Ailələri tərəfindən marketlərdə diləndirilən uşaqlar - Qanun bu hallar üçün nə deyir?

Ailələri tərəfindən marketlərdə diləndirilən uşaqlar - Qanun bu hallar üçün nə deyir?

Azyaşlı və yeniyetmə uşaqların işə cəlb edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllə və digər qanunvericiliklə nəzərdə tutulan qaydalardan fərqli olaraq azyaşlı və ya yeniyetmələrin işə cəlb edilməsi qadağandır və məsuliyyət yaradır. 

 

Sfera.az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə istehlakçıların marketlərdə rastlaşdıqları azyaşlı dilənçilərlə bağlı şikayəti artıb. Belə ki, həmin dilənçilər marketlərdə insanlara yaxınlaşaraq onlar üçün nəsə almalarını tələb edirlər. Təbii ki, istehlakçılar da bundan narahat olurlar. Müşahidələrimizə əsasən deyə bilərik ki, həmin dilənçilərin əksəriyyəti uşaqlar olur. Daxili İşlər Nazirliyinin açıqladığı hesabata görə, 2023-cü ildə 342 uşaq dilənçilik etdiyi üçün saxlanılıb. 

 

Maraqlıdır, bu məsələ necə tənzimlənməlidir? 

 

Saytımıza açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu məsələlərin tənzimlənməsi sırf marketin öhdəsinə buraxılır:

 

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu məsələlərin tənzimlənməsi sırf marketin öhdəsinə buraxılır:

 

“Belə hadisələr baş verəndə dövlət qurumlarına müraciət edirik. Onlar isə bildirirlər ki, marketin ərazisi biznes qurumunun özünə aiddir, istehlakçılarla necə istəsə, elə də davrana bilər. Bir çox restoranlarda “face control” var. Məsələn, deyir ki, üzün xoşuma gəlmədi və girişə icazə vermir, ya da qadınla gəlməlisən, tək içəri buraxmırlar. Marketlərlə bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur, ona görə də biznes qurumlarının özləri bu məsələni həll etməlidir. Əslində, onlar hər kəsə xidmət etməyə borcludur, lakin kimlərisə içəri buraxmaya bilərlər”. 

 

Ekspertin sözlərinə görə, xaricdən gələn qonaqlar inanmırlar ki, Azərbaycan kimi müasir ölkədə dilənçi ola bilər:

 

“Hətta İngiltərədən gələnlər qadının dilənməsinə daha təəccüblə yanaşırlar. Düzdür, dilənçilik bütün dünyada var, lakin doğma Azərbaycanımıza bu yaraşmır. Bilmirəm, bunu inzibati, yoxsa humanitar yolla həll etmək olar, amma bu məsələlər Azərbaycanda mütləq həll olunmalıdır”.

 

Qeyd edək ki, uşaq əməyinin istismarı uşağın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, onu təhsildən məhrum edir, uşağın fiziki-mənəvi inkişafına zərbə vurur. Azərbaycan da uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biridir. Məsələn, ötən dövrdə Azərbaycan BƏT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyənnaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulub. Azyaşlı və ya yeniyetmə uşaqların əmək münasibətlərinə cəlb edilməsi yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada həyata keçirilə bilər.

 

Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işə qəbulla əlaqədar yaş həddi var və bu yaşdan aşağı olan şəxslərin işə qəbul edilməsi qadağandır. Ölkəmizin Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən qanunvericiliyə əsasən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığı götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb. 

 

Firuzə Əliyeva

 

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR