Bakı sakinləri necə dincəlir? - Çimərliklərdən REPORTAJ - FOTOLAR

Bakı sakinləri necə dincəlir? - Çimərliklərdən REPORTAJ - FOTOLAR

Qızmar yay günlərində Xəzər sahilləri sərinləmək istəyən insanların xilas məkanıdır.Amma bəzi nüanslar insanların çimərliklərə və hovuzlara üz tutmasına mane olur. Buna qiymətlərin bahalığı, çimərliklərdə olan natəmizlik, xidmətin aşağı səviyyədə olmasını misal göstərə bilərik.

 

Biz də vəziyyəti daha yaxından müşahidə etmək üçün “Ay ışığı” çimərliyinə üz tutduq. İlk baxışda insanların çoxluğu və suda əylənənlər xoş təəssürat yaratdı. Amma təbii ki, ilk görüntüyə aldanmaq olmazdı. Günorta saatları olmasına baxmayaraq, dəniz kənarında xeyli insan var idi.

Kimisi çətirin altında əyləşib dənizi seyr edir, kimisi günəşin səhərdən bəri qızdırdığı ilıq dəniz suyuna baş vurur, kimisi də günəş vannası qəbul edirdi. FHN-in xilasediciləri sahilin bu başından o başına gedərək istirahət edənlərə göz qoyur, hər hansı bir problem yaşanıb-yaşanmadığını izləyirdi.


Əvvəlcə özlərini günə verib dincələn insanlara yaxınlaşdıq. Çimərlikdəki vəziyyətlə bağlı təəssüratlarını soruşduq. Onlar fotolarının çəkilməsini istəməsələr də suallarımıza səmimiyyətlə cavab verdilər. 


Mətanət Abdullayeva buradan qismən razı olduğunu bildirdi:


“Suyu təmizdir. Xidmət səviyyəsi də müəyyən qədər qane edir. Burada ən böyük problem duş kabininin olmamasıdır. Dənizdən çıxdıqdan sonra duş almaq istəsək də, mümkün olmur. Geyimlərimizi qumlu halda geyinməyə məcbur oluruq”.

 


Digər istirahət edənlər də əsasən bu problemdən şikayətləndilər.

 

Daha sonra çimərlikdə çalışan Elnura yaxınlaşdıq. O da istirahət edənlərdən şikayətləndi:


“Bəzən insanlar yeyib-içdiklərini atmırlar. Bu xoş olmur. Çünki həm çimərlik çirklənir, həm də bizə ikiqat iş olur. Bəziləri isə təmizləyib sonra gedirlər. Belə insanların daha çox olmasını istəyirik”.

 

Xilasedici Fərid Quliyevlə söhbət zamanı öyrəndik ki, çimərlikdə təhlükəsizliyə ciddi nəzarət edilir. Şarlardan o tərəfə keçmək istəyən vətəndaşlara dərhal xəbərdarlıq edilir. Bununla belə, xilasedici bildirdi ki, çimərliyə gələnlər arasında qaydaları pozaraq özünü təhlükəyə atanlar da az olmur:

 

"Axşama doğru gənclər, yaxud da çimərliyə içkili gələnlər qaydaları pozmağa cəhd edirlər. Sözsüz ki, biz onları dənizdən çıxarmaq səlahiyyətində deyilik. Onlara dənizdə şarlardan o tərəfə keçməyin təhlükəli olduğunu xatırladırıq. Kimsə buna baxmayaraq keçirsə, boğulmaq təhlükəsi yaranırsa, dərhal xilas edirik".

 

Daha bir neçə çimərlikdə olduq, istirahət edənlər və orada çalışanlarla söhbətləşdik. Demək olar ki, olduğumuz çimərliklərin hamısında şikayətlər eyni idi. Hətta bəzi çimərliklərdə gün vuran insanları da gördük.

 

Çimərlikdə istirahət edənlər və çalışanlarla söhbətdən sonra ekoloji və təhlükəsizlik məsələləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departametindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirildi ki, çimərlik ərazilərinin təhlükəsizliyi,insanların istirahəti zamanı yaranan tullantıların idarə olunması (suda və sahildə təhlükəli əşyaların yığışdırılması, zibil yeşiklərinin qoyulması və tullantıların vaxtında daşınması,çimərlik sahələrinin duş kabinələri ilə təchiz olunması,kölgəlik çadırlarının qurulması və s zəruri vasitələrin təminatı),ekoloji norma və standartların gözlənilməsi müqavilə şərtləri əsasında tənzimlənir. Başqa sözlə, müqavilədə icarəyə verən və icarəyə götürən şəxslərin tullantıları idarə etməsi və ekoloji təhlükəsizliyə görə götürdükləri öhdəlikləri qanunvericilik aktları müəyyənləşdirir. Çimərlik mövsümü ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən mütəmadi olaraq sahilboyu ərazilərdə və çimərlik sahələrində mövcud vəziyyət qiymətləndirilir, ətraf mühitin mühafizəsi, ekoloji norma və standartların gözlənilməsi, mövcud olan ekoloji problemlərə münasibət və bunların həlli yolları müvafiq icra hakimiyyəti, bələdiyyə təşkilatları və sahibkarlarla müzakirə olunur. Müqavilə öhdəliklərinin icrasında qanunvericilik aktlarının tələblərinin pozulması ilə baş verən hallar nazirliyin müvafiq qurumları tərəfindən sənədləşdirilir və günahkarlara qarşı qanuna müvafiq tədbirlər görülür.

 


Günvurma halları ilə bağlı həkimə müraciət etdik.

 

Həkim Dilarə Xəlilova bildirdi ki, günvurma zamanı ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik qeydə alınır:

 

“Orta günvurma kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huşitirmə halları ilə müşahidə olunur. Ağır günvurma isə kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur”.

 

Həkim günəş şüasından qorunmaq üçün məsləhətlərini də verdi:

 

“Günün ən isti saatlarında 10:00-16:00 radələrində insanlar məcbur qalmadıqca çölə çıxmamalıdır. Bu saatlarda dənizə girməmək də tövsiyə olunur. Qızmar havalarda daha çox açıq rəngli geyimlərə üstünlük verilməlidir. Bu geyimlər Günəşin ultrabənövşəyi şüasının bədənə daxil olmasının qarşısını alır. Bədən hərarətinin yüksəlməməsi üçün tez-tez duş almaq lazımdır”.

 


Ülkər Abdurahmanlı
Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...