Son dövrlərdə uşaqlara qarşı valideyn zorakılığı və müxtəlif fiziki, həmçinin psixoloji işgəncələrin artması müşahidə olunur. Bu hal cəmiyyət üçün ciddi təhlükə yaratmaqla yanaşı, gələcək nəsillərin psixoloji inkişafına da dərin zərbə vurur.
Valideynlər uşaqlarına işgəncə verdikdə hansı cəza tədbirləri tətbiq olunur?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Daşqın Qənbərov bildirib ki, uşaq hüquqları ilə bağlı mövcud qanunvericilik ümumi və xüsusi hüquq normalarını əhatə edir:
“Ümumi hüquq normaları Konstitusiyada təsbit olunmuş müddəalardır. Konstitusiyada uşaqların müdafiəsi, onların böyüməsi və inkişafı ilə bağlı öhdəliklər xüsusi olaraq vurğulanır. Bu öhdəliklər ilk növbədə valideynlərin, daha sonra isə dövlətin üzərinə qoyulur. Uşaqların qayğısına qalmaq, onların inkişafını və təhsilini təmin etmək valideynlər üçün hüquqi borc hesab edilir və yerinə yetirilmədikdə məsuliyyət doğurur”.
Hüquqşünas əlavə edib ki, xüsusi hüquq normaları isə birbaşa uşaq hüquqlarını tənzimləyən sahəvi qanunlardan ibarətdir:
"Buraya BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası” və Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında Qanunu” daxildir. Həm Konvensiyada, həm də milli qanunvericilikdə uşaqların bütün sahələrdə hüquqlarının qorunması xüsusi olaraq vurğulanır və bu hüquqların təmin olunması üçün valideynlər, dövlət qurumları və digər subyektlər üzərinə konkret vəzifələr qoyulur”.
D.Qənbərov uşaq hüquqlarının pozulmasının hüquqi məsuliyyət yaratdığını əlavə edib:
“Bu məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir. İnzibati xətalar daha az ictimai təhlükə törədən hallara görə tətbiq edilir, cinayət xarakterli əməllərə görə isə daha ağır sanksiyalar nəzərdə tutulur. Belə əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunur. Məsələn, yetkinlik yaşına çatmayanlara qarşı əzab vermə Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər istintaq mərhələsində tibbi ekspertizanın rəyinə görə uşağın sağlamlığına ağır və ya az ağır zərər yetirildiyi müəyyən olunarsa, bu halda həmin əməl Cinayət Məcəlləsinin 126 və 127-ci maddələri ilə qiymətləndirilir və daha sərt cəza ilə azadlıqdan məhrum edilmə tədbirləri tətbiq edilir”.
Mövzuya psixoloji aspektdən açıqlama verən psixoloq Gövhər Məmmədova isə valideyn olmağı qərara alan yetkin şəxslərin uşaq tərbiyəsi haqqında müəyyən biliklərə sahib olmalı olduqlarını və eyni zamanda öz psixoloji problemlərinin öhdəsindən gəlməyə çalışmaqlarının vacibliyindən bəhs edib.
O bildirib ki, bu onların sinirlərini idarə etməsinə, uşaqla yaranan problemləri düzgün şəkildə həll etməsinə kömək edəcək:
“Valideynlər öz uşaqlıqlarında yaşadıqları travmaları övladlarına yansıtmamalı, əksinə onlar üçün daha sağlam və dəstəkləyici mühit yaratmağa səy göstərməlidirlər. Əgər vəziyyətə nəzarət etmək mümkün olmur, uşaq fiziki və psixoloji zorakılığa məruz qalırsa, mütləq şəkildə peşəkar dəstək alınmalıdır”.
Eyni zamanda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov son dövrlərdə müşahidə olunan fiziki və psixoloji zorakılıq hallarının təkcə fərdi səviyyədə deyil, bütövlükdə cəmiyyətin gələcəyinə ciddi təhdid yaratdığını deyib.
E.Rüstəmovun fikrincə, nəzərə almaq lazımdır ki, uşaqlara qarşı zorakılıq onların özünəinamını, təhlükəsizlik hissini, emosional sabitliyini dağıdır və gələcəkdə depressiya, təşviş pozuntuları, aqressiya, asılılıq və sosial adaptasiya çətinlikləri kimi uzunmüddətli psixoloji problemlərə yol aça bilir. Belə halların artması, əslində, gələcək nəsillərin psixoloji sağlamlığına yönəlmiş ciddi təhlükədir:
“Qeyd edim ki, valideynlərin zorakılıq meyillərini yalnız psixoloji müayinələrlə aradan qaldırmaq mümkün deyil. Bu, çoxşaxəli və kompleks yanaşma tələb edən bir məsələdir. Psixoloji diaqnostika problemin mahiyyətini üzə çıxara bilər, lakin bununla yanaşı, maarifləndirmə işləri (uşaq hüquqları, sağlam tərbiyə üsulları, emosional idarəetmə bacarıqları haqqında) aparılmalıdır. Eyni zamanda valideynlərə psixoloji dəstəyin (ailə terapiyası, valideynlik təlimləri, qrup məşğələləri) göstərilməsi, ictimai və hüquqi tədbirlər (uşaqları qoruma mexanizmlərinin gücləndirilməsi, zorakılığa qarşı “sıfır tolerantlıq” siyasəti) də mütləq şəkildə həyata keçirilməlidir. Yəni bu məsələni yalnız psixoloji müayinə ilə həll etmək mümkün deyil, həm dövlət, həm də ictimai institutların koordinasiyalı fəaliyyətinə ehtiyac var. Psixoloji maarifləndirmə kampaniyaları məqsədyönlü, davamlı və hər kəs üçün əlçatan olmalıdır. Kütləvi informasiya vasitələrində sosial çarxlar, maarifləndirici yazılar və verilişlər, uşağa qarşı zorakılığın psixoloji nəticələrini göstərmək vacib məqamdır. Həmçinin məktəb və bağçalarda valideynlərə uşaqların emosional inkişafı, stress və aqressiyanın idarəsi mövzularında seminarlar təşkil edilməlidir”.
Psixoloq yeni valideyn olanlar üçün psixoloqların iştirakı ilə praktik təlimlərin keçirilməli olduğunun vacibliyindən də bəhs edib.
O qeyd edib ki, QHT və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həm hüquqi, həm psixoloji müdafiə mexanizmlərini gücləndirilməlidir:
“Xüsusən onlayn platformalarda, sosial şəbəkələrdə qısa videolar, məqalələr, interaktiv testlər vasitəsilə geniş kütləyə çatmaq lazımdır. Uşağa qarşı zorakılıq təkcə fərdi ailə problemi deyil, milli təhlükəsizlik və ictimai sağlamlıq məsələsidir. Biz uşaqların rifahını qorumağı prioritetə çevirməli, valideynləri maarifləndirməklə yanaşı, zorakılığa qarşı sərt sosial və hüquqi mexanizmlər də qurmalıyıq. Çünki sağlam gələcək yalnız psixoloji sağlam uşaqlardan başlayır”.
Fidan Hacızadə
Sfera.az
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;