Qazaxıstanda azərbaycanlıların diaspor fəaliyyəti genişlənir - ŞƏRH

Qazaxıstanda azərbaycanlıların diaspor fəaliyyəti genişlənir - ŞƏRH

Azərbaycanlıların sıx məskunlaşdığı ölkələr arasında keçmiş sovet respublikaları da var. Müxtəlif tarixi proseslər və səbəblərlə əlaqədar olaraq soydaşlarımız keçmiş sovet respublikalarının vətəndaşına çevrilib. Birgə yaşadığımız illər ərzində çoxlu sayda soydaşımız iş, təhsil məqsədilə, eləcə də repressiya ilə əlaqədar bu respublikalara üz tutub.

 

Sfera.az xəbər verir ki, keçmiş sovet respublikalarında müxtəlif səbəblərdən məskunlaşan soydaşlarımız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diasporaımızın əsas qüvvəsinə çevriliblər. SSRİ-nin mövcud olduğu dövrdə Azərbaycanı tərk edən soydaşlarımızın önəmli hissəsi Qazaxıstanda yaşayıb.

 

Keçmiş sovet respublikalarından olan Qazaxıstan Orta Asiyanın aparıcı dövlətlərindən biridir. Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf edib. 1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər.

 

Repressiya olunan azərbaycanlıların təqribən 120 min nəfəri Qazaxıstana sürgün olundu. İlk sürgün edilən soydaşlarımız Canbul, Cimkənd və Almatı vilayətlərində məskunlaşmışlar. Repressiya prosesi 40-50-ci illərdə də davam edərək bura çoxlu sayda azərbaycanlının məcburi köçürülməsinə səbəb oldu. Köçürülən azərbaycanlılar, əsasən, Gürcüstan və Azərbaycanın digər bölgələrindən olan deportantlar idilər.

 

1956-1960-cı illərdə isə on beş minə yaxın azərbaycanlı Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə kömək üçün buraya köçürülüb. Son məlumatlara görə, Qazaxıstanda 153 minə yaxın azərbaycanlı yaşayır. Onlar daha çox paytaxt Astana və əlkənin ən böyük şəhəri olan Alma-Atada məskunlaşıblar.

 

Azərbaycanlılar Qazaxıstanda 1960-cı illərdən diaspora fəaliyyəti ilə məşğuldurlar. SSRİ-nin dağılmasından sonra bu proses yeni şəkil alıb və artıq müstəqil Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərən təşkilatlara çevriliblər. Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hisəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm vəzifələr tutublar.

 

Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gələrək, burada ailə həyatı qurmağa, sonra geri qayıtmağı üstünlük verir. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər. Qazaxıstanda insanların milli, dini, irqi zəmində hec bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş coxlu azərbaycanlı yaşayır. Onların arasında dövlət strukturlarında çalışan azərbaycanlılar da var. Vəkillər, alimlər arasında da xeyli soydaşımız var.

 

Daxili İşlər Nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənimiz fəaliyyət göstərir. 1990-cı illərdən Aktyubinsk vilayətində "Birlik", Astana şəhərində "Xəzər", Karaqanda vilayətində "Kamus", Povladar vilayətində “Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. “Nəsimi" Azərbaycan Mədəniyyət Mərkəzi Cambul vilayətinin Cu rayonunun Yeni yol – Novıyput kəndində yaradılmışdır.

 

Qazaxıstan azərbaycanlılarının iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı "Turan" Mədəniyyət Mərkəzidir. 1993-cu ilin mayında Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Turan" ictimai-mədəni fəaliyyətlə məşğul olur. Mərkəzin rəhbərliyilə Almatıda "Ozan" şəhər Mədəniyyət Cəmiyyəti təsis olunmuş və bunun ardınca digər vilayətlərdə proses davam etmişdir. Türk xalqlarının birliyi, mədəni tədbirlər, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi və s. istiqamətlərdə fəal iş aparan "Turan" Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı Azərbaycan ictimai-mədəni cəmiyyətlərinin konqresi "Turan"ın missiyası daha geniş və fəaliyyəti isə böyükdür. “Turan” konqresinin orqanı olan “Vətən” qəzeti qeydiyyatdan keçmişdir. Qəzet Azərbaycan, qazax və rus dillərində çap olunur.

 

Bu ölkədə, eyni zamanda, "Turan Ekspress" adlı qəzetdə dərc edilir. Hazırda Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü" məktəbləri fəaliyyət göstərir. Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində azərbaycanlılara hər il 10 yer verilib.

 

Qazaxıstanda diaspora fəaliyyətinin genişlənməsində Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının da böyük rolu var. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

 

Yenidən Prezident seçilən İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldib. Prezident bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarını atacaq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək. Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək. Əlaqələrin inkişafında sözsüz ki, diaspora fəliyyətinin də böyük faydası olacaq.

 

Vasif

 

Mövzu: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olundu

Oktyabrın 8-9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən ...

Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olundu

ADA Universitetində “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq sim...

Bu şəxslər15 ilədək azadlıqdan məhrum ediləcək

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.   Sfera.az xəbər verir ki, bu...

COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans mək...

"Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz" - ŞƏRH

"Paşinyan Əliyevin yarımçıq sazişə belə imza atacağını zənn edirdi".   Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib....

"Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb" - Medianın İnkişafı Agentliyi

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının rəhbərliyi adından saxta məlumat yayılıb. &nbs...