"İndi qadınlar kişiləri yeriyən pul kimi görür, onlardan maddi mənada istifadə edirlər" - Lalə Mehralı

Bir çoxları hesabı kişilərin ödəməli olduğunu düşünür. Xüsusən şərq ölkələrində bu fikir daha hakimdir. Bəziləri düşünür ki, hesabı ödəməyən tərəf xəsislik edir. Bəzilərinin fikrincə, kişi pulu olduğu halda qadına hesab ödətdirirsə, bu, o kişinin qadına dəyər vermədiyini, onu öz gələcəyində görmədiyini göstərir.
Ümumiyyətlə, hesabı kim ödəməlidir? Kişi, yoxsa qadın?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, qadınlardan ötrü kişi cibi doludursa, kişidir, boşdursa, gərəksizdir, əşyadır:
“Əslində, bu, bu günə qədər müzakirəsi belə ayıb hesab edilən vəziyyət idi. Bizim mədəniyyətimizə görə, qadını harasa kişi dəvət etdiyi üçün o da ödəyirdi, kişi olan yerdə qadın əlini pulqabına atmırdı və mütləq qaydada hesabı kişi ödəyirdi. Son dövrlərdə qadınların keçirdiyi transformasiya elə bil həddə gəlib çatıb ki, kişiləri yalnızca yeriyən pul kimi görürlər. Qadınlar bu vəziyyətlərdə kişilərdən istifadə edir. Kişinin xarakteri, görünüşü, zəkası, savadı səni qane edirsə, sən onun pulqabının dolu və ya boş olmasına baxmamalısan. Təəssüf ki, dövrümüzdə qadınları maraqlandıran pulqabının köklüyü, arıqlığıdır. Ona görə də bu məsələ çox müzakirə edilir. Əgər mən bir kişi ilə sevgili və ya nişanlıyamsa, o məni təmin etməlidir fikri ilə yaşayırlar. Kişilər onsuz cibində kifayət qədər vəsaiti varsa, yanındakı qadını hesab ödəməyə qoymurlar. Onlar bunu özlərinə təhqir kimi qəbul edirlər. Əgər dəvət edibsə, ödəmə potensialı var və ödəyəcək. Əgər kişi dəvət etməyib, qadın özünü zorla dəvət etdiribsə, belə olan halda hesabı özünün və ya yarı-yarıya ödəyəcəyi ehtimalını nəzərə almalıdır”.
L.Mehralının sözlərinə görə, qadınlar kişilərlə ona görə sevgili olur, nişanlanırlar ki, maddi cəhətdən istədiklərini əldə edə bilsinlər:
“Əgər gender bərabərliyindən bu qədər danışırıqsa, niyə qadın öz hesabını kişinin üstünə yıxmaq istəyir? Hüquqlar bərabərdir, onda hesab bərabər formada ödənilməlidir. Ümumiyyətlə, qadınların “kişi ödəməlidir, kişi hədiyyə almalıdır, kişi təmin etməlidir, bütün xərcləri qarşılamalıdır” düşüncəsini heç vaxt anlamamışam, bu, mənə görə absurd fikirdir. Məncə, bütün ağıllı qadınlar bu düşüncədədir ki, kişilər buna bocrlu deyil. Əgər kişinin könlündən keçirsə, onsuzda o hədiyyəni alacaq, o pulu xərcləyəcək. Bunu onu israrla, qınaqla, təlqinlə, təkidlə etdirmək qadına başucalığı gətirmir. Eləcə də, hesabı kişiyə ödətdirmək və bunu adət halına gətirmək heç bir qadın üçün yaxşı hal deyil”.
Firuzə Əliyeva