Bir aydan çox meteor yağacaq

17 iyuldan 24 avqusta qədər Perseid meteor yağmuru müşahidə olunacaq.
Sfera.az xəbər verir ki, meteor yağmuru avqustun 11-dən 13-dək ən yüksək fəallıq dövrünə çatacaq.
Belə ki, Perseid yağmuru Yer kürəsinin Swift-Tuttle quyruqlu ulduzunun buraxdığı toz hissəciklərinin arasından keçməsi nəticəsində baş verir. Bu hissəciklər atmosferə daxil olduqda yanır və göy üzündə parlaq işıq izləri yaradır.
Müşahidələr göstərir ki, gecə maksimum saatda 100-ə yaxın meteor görünə bilər. Bəzi meteorlar uzun iz buraxacaq, bəziləri isə yüksək parlaqlığa malik olacaq.
Meteor yağmurunu izləmək üçün ən yaxşı yerlər şəhər işıqlarından uzaq ərazilərdir. Dağlıq, açıq və ya sahil bölgələrində müşahidə üçün əlverişli şərait yaranır. Gecə yarısından sonra şimal-şərq istiqamətində baxmaq tövsiyə olunur.
Meteorları izləmək üçün xüsusi avadanlıq tələb olunmur.
Bu il meteor yağmurunun zirvə gecələrində Ayın işıqlılığı aşağı olacaq. Bu da müşahidə üçün uyğun şərait yaradacaq.
Firuzə Əliyeva
Sfera.az