Beynəlxalq Ana Dili Günüdür

Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd olunur.
Sfera.az xəbər verir ki, bu günün təsis edilməsi 1952-ci il fevralın 21-də Banqladeşin Dəkkə şəhərində ana dilinin rəsmi statusu uğrunda mübarizə aparan dörd tələbənin həyatını itirməsi hadisəsi ilə bağlıdır.
1999-cu ilin noyabrında UNESCO-nun Baş Konfransının 30-cu sessiyasında Banqladeşin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib və 2000-ci ildən etibarən bu gün dil və mədəni müxtəlifliyin qorunması məqsədilə qeyd olunur.
Hazırda dünyada təxminən 6700-7000 dil mövcuddur və onların 45 faizi təhlükə altındadır. Belə ki, bu dillərin yalnız 5%-i fəal şəkildə istifadə edilir. Dillərin 96%-i dünya əhalisinin cəmi 4%-i tərəfindən danışılır. UNESCO-nun məlumatına görə, hər iki həftədə bir dil yox olur ki, bu da mədəni müxtəlifliyin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu tempdə davam edərsə, 21-ci əsrin sonuna qədər dillərin sayının beş dəfə azalacağı proqnozlaşdırılır.
Dünyada ən çox danışılan dili təxminən 1,2 milyard nəfər ilə Çin dilidir. Sonrakı sıralarda Ərəb dili (təxminən 422 milyon nəfər), Hind dili (təxminən 366 milyon nəfər), İngilis dili (təxminən 341 milyon nəfər) və İspan dili (təxminən 322 milyon nəfər) yer alır.
Dillərin qorunması, mədəni müxtəlifliyin və insanlığın irsinin saxlanması üçün vacibdir. Ana dili, bir xalqın kimliyini və mənəvi dəyərlərini ifadə edən əsas vasitədir. Dil vasitəsilə nəsildən-nəslə bilik və təcrübə ötürülür. Buna görə də, dillərin qorunması və gələcək nəsillərə çatdırılması, mədəni irsin davamlılığını təmin edir. Dillərin itməsi yalnız bir ünsiyyət vasitəsinin yox olması demək deyil, eyni zamanda həmin dilin daşıdığı mədəniyyət, ənənələr və biliklərin də itirilməsi deməkdir. Hər bir dil, özünəməxsus dünya görüşü və düşüncə tərzi ilə xalqın mədəni irsini əks etdirir. Dil olmadan, bir xalqın tarixi, ədəbiyyatı və mədəniyyəti də zamanla unudula bilər.
Dillər zamanla müxtəlif səbəblərdən dəyişir və inkişaf edir. Qloballaşma, texnoloji inkişaf və mədəni təsirlər dillərin lüğət tərkibinə və qrammatik quruluşuna təsir göstərir. Bəzi dillər yeni sözlər və ifadələrlə zənginləşərkən, bəziləri isə istifadədən çıxaraq unudulur. Bu prosesdə, xüsusilə kiçik icmaların dilləri daha həssas vəziyyətdədir və xüsusi diqqət tələb edir. UNESCO və digər beynəlxalq təşkilatlar dillərin qorunması və inkişafı üçün müxtəlif proqramlar həyata keçirir. Hər bir fərdin öz ana dilini qoruması və gələcək nəsillərə ötürməsi bu prosesdə mühüm rol oynayır.
Azərbaycan dili, türk dilləri ailəsinə mənsub olub, Azərbaycan Respublikasının rəsmi dilidir. Dilin saflığının qorunması və inkişafı istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan dilinin tədris mühitində qorunması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi üçün lüğətlərdən və digər tədris vasitələrindən səmərəli istifadə vacibdir. Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Qeyd edək ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirir.
Beynəlxalq Ana Dili Günü dil və mədəni müxtəlifliyin əhəmiyyətini vurğulamaq üçün mühüm bir gündür. Dillərin qorunması və inkişafı üçün hər birimizin üzərinə məsuliyyət düşür. Ana dilimiz olan Azərbaycan dilini sevmək, qorumaq və gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının borcudur.
Firuzə Əliyeva