İl 2016: - Manatı nə gözləyir?
“İxracımızda neftin xüsusi çəkisi kifayət qədər böyük olduğundan neft qiymətlərinin aşağı düşməsi səbəbindən valyuta gəlirlərimiz və buna uyğun olaraq Mərkəzi Bankın valyuta rezervləri azalır”.
Bu fikirləri ATV.az saytına açıqlamasında iqtisadçı Fikrət Yusifov bildirib. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin şəkildə azalmasına münasibət bildirən iqtisadçı deyib ki, həqiqətən də keçən ilin ortaları ilə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarında iki dəfədən çox azalma baş verib. Neftin qiymətlərində baş verən ucuzlaşma səbəbindən ölkəyə daxil olan valyutanın həcmi azalıb. Bu bir həqiqətdir. Lakin biz bu məsələyə dəfələrlə mətbuat səhifələrində münasibət bildirərək baş verən proseslərin Azərbaycan milli valyutasının məzənnəsində kəskin dəyişikliyə səbəb olmayacağını konkret arqumentlərlə əsaslandırmışıq. Aydındır ki, əhalidə manatın gələcək taleyi ilə bağlı müəyyən narahatlıqlar var və bu da səbəbsiz deyil. İnsanlar bu ilin fevral ayında manatın kəskin şəkildə devalvasiyaya uğraması hadisəsinə əsaslanaraq bu vəziyyətin təkrarlana biləcəyindın ehtiyat edirlər. Dəfələrlə demişik, bir daha təkrar edirik ki, fevralda baş vermiş hadisə əvvəlcədən gözlənilmirdi və təxribat xarakterli idi. İndi də o vaxtdan üzü bu tərəfə insanların içində bir xof qalıb: “Görəsən qara fevral” yenə də təkrar oluna bilərmi?” sualına hamı cavab axtarır. Öz növbəmizdə bildiririk ki, fevral devalvasiyasının təkrarlanmasının hazırda nə iqtisadi, nə maliyyə əsasları var. Digər tərəfdən, ixracımızda neftin xüsusi çəkisi kifayət qədər böyük olduğundan neft qiymətlərinin aşağı düşməsi səbəbindən valyuta gəlirlərimiz və buna uyğun olaraq Mərkəzi Bankın valyuta rezervləri azalır.
Lakin bu, faciə deyil. Heç kəs unutmamalıdır ki, Azərbaycanın güclü iqtisadiyyatı var, onun tədiyyə balansınin iki milyard dollardan artıq müsbət saldosu mövcuddur. Bu gün ölkənin məcmui valyuta rezervləri 41 milyard dollardan çoxdur. Cənubi Qafqazda bizə qonşu olan iki dövlətin birlikdə valyuta rezervləri bizim valyuta ehtiyatlarımızdan 10 dəfədən də azdır. Lakin valyuta rezervləri bizimlə müqaisədə bu qədər az olan ölkələrdə milli valyutalar ətrafında heç kim ajiotaj yaratmır. Biz dünyanın iqtisadi məkanında baş verən proseslərdən tamamilə uzaq dura bilmərik çünkü bu məkanın bir parçasıyıq. Hazırki situasiya Mərkəzi Bank gedən prosesləri dərindən təhlil edib real ola biləcək addımları müəyyən etməlidir. Hesab edirəm ki, lazım gələn məqamlarda biz də manatın öncə yumşaq devalvasiyasına gedərək onu tədricən üzən məzənnəyə hazırlamalıyıq. Əslində bizim iqtisadi və maliyyə durumumuz şəraitində bu proses o qədər təbii baş verə bilər ki, onun nəticələri cəmiyyətdə heç bir narahatçılıq yaratmaz. Qarşıdakı 2016-cı ildə manatın məzənnəsində hansı dəyişikliklərin baş verə biləcəyini indidən söyləmək olmaz. Bu, dünyada gedən iqtisadi, maliyyə proseslərinin vəziyyətindən və neftin qiymətlərinin necə dəyişəcəyindən asılı olacaq.(atv.az)