Azərbaycanda Pasxa necə qeyd edilir?


Azərbaycanda Pasxa necə qeyd edilir?

Pasxa xristian aləmində İsa Məsihin çarmıxa çəkildikdən sonra üçüncü gün dirilməsi münasibətilə qeyd olunan ən müqəddəs bayramlardan biridir. Əsasən katolik, pravoslav və protestant cərəyanlarında fərqli təqvimlər üzrə qeyd olunsa da, bu bayram hər birində ümid, yenidən doğuluş və ruhani təmizlənmə rəmzi kimi dəyərləndirilir. Qeyd edək ki, sabah dünya və Azərbaycanda yaşayan xristianlar Pasxa bayramını qeyd edəcək. 


Sfera.az xəbər verir ki, pasxa bayramı yalnız dini mərasimlərlə deyil, həm də müxtəlif ölkələrin mədəni, folklorik və ailəvi ənənələri ilə də zənginləşib. Bu bayram dünyanın dörd bir yanında yaşayan xristianla tərəfindən fərqli ənənlərlə qeyd edilir. 


Bermudada Pasxa “yüksəkliyə qalxmaq” anlamını qazanıb. Burada insanlar rəngarəng uçurtmalar hazırlayıb göyə buraxırlar. Bu uçurtmalar taxta çubuqlardan qurulur, parlaq kağızlarla bəzədilir və “hummers” adlanan xüsusi səs çıxaran parçalarla tamamlanır. Səsləriylə havada rəqs edən bu uçurtmalar bayramın özünəməxsus musiqisini yaradır. 


Norveçdə isə Pasxa günləri sükutla deyil, həyəcanla müşayiət olunur. “Paskekrimmen” adlanan bu maraqlı ənənəyə əsasən, insanlar detektiv hekayələr oxuyur, kriminal filmlər izləyir, hətta süd qutularında belə cinayət süjetləri ilə rastlaşırlar. Pasxa bu ölkədə həm dini meditasiya, həm də intellektual oyun kimi keçirilir.
Almaniya, İsveçrə və digər Avropa ölkələrində Pasxa səbətləri uşaqlar üçün əsl xəzinəyə çevrilir. İçərisi şokolad dovşanları, bəzəkli yumurtalar, konfet və oyuncaqla dolu olan bu səbətlər evin və ya bağın müxtəlif yerlərində gizlədilir. Uşaqlar onları tapmaq üçün axtarışa çıxır.


Polşada Pasxa Bazar ertəsi günü heç də sakit keçmir. “Şlanq bazarı” kimi tanınan bu gün insanlar bir-birini suya qərq edir. Əvvəllər bu əyləncədə subay oğlanlar subay qızları islatmaqla iştirak edirdi, amma zamanla bu sərhəd aradan qalxıb. İndi hər kəs su tapançaları, boş şampun qabları, hətta vedrələrlə küçəyə çıxır və şəhər bir günlük “su döyüş meydanı”na çevrilir.


ABŞ-də və Fransada Pasxa və yumurta demək olar ki, sinonimə çevrilib. İnsanlar yumurtaları rəngləyir, gizlədir, yuvarlayır və bir-biri ilə döyüşdürərək hansının daha dözümlü olduğunu yoxlayırlar. Fransanın Haux şəhərində isə bu ənənə daha da böyüyüb, belə ki, hər il minlərlə insan 4000-dən çox yumurtadan hazırlanan nəhəng omleti birlikdə yeyir. 


Yunanıstanın Korfu adasında Pasxa daha gurultulu şəkildə qeyd olunur. Şənbə günü səhər saat 11-də balkonlardan gil qablar yerə atılır. Bu qədim ənənəyə görə, qabların sındırılması bəd ruhları qovur və təzə başlanğıca yol açır. 


Lüksemburqda isə Pasxadan əvvəlki bir bazar günü “Pretzel bazar günü” kimi tanınır. Bu gün sevdiyinə duzlu çörək – pretzel hədiyyə etmək adətdir. Əgər qız bu hədiyyəni qəbul edərsə, Pasxa günü oğlana yumurta bağışlayır. 


Azərbaycanda Pasxa əsasən Rus Pravoslav Kilsəsinə və Roma Katolik Kilsəsinə bağlı olan icmalar tərəfindən qeyd olunur. Bakı, Gəncə və Sumqayıt kimi şəhərlərdə pravoslav əhali daha çox toplandığı üçün bu bölgələrdə bayram daha geniş şəkildə qarşılanır.

Pasxadan əvvəl səkkiz həftəlik oruc tutulur. Bu dövrdə dindarlar ət, süd və digər heyvani məhsullardan uzaq duraraq ruhi və bədən təmizliyinə diqqət yetirirlər. Orucun son həftəsi – “Müqəddəs Həftə”  xüsusi əhəmiyyət daşıyır.

Pasxa gecəsi kilsələrdə gecəyarısı ayinləri keçirilir. Məsih İsanın dirilməsi münasibətilə ibadət edən dindarlar, məbədin ətrafında şamlarla dövrə vuraraq dini mərasimlərdə iştirak edirlər. Ayinlərdən sonra insanlar bir-birinə "Xristos dirildi!" – "Həqiqətən də dirildi!" deyə salam verirlər.

Pasxa Azərbaycanda rəsmi dini bayram sayılmasa da, hökumət tərəfindən dini tolerantlığın göstəricisi olaraq bu bayramın qeyd olunmasına şərait yaradılır. Rəsmi şəxslər bəzən pravoslav icmalarını təbrik edir, tədbirlərdə iştirak edirlər.

Eyni zamanda Azərbaycanda yaşayan xristianların qeyd etdiyi Pasxada əsas fərq mətbəxdə özünü göstərir. Belə ki, Pasxa gününə məxsus şirniyyatlar- Pasxa kulici və pashka ilə yanaşı, həmin gün milli mətbəxə aid yeməklər də bişirilir, beləliklə bütün ailə bir yerə toplaşaraq dua, şükür edir və İsanı anırlar. (Modern.az)


OXŞAR XƏBƏRLƏR