu proses artıq başlanıb və davam etdirilir. Xüsusilə yeni salınan şəhərlərdə bütün bu prinsiplərin “smart şəhər” konsepsiyası əsasında nəzərə alınması diqqət çəkir. Azərbaycan hazırda urbanizasiya tarixinin yeni mərhələsinə daxil olub. Ölkədə 76 şəhər statuslu yaşayış məntəqəsi mövcuddur və onların böyük hissəsi işğaldan azad olunmuş ərazilərdə yenidən qurulur. Bu baxımdan hesab etmək olar ki, yeni inşa edilən şəhərlərdə inklüzivlik və əlçatanlıq problemləri minimuma enəcək. Meqapolislərdə və iri şəhərlərdə isə bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsi vacib olaraq qalır”.
Mövzu ilə bağlı saytımıza danışan nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev isə bildirib ki, Azərbaycanda inklüzivliklə bağlı problemlər hələ də kifayət qədərdir.
Onun sözlərinə görə, dünyada qəbul edilən standartlara görə əlçatanlıq göstəricisi minimum 40-45% səviyyəsində olmalıdırsa, bizdə bu rəqəm cəmi 22%-dir:
“Bu gün cəmiyyət üzvlərinin böyük bir hissəsi üçün şəhərlərimiz və infrastruktur əlçatan deyil. Nəqliyyat sahəsində müəyyən müsbət nümunələr var. Məsələn, aşağı gövdəli avtobuslar, Brayl əlifbası, səsləndirmə sistemləri, eləcə də yeni “Stadler” qatarları inklüzivlik baxımından vacib addımlardır. Lakin həmin nəqliyyata aparan yollar, dayanacaqlara, vağzallara və stansiyalara qədər olan marşrutlar baryerli və keçilməzdirsə, bu inklüzivlik natamam qalır. Dünyada bunun üçün artıq müxtəlif həllər tətbiq olunur. Səviyyə fərqlərinin aradan qaldırılması məqsədilə “Vienna” platformaları, “Kassel” bordürləri və xüsusi anti-dib sistemləri qurulur ki, avtobus dayanacağa maksimum yaxınlaşa bilsin. Beləliklə, pandusdan istifadəyə ehtiyac minimuma enir və insanlar rahat şəkildə giriş-çıxış edə bilir. Yəni dünya bu problemlərin həll yollarını artıq bilir. Bizdə isə əsas məsələ siyasi iradənin və dəstəyin olmasıdır. Piyada səkilərinin vəziyyəti ümumilikdə qənaətbəxş deyil, davamlılıq yoxdur, baryerlər çoxdur və vahid səki standartları formalaşmayıb. Universal dizayn prinsiplərinin tətbiqi üçün qanunvericilik və standartların harmonizasiyasına ciddi ehtiyac var. Hazırda bir tərəfdə beynəlxalq standartlar, digər tərəfdə isə köhnə sovet standartları qalır. Bunların yerli şəraitə uyğun şəkildə uzlaşdırılması vacibdir”.
Ekspert əlavə edib ki, bu sahədə yaxın nümunələr də mövcuddur:
“Məsələn, Gürcüstan standartların harmonizasiyası istiqamətində addımlar atıb, Ukrayna isə bu prosesdə daha sürətli və aktiv olub. Azərbaycanda da bu məsələnin qanunla tənzimlənməsi vacibdir. İnklüzivlik tövsiyə xarakterli deyil, məcburi standart kimi tətbiq olunmalıdır. Eyni zamanda, bütün qurumlar üçün vahid standart sistemi yaradılmalıdır. Tikintiyə icazə verən qurumun, nəzarət edən qurumun və layihəni icra edən tərəfin fərqli standartlarla işləməsi problemin həllini mümkünsüz edir. Buna görə də bütün yanaşmalar vahid və sinxronlaşdırılmış şəkildə formalaşdırılmalıdır. İnklüzivlik həm də ciddi maarifləndirmə və təlim tələb edir. Bu mövzu media vasitəsilə daha aktiv təbliğ olunmalı, eyni zamanda təhsil müəssisələrində tədris edilməlidir. Təəssüf ki, bu gün mühəndis hazırlayan universitetlərdə əlçatanlıq və inklüzivlik mövzuları kifayət qədər öyrədilmir. Halbuki bu gün təhsil alan şəxslər sabah şəhərləri layihələndirən və idarə edən insanlar olacaq. Hazırda bu sahədə çalışan şəxslərin də məlumat və hazırlıq səviyyəsi istənilən səviyyədə deyil. Buna görə də həm peşəkarlar, həm də cəmiyyət üçün genişmiqyaslı təlim və maarifləndirmə proqramlarının həyata keçirilməsi vacibdir”.
Fidan Hacızadə
Sfera.az
