Son aylarda Azərbaycanın bəzi rayonlarında yas mərasimlərinin keçirilməsi zamanı yemək verilməsindən imtina edilməsi müşahidə edilir. Bu addımlar din xadimləri tərəfindən yüksək qiymətlərdirilir, bunun İslam dininin tələblərinə uyğun olması, eləcə də israfçılığın qarşısını alınması baxımından önəmli addım olduğu bildirilir.
Azərbaycanda yas mərasimləri ilə bağlı baş verən müsbət dəyişikliklərin toy mərasimlərinə də sirayət etməsi arzu edilir. Çünki ölkəmizdə təşkil olunan toy mərasimlərində də böyük israfçılığa yol verilir, toy süfrəsinin hazırlanması üçün lüzumsuz xərclərə gedilir. Buna görə də ziyalılar, din xadimləri toy məclislərinin də sadə menyu ilə keçirilməsinin daha düzgün olduğu qənaətindədirlər.
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Sfera.az-a bildirdi ki, Azərbaycanda toy mərasimləri artıq milli adət-ənənələrimizdən uzaqlaşıb və böyük israfçılıq tədbirinə çevrilib:
“Azərbaycan toyu anlayışı artıq demək olar ki, sıradan çıxıb. Bu mərasimlər yalnız dəbdəbə, hədsiz səs-küy və göstəriş ilə müşayiət olunur. Bizdə artıq Azərbaycan toyu deyil, müasir "hoqqabazlıq" və "görməmişlik" mərasimi mövcuddur. Bu toylar bizim milli mənəviyyatımıza, adət-ənənələrimizə və dini dəyərlərimizə uyğun deyil. Toylarda bahalı süfrələr, içki bolluğu və ekstravaqant tərzdə mərasimlər insanların diqqətini əsl məqsəddən yayındırır. Əslində toy bir ailənin qurulması, nigahın bağlanması və yaxınların səmimi təbriklərini paylaşması üçün keçirilir. Amma hazırkı toylar tamamilə bunun əksini göstərir”.
Sosioloq qeyd etdi ki, toy mərasimlərinin bu cür dəbdəbəli olması ailələr üçün ciddi iqtisadi yük yaradır:
“Toy məclisini təşkil edən ailələr bəzən illərlə borc bataqlığında qalır. Ailə illərlə topladığı pulunu yeni qurulan ailəyə yox, toy biznesinə, şadlıq evlərinə və xidmət təminatçılarına xərcləyir. Bu, ailələr üçün tamamilə ədalətsizlikdir. Buna görə də ailələr yeni qurulan ailələrə dəstək üçün kredit götürür, borca girir, nəticədə isə illərlə bu borcları qaytarmaq məcburiyyətində qalırlar. Bu vəziyyət gənclərin evlənmək istəməməsinə, bəzilərinin isə evlənə bilməməsinə səbəb olur”.
E.Bayramlı toy mərasimlərinin sadələşdirilməsinin zəruriliyini xüsusilə vurğuladı:
“Biz normal toy sisteminə qayıtmalıyıq. Qədimdə olduğu kimi sadə süfrə, yüngül musiqi, yaxın qohumların iştirakı ilə keçən toylar təşkil edilməlidir. Bu mərasimlər bir neçə saatlıq olmalı, israfçılığa və görkəm yarışına çevrilməməlidir. Dəbdəbəli toylar yalnız ailələri iqtisadi yük altına qoymur, həm də milli dəyərlərimizə zərər vurur. Bu məsələdə cəmiyyətin nümunəvi şəxsləri – tanınmış insanlar, məmurlar, iş adamları və ziyalılar – öz davranışları ilə nümunə göstərməli, sadə və qənaətli toyları təşviq etməlidir. Əgər cəmiyyət bu məsələdə səssiz qalsa, toy mərasimlərinin vəziyyəti daha da ağırlaşacaq. Bugünkü toylar sanki şeytan məclisinə çevrilib. Hər yerdə səs-küy, sərxoşluq və dəbdəbə hakimdir. Halbuki toy, dini və milli dəyərlərə uyğun keçirilməlidir. İnsanlar bir-biri ilə səmimi ünsiyyət qurmalı, yeni qurulan ailəyə dəstək olmalıdır. Amma hazırda toylar yalnız pul xərcləmək, göstərmək və rəqabət aparmaq məqsədilə keçirilir. Bu, tamamilə qeyri-insani və mədəniyyətsiz bir davranışdır”.
Qeyd edək ki, toy məclisləri üçün menyuların bahalaşması toya dəvət alan şəxslərin də xərclərini artırır. Məsələn, 5-6 il öncə 1 nəfərlik menyu orta hesabla 30 manata başa gəlirdisə, hazırda qiymətlər 50 manatdan yuxarıdır. Bu isə tək toy sahibi üçün deyil, dəvət olunan qonaqlar üçün də əlavə maliyyə yükü yaradır.
İqtisadçı-ekspert Günay Hüseynova toy mərasimlərinin iqtisadi tərəfinə diqqət çəkib. O vurğuladı ki, toyların dəbdəbəli olması, “qonşudan geri qalma prinsipi” ilə yanaşma ailələrin iqtisadi yükünü ağırlaşdırır, hətta tərəflər arasında münaqişələrə səbəb olur:
"Hazırda qiymətlərin bu səviyyəyə çatmasının əsas səbəbi inflyasiyadır. Mal və xidmətlərin qiymətləri artdığı üçün bu, təbii olaraq toy bazarında menyu qiymətlərinə təsir göstərir. İndiki qiymətlər 5-6 il əvvəlki qiymətlərdən çox yüksəkdir. Toya dəvət edilən şəxslərin əksəriyyəti isə bunu nəzərə almıq. Qonaqlar menyu qiymətlərinə önəm vermir, əsas diqqəti dəvət edən şəxsin onun xeyir işində saldığı nəmərə yönəldir.
Həmin şəxs onun övladının və ya ailə üzvünün toyunda nə qədər pul salıbsa, o da qarşı tərəfin toyunda həmin məbləği salır. Amma ortada inflyasiya nəzərə alınmır. Nəticədə toy sahibi şadlıq sarayına borclu qalır. Bu səbəbdən məclislər daha da sadələşdirilməli, iştirakçıların sayı azaldılmalı, yalnız yaxın qohumlar dəvət olunmalıdır".
G.Hüseynova şadlıq saraylarındakı qiymət artımına diqqət çəkərək bildirdi ki, şadlıq saraylarındakı qiymət artımına ciddi nəzarət tətbiq edilməlidir:
"İlk növbədə vergi islahatları vacibdir, çünki yüksək qiymətlərin fonunda vergidən yayınma hallarının sayı çoxdur. Məsələn, 12 nəfərlik stolda bir şəxsin menyu qiyməti ilə çəkilən xərc arasındakı fərq və gəlir marjı araşdırılmalıdır. Hətta gəlir marjı hesablanandan sonra menyu qiymətləri yenidən dəyişdirilirsə, bu da şəffaflıq baxımından problem yaradır. Ümumilikdə, toy sahibləri qiymətlərin yüksək olmasından şikayətlənir, amma tələbat yenə də yüksəkdir. Əvvəllər şəhərlərdə və rayonlarda hər kəs öz həyətində və ya açıq yerlərdə toy edirdi. İndi də ola bilər, amma insanlar həm dəb-dəbə istəyir, həm qiymətlərdən narazıdır. Toy mərasimlərinin sadələşdirilməsi və qiymətlərə nəzarət həm yeni qurulan ailələrin, həm də cəmiyyətin rifahı üçün vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az