İki şəhidimizin nəşinin qalıqları 31 il sonra torpağa tapşırıldı - REPORTAJ

İki şəhidimizin nəşinin qalıqları 31 il sonra torpağa tapşırıldı - REPORTAJ

Elə anlar var ki, hisslərini sözlə ifadə etməkdə aciz olursan. Sözlərin, cümlələrin yetərsiz qalır. Bu gün də elə günlərdən biri idi. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Cavanşir Hüseynov və şəhid Tahir Şirinovun nəşinin qalıqları 31 il sonra torpağa tapşırıldı...


31 ildir, onların yolunu həsrətlə gözləyən ailələrinin ümidləri də bu gün şəhidlərimizlə bərabər dəfn olundu. Axı ailələri tükənməz bir ümidlə onların geri qayıdacağını gözləyir, yenidən görmək diləyi ilə həyata bağlanırdılar. Bu gün isə onlar ailələrinin ümidini, diləyini özləri ilə bərabər ən uca zirvəyə -  Şəhidlik zirvəsinə daşıdılar. 


Cənazələrinin gətirildiyi evdən analarının, bacılarının, onları sevənlərin ağısı eşidildi...

 

 

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən ikisi- şəhid Cavanşir Hüseynov və Tahir Şirinov Mehdiabad qəbrstanlığında dəfn olundular.


Dəfn mərasiminə şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri qatılmışdı. Onlar şəhidlərimizin məzarına gül düzərək ruhlarına dualar oxudular.


Elşən Hüseynli Sfera.az-a əmisi Cavanşir Hüseynovun girov götürülməsindən bəhs etdi:

 


“Əmim, şəhid Cavanşir Hüseynov 1960-cı ildə Cəbrayıl rayonunda anadan olub. 23 oktyabr 1993-cü ildə o, yaxın qohumları Şirin Şirinov, Tahir Şirinov, Nazim Şirinov və Nisə Əliyeva ilə birgə avtomobillə hərəkət edərkən Füzuli rayonunun Şürbəli və Kərimbəyli kəndləri arasındakı ərazidə ermənilər tərəfindən girov götürülüb. Onların hamısı şəhidlik zirvəsinə ucalıblar.  31 il sonra onların nəşinin qalıqları ailələrinə təhvil verilib.  7 iyul 2024-cü ildə şəhid Nazim Şirinov Mehdiabad qəbristanlığında dəfn edilib. Bu gün onun məzarının yanında qardaşı Tahir Şirinov və əmim Cavanşir Hüseynov da dəfn edildi”.


Şəhid Cavanşir Hüseynovun oğlu Elçin Hüseynov isə Sfera.az-a atası ilə qürur duyduğunu bildirdi:

 


“Atam 1993-ci ildə Füzuli ərazisində döyüşərkən mühasirəyə düşərək erməni təcavüzkarları tərəfindən əsir götürülüb. Atam həmin müharibə dövründə bir kəndin insanlarını öz maşını ilə xilas edib. Bizi də Beyləqan rayonunda babamgilə yerləşdirib. Daha sonra özü döyüş meydanına geri dönərək əsir düşüb.  Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

Şəhidlərimizin yaxınları ilə söhbətləşdikdən sonra ruhlarına dualar oxuyub qəbiristanlığı tərk edik. Lakin əminik ki, xalqımız onları heç zaman unutmayacaq, məzarlarını ziyarət edəcək və daima əziz xatirələrini ehtiramla yad edəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət etsin...

 

 

Ülkər Abdurahmanlı
Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR