Yaslarla bağlı qadağalar geri qayıdır?

Evlərdə keçirilən yas mərasimləri ilə bağlı zaman-zaman mənfi xəbərlər alırıq - ya kütləvi zəhərlənmələr olur, ya da eyvan çökür, insanlar xəsarət alırlar və sair. Pandemiya dövründə yas və toylar barədə qadağalar mövcud idi. Təbii olaraq, faciəvi hadisələr də olmurdu. Bu baxımdan, xüsusilə mərasimə gələn insanların sayını azaltmaq, süfrədə daha az qida məhsullarına yer vermək müzakirə obyektidir.
Yas mərasimləri ilə bağlı qadağalar yenidən tətbiq edilə bilərmi?
Sfera.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov məsələnin dəfələrlə müzakirə olunduğunu deyib:
"Bu gün Azərbaycanda həm yas, həm də toy mərasimləri əndazədən çıxıb. Təəssüf ki, məclislərimizdə israfçılıq baş alıb gedir. Bundan cəmiyyət də əziyyət çəkir. Düşünürəm, artıq yas və toy tədbirlərində israfçılığa son qoymağın zamanı gəlib. Bu, həm də ictimai sifarişidir. Ümid edirik, tezliklə bu istiqamətdə müəyyən dəyişikliklər və yanaşmalar görə biləcəyik".
İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insanların xoş niyyətlə toplanmasında qəbahət yoxdur:
"Peyğəmbərimiz yas məclisləri ilə bağlı öz tövsiyələrini verib. Xüsusən səhabəsinə, ona inanan dostlarına deyir ki, hüznlənmiş bir ailə varsa, dəstək olun, yükünü, dərdini yüngülləşdirin. 3 gün ərzində həmin evə dost-tanışların, qohum-əqrəbaların getməsi ziyarət ədəbini ortaya qoyur. İnsanlar mənəvi dəstəklə yanaşı, maddi yardım da edirlər. Amma pandemiya dövründə məclislər qanunlar çərçivəsində gerçəkləşdi. Günümüzdə isə israf həddindən artıq çoxalıb. Bəzi imkansız adamlar yas mərasimləri üçün aldıqları borcları illərlə ödəməyə çalışırlar. Onları çıxılmaz vəziyyətə salmağın nə mənası var? Önəmli olan məclislərdə Quran oxumaq, dua etmək, vəfat edən insanın adını gözəl xatirələrlə canlandırmaq, Allahdan əfv diləməkdir. Yaslarda baş verən faciəvi hadisələr isə nadir hallarda olur. Ümumiyyətlə, hamı öz məclisində daha təmiz qidalara yer vermək istəyər. Lakin hər kəs düşünməlidir ki, gördüyü işdən Allah razıdır, yoxsa yox? Başqalarının baxışı ilə həyat quran şəxslər heç vaxt insanları məmnun edə bilməyəcəklər. Bu, çətindir".