Övladdan “pay” olar? - Hüquqşünasdan AÇIQLAMA

Sosial şəbəkələrdə geniş rezonans doğuran və ailə faciəsi ilə nəticələnən dəm qazı zəhərlənməsi hadisəsi, görünməyən başqa bir dramı üzə çıxardı. 9 uşaq atası kimi tanınan şəxsin müsahibəsi zamanı səsləndirdiyi "12 uşağım var idi, qalanları ölüb 9-u qalıb, biri də qazdan zəhərlənib öldü, birini də pay vermişəm" ifadəsi cəmiyyətdə ciddi narahatlıq və suallar doğurub. Bir insanın öz övladını başqasına "pay verməsi" nə dərəcədə qanunidir? Azərbaycan qanunvericiliyində uşağın valideyn tərəfindən üçüncü şəxsə (rəsmi övladlığa götürmə proseduru olmadan) verilməsi hansı maddə ilə tənzimlənir?
Həmçinin uşağı qeyri-rəsmi şəkildə "pay" olaraq götürən şəxsləri hansı cəza gözləyir?
Sfera.az-a bu haqda açıqlama verən vəkil Babək Umudovun sözlərinə əsasən, Azərbaycan hüquq sisteminə görə, valideynin öz övladını üçüncü şəxsə “pay” (yəni müəyyən qarşılıq, pul və ya digər maddi maraq əsasında) qeyri-rəsmi şəkildə verməsi qətiyyən qanuni deyil:
“Bu, uşağın hüquqlarının pozulması, valideynlik hüquqlarının qanunsuz transferi və birbaşa cinayət tərkibi formalaşdırır. Uşaq “əmlak” deyil və valideynlər onu istədikləri kimi sərəncam verə bilməzlər. Sosial şəbəkədə yayılan müsahibədəki kimi “pay vermişəm” ifadəsi yalnız ictimai rezonans yaratmır, həm də cinayət araşdırması üçün əsas ola bilər. Belə hallarda zərərçəkmiş (uşaq və ya digər valideyn) prokurorluğa və ya polisin İnsan alveri ilə mübarizə şöbəsinə müraciət edə bilər. Uşaq müvafiq orqanlar tərəfindən müdafiə olunur və yerləşdirilir”.

Vəkilin sözlərinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşağın ailəyə yerləşdirilməsini və övladlığa götürməni (övladlığa götürmə, qəyyumluq, himayə və ya himayədar ailə) yalnız dövlət nəzarəti altında və məhkəmə qərarı ilə tənzimləyir:
“Qeyri-rəsmi “verilmə” və ya “pay” qanunsuzdur. Belə əməl heç bir hüquqi qüvvəyə malik deyil. Bu cür əməllər Cinayət Məcəlləsinin 144-1-ci maddəsi (“İnsan alveri”) ilə birbaşa tənzimlənir. İnsan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. Bu əməl uşaq (yetkinlik yaşına çatmayan şəxs) barəsində törədilərsə, bu, ağırlaşdırıcı hal sayılır və cəza daha sərt olur. Belə ki, adi halda əməl 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırsa, eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllərə görə həm verən valideyn, həm də götürən şəxs (alıcı) bu maddə üzrə cinayət məsuliyyətinə cəlb oluna bilər, çünki alqı-satqı əməliyyatının hər iki tərəfi əhatə olunur. Əgər bu əməllər nəticəsində uşağa ziyan dəyibsə, valideynlik hüququndan məhrum etmə və ya mülki iddia (mənəvi ziyan üçün kompensasiya) da mümkündür”.
Bəsti Rəfizadə
Sfera.az
