“Planetlərin böyük paradı” müşahidə olunacaq - BU TARİXLƏRDƏ
“2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq”.
Bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, bu hadisə zamanı bir neçə planet səmada ardıcıl sıralanır və Yerdən eyni vaxtda görünür.
“Böyük parad hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda – təxminən 170-180 ildən bir müşahidə olunur. 21 yanvar tarixində axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur. Çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri - Venera, Mars, Yupiter və Saturnu adi gözlə asanlıqla müşahidə etmək mümkündür”.
Qeyd olunub ki, digər hadisə 28 fevral tarixində baş verəcək:
“Həmin gün axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. 11 avqustda isə səhər saatlarında 6 planeti - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq. “Planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir”.
Günay
Sfera.az