Azərbaycanda hospislərin yaradılması mümkündür? - Sosioloqdan AÇIQLAMA

Azərbaycanda hospislərin yaradılması mümkündür? - Sosioloqdan AÇIQLAMA

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür. Bu gün BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə əsasən qeyd olunur. 

 

2024-cü il statistikasına görə, Azərbaycan əhalisinin 4.9 faizi, yəni 501 min nəfəri ahıl insanlardan ibarətdir. Həmçinin Azərbaycan əhalisinin tərkibində ahıl insanların xüsusi çəkisi getdikcə artır. Belə ki, 2014-cü ildə Azərbaycan əhalisinin 4 faizi, yəni 380 mini ahıl insanlardan ibarət olub. Son 20 ildə isə ahıl insanların sayı 2 dəfə artıb.Düzdür, ölkəmizdə ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılır. Lakin bununla yanaşı, xaricdə hospis təcrübəsi də var. Hospis ümidsiz xəstələrə xidmət və qayğı göstərilən səhiyyə müəssisələridir. Hospisin pasientləri "ev" əşyaları ilə əhatə olunurlar, onlar qohumları və yaxınları ilə sərbəst görüşə bilirlər. Tibb heyəti də palliativ kömək göstərir.

 

Ölkəmizdə də hospislərin yaradılması mümkündürmü? Bu sahədə hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu, Azərbaycan üçün çox aktual məsələdir:

 

“Azərbaycan ailəsində keyfiyyətcə dəyişimlər baş verir. 50 il əvvəl cavanlar tərəfindən yaşlı insanlara qarşı münasibət tamamilə fərqli idi.  Çox istərdim ki, bu məsələnin üzərində dayanılsın. Çünki get-gedə ölkədə hospislərə ehtiyac yaranır”.

 

Sosioloq qeyd etdi ki, öncə ciddi tədqiqat aparılmalı və proqram hazılanmalıdır:

 

“Mən hələ 30 il budan qabaq bu məsələ ilə çox sıx şəkildə maraqlanırdım. İstəyirdim ki, Azərbaycanda bu tip evlər olsun. Bir ara Azərbaycanda nümunələr yaratmağa çalışırdım, hətta Niderlandla əlaqələr də qurmuşdum. O zamanlar yazıçı Gülşən Kazımova-Atəş ilə birlikdə Niderlandın dəstəyi ilə burada hospislər qurmağa cəhd etdik, nazirliklə də danışıqlar gedirdi. Təəssüflər olsun ki, Gülşən xanım rəhmətə getdi və bu işlər yarımçıq qaldı. Çox istərdim ki, bu məsələlərlə ciddi məşğul olunsun. Dövlət qurumları ilə də danışıqlar aparılmalıdır. Digər ölkələrin və bəzi beynəlxalq təşkilatların da köməyindən istifadə etmək olar”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR