"Qondarma psixoloqlar, seksoloqlar gənclərə "tövsiyə" verir..." - Deputat o verilişləri YIXIB-SÜRÜDÜ

"Qondarma psixoloqlar, seksoloqlar gənclərə "tövsiyə" verir..." - Deputat o verilişləri YIXIB-SÜRÜDÜ

Son zamanlar verilişlərdə bəzi ekspertlər, o cümlədən aparıcıların gənclərə verdikləri dırnaqarası məsləhətlər birmənalı qarşılanmır.  Bu, xüsusilə ailə məsələlərində özünü biruzə verir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, bizim ideoloji sistemimizdə müəyyən problemlər var. Millət vəkilinin fikrincə, dünyagörüşünün formalaşdırılmasında rolu olan institutların zəifləməsi, qeyri-hökumət təşkilatlarının effektsiz fəaliyyəti digər sahələrə də öz təsirini göstərir:

 

“Bu kimi məsələlərdə insanlara müəyyən dərəcədə doğruları, faydalı istiqamətləri aşılayan mexanizmlər demək olar, ortadan qalxıb. Yəni,istər gənclər, istər təhsil siyasəti olsun, burada konkretlik, cəmiyyətin hansı hədəfə yönəldiyi barədə fikirlər yoxdur. Məsələn, insanların narkomaniyadan uzaqlaşması üçün görülən tədbirlər effektli deyil. Çox sayda məşğulluğu olmayan insanların bu istiqamətə yönəlməsi də sabah ailə həyatında özünü biruzə verir. Bu kateqoriyadan olan insanların böyük əksəriyyəti narkotik aludəsi, yaxud insan alveri qurbanına çevrilirlər, əxlaqsız həyat tərzini özləri üçün yaşam vasitəsi kimi görürlər. Ona görə də, qadınların da, kişilərin də bu dünyagörüşündə formalaşması cəmiyyət üçün böyük təhlükə yaradır. İstər cinsi azlıqlar, istər narkotikə aludə olanlar hər cəmiyyətdə var və marjinal qüvvə kimi hərdən səslərini duyururlar. Amma artıq bu səslər kütləvi eşidilməyə başlayır. Bu da digər insanları qorxudur, gələcəklə bağlı ümidlərinə zərbə vurur”.

 

F.Mustafa bildirdi ki, bu məsələlər həm də sosioloji tədqiqat mövzusudur:

 

“Bizdə isə sosioloji institutlar demək olar, yox səviyyəsindədir. Yəni qondarma psixoloqlar, seksoloqlar, müxtəlif insanlara tövsiyə verən şəxslər meydana çıxıb müəyyən ideyaları təbliğ edirlər, insanlara, guya, hansısa bir ritorik hiyləgərlikdən istifadə edərək nələrisə aşılamağa çalışırlar. Bu sahə ilə məşğul olmalı olan qurumların fəaliyyəti cəmiyyətə təsir edəcək gücdə deyil. Biz bunu yaratmalıyıq ki, cəmiyyətlə iç-içə bir sıra məsələlərin səmimi müzakirəsi olsun. O zaman televiziyalar da bunu müəyyən dərəcədə özləri üçün qəbul edib addımlar atacaqlar.  Daha fərqli bir televiziya siyasətinin izlənməsinə özləri də maraq göstərəcəklər. Bütün bunların hamısını mütləq ciddi sosioloji tədqiqatlar apararaq həyata keçirmək lazımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR