Məşhur aktrisa Asya Atakişiyeva: "Azərbaycanda kino var ki, çəkiləm?" - MÜSAHİBƏ

Məşhur aktrisa Asya Atakişiyeva: "Azərbaycanda kino var ki, çəkiləm?" - MÜSAHİBƏ

"Aktrisa peşəsi olduqca maraqlıdır. İş qrafiki digər standart işlərdən fərqlidir. Çəkiliş məqsədilə müxtəlif məkanlarda oluruq və fərqli yerləri gəzirik. Bu peşənin əyləncəli tərəfləri də çoxdur.  Aktrisalıq tanınmaq üçün gözəl peşədir". 


Bunu Sfera.az-a müsahibəsində Gənc Tamaşaçılar teatrının aktrisası, Prezident mükafatçısı Asya Atakişiyeva deyib.

 

Onunla müsahibəni təqdim edirik:


- Peşənizin mənfi cəhətləri varmı?


- Mənfi cəhətlərini sadalasam, deyə bilərəm ki, bəzən gecələr də çəkilişlər olur. Bu isə fiziki və mənəvi yorğunluğa səbəb olur.


- Bildiyimiz qədər, hüquq fakültəsinə qəbul olunmusunuz, amma oxumamısınız. Daha sonra rejissorluq üzrə oxumusunuz.Amma indi aktrisa olaraq fəaliyyət göstərirsiniz.Aktrisa olduğunuz üçün peşman deyilsiniz ki?

 


- Mən hüquqşünas olmağı uşaqlıqda çox istəyirdim. Lakin bu fakültəyə qəbul olan zaman müəyyən tərəddüd içində qaldım. Həmin ərəfədə ən çox istəyim rejissor olmaq idi. Amma utanırdım deyə ora sənəd vermədim. Lakin hüquq fakültəsinə qəbul olduqdan sonra da getmək istəmədim və rejissorluq üzrə oxudum. 
Aktrisa olduğuma görə peşman deyiləm. Sadəcə çox yüklənəndə, yorğun və stressli olanda kaş başqa peşəni seçərdim deyirəm.


- Bəzən yaradıcı sahədə fəaliyyət göstərən insanlar qazanclarından şikayətlənirlər. Bəs qazancınız sizi qane edirmi?


- Hər kəs qazancının çox olmasını istəyər. Pul çoxaldıqca xərclər də çoxalır.  Heç vaxt kimsə qazancının onu qane etdiyini deyə bilməz. Başqa ölkələrlə müqayisə etsək, bu peşədə qazanc azdır. Orada aktyor və aktrisalar reklamlardan da yüksək məvaciblər əldə edirlər.


- Bəzi aktyor və aktrisaların çəkiliş meydançasında müəyyən tələbləri olur. Asya Atakişiyevanın da özünəməxsus tələbləri varmı?


- Elə xüsusi tələblərim yoxdur. Sadəcə çəkiliş zamanı çox az yemək yeyirəm. Bunu da artıq bilirlər. İşlədiyim insanlar da kaprizli olmadığımı deyirlər.  Sadəcə çox məsulliyətliyəm və görülən işlərin dəqiq olmasını istəyirəm. Bu da tamaşanın və çəkilişin xeyrinə olan bir şeydir. 


- Ən yadda qalan obrazınız hansı olub?


- Hər bir obrazımın mənim üçün xüsusi yeri var. İlk çəkildiyim serial və ilk obrazım mənim üçün daha yaddaqalandır. “Səni sevirəm”, “Yatmış gözəl” və “Qrinç” kimi tamaşalar artıq reportyorda yoxdur. Ordakı obrazlarım üçün də darıxıram. 

 


- Peşənizlə bağlı ailənizdə nə vaxtsa sıxıntı yaşamısınız?


- Mənim canlandırdığım rollarda elə bir qlobal problem yoxdur deyə, heç bir sıxıntı yaşamamışam. 


- Bizdə belə bir fikir formalaşıb ki, karyera quran xanımlar ailəni idarə edə bilmirlər. Siz bu barədə nə düşünürsünüz? Karyera ilə ailəni birgə idarə etmək mümkündür?


- Ağır məşqlərim olanda evə gec gəlirəm. Amma gec gəlsəm də, ev işlərini görməliyəm. Bu isə biraz çətin və yorucudur. “Vətən xainlərinin arvadları” tamaşası 4 saat davam edirdi. Məşqləri də olduqca ağır idi. Gecədən səhərə qədər teatrda olurduq.  Amma məni evdə başa düşürdülər. Biraz çətin olsa da, hər ikisini idarə etmək mümkündür.

 

- Hansı obrazı canlandırmaq istəyərdiniz?


- Son zamnalar komediyadan uzaq qalmışam. Ancaq dram tamaşalarıdır. Son vaxtlar ancaq ağlayıram. Amma indiki seriallardakı komediyalar mənlik deyil. Elə komediyalarda oynamaq istəmərəm. Əvvəlki dövrün komediyalarının tərbiyəvi üslubu var idi. Ordakı zarafatlar da mədəni idi. 

 


- Son zamanlar tamaşaya gələnlərin sayı azalıb. Sizcə, bu nə ilə əlaqəlidir?


- Xeyr, mən bu fikirlə razılaşmıram və tamaşaçıların sayının azaldığını da düşünmürəm.Elə hallar olur ki, biz özümüz tamaşaya dəvətnamə tapa bilmirik. Hamısı satılmış olur. Ola bilər ki, bir tamaşa bir neçə dəfə izlənildikdən sonra müəyyən qədər maraq azalsın. Uşaq tamaşalarına da maraq olduqca böyükdür. Tamaşaçı azlığını hiss etməmişəm.


- Azərbaycanda aktrisalar bəzən tərəf müqabili ilə bağlı problemlər yaşayırlar və intim səhnələri oynamaq istəmirlər.  Sizə belə səhnələri olan ssenari təklifi gəlsə, cavabınız nə olar?


- Belə ssenariləri qəbul etmirəm. Bu cür rollar mənə uyğun deyil. 


- "Qadın" tamaşasında yoldaşınız Əmrah bəyin tərəf müqabili ilə yaxın səhnələri var idi. Yoldaşınızı qısqanmadınız?

 


- Mən onun tərəf müqabilini tanıyıram və ailəvi dostumuzdur. Tanımasam belə, peşəkar aktyorlardır və işlərini icra edirlər. Həm də yoldaşıma güvənirəm. 


- Bəs əksi olsa, yoldaşınız sizi qısqanardı?


- Bəli, qısqanardı.


- Siz bir verilişdə “Ağlamaqla aktrisa olunmadığını” qeyd etmisiniz. Bəs aktrisa nəyi bacarmalıdır?


- Aktrisa ağlamaqdan öncə ağlatmağı bacarmalıdır. Rolu təbii və ürəkdən oynamaq lazımdır.


- Şəxsi həyatınızda və karyeranızda müəyyən etdiyiniz qırmızı xətləriniz varmı?


- Elə qırmızı xətlər zamandan və məkandan asılıdır. Yəni situasiyaya görə dəyişir. Bəzən elə bir situasiya yaranar ki, insan etmərəm dediyi şeyləri də edər. 


- Yoldaşınız sizin bu sahədə davam etməyinizi istəməsə və aktrisalıq fəaliyyətinizə qadağa qoysa, nə edərdiniz?


- Yoldaşım bunu istəməz. Çünki o mənlə tanış olanda aktrisa olduğumu bilirdi. Mən 20 ildir,  bu peşədəyəm. Bu işdən ayrılıb başqa bir peşə ilə məşğul ola bilmərəm.  Ailə də insan həyatı üçün olduqca vacibdir. Ailə hamısından önəmlidir. Amma ailə ilə peşə müqayisə edilə bilməz. 

 


- Həyatda nəyi bağışlamazsınız?


- O da situasiyadan asılıdır. Normalda yalanı və yalan danışan insanları sevmirəm. Amma ola bilər ki, vəziyyətə görə kiminsə yalanını bağışlayaram.


- Bəs xəyanət?


- Bunu bilmək üçün xəyanətə uğramaq lazımdır. Çünki insan həmin an nə hiss edəcəyini bilmir.  Bağışlamaram deyərəm, amma bəlkə, bağışladım.


- Məşhurluq insanlarda nəyi dəyişdirir?


- Müəyyən qədər eqo yaradır.  Məsələn bir nəfər tanıyıram. Məşhurlaşdıqdan sonra kaprizləri çoxalmışdı. Amma müəyyən dövr sonra bu şeylərin mənasız olduğunu başa düşdü.


- İnsanların düşüncələrini önəmsəyirsiniz? Sizinlə bağlı deyilən rəyləri diqqətə alırsınız?


- Rəyləri diqqətə alıram, amma tənqidi qəbul edə bilmirəm. Mən bu işə əmək sərf etmişəm, niyə pisləməlidirlər ki? Mən səhnəyə alqış qazanmaq və sevilmək  üçün çıxıram. Tənqid isə məni ruhdan salır.


- Sizin üçün baş rol önəmlidir? Yoxsa epizodik rollarda da oynayarsınızmı?


- Deyirlər, rolun böyük və kiçiyi yoxdur. Amma məncə var. İkinci dərəcəli rollar oynamışam. Bunun da əsas səbəbi baş rol mənə uyğun deyildi. Epizodik rolum olmayıb. Baş rola daha çox önəm verirəm.


- Azərbaycanda kinematoqrafiyanın vəziyyəti sizi qane edirmi?


- Kino varki? Qane etmir. Çünki uzunmüddətdir ki, kinolar çəkilmir. 


- İndi çoxu "Tiktok" videosu ilə belə məşhur ola, populyarlaşa bilir. Amma aktyor və aktrisalar tanınmaq üçün bir sıra keşmekəşli yollardan keçirlər. Müxtəlif relyefli çəkiliş meydançalarında olurlar. Aktyor və aktrisaların çətinliklə əldə etdiyi populyarlığın belə sadə üsulla əldə edilməsinə münasibətiniz necədir?


- Bu, peşəkarlıq hesab olunmur. Bu populyarlıq bir müddətlikdir. "Tiktok"u bağlasalar, onlar məşhurluqlarını itirəcəklər. Mən də sadəcə tanınmaq istəsəydim, tiktok videosu çəkərdim. Amma mən sənətimi icra edirəm. Həm də məşhurluq o qədər önəmli deyil. Əsas sevilməkdir. O qədər məşhur var ki, söyülür.


- İndiki karyeranızı hara daşımaq istəyirsiniz və gələcəklə bağlı hədəfiniz nədir?


- İndi elə bir dövrdəyəm ki, nə çox cavan obrazları, nə də qoca obrazları oynaya bilirəm. Bundan sonra nə oynamaq istədiyimi bilmirəm. Sadəcə bir hədəfim var. Ona çatmaq üçün də zaman lazımdır.


- Hər hansı xarici filmdən təklif almısınız? 


- Türk filmindən təklif almışdım. Filmi bəyənmədim deyə, qəbul etmədim. Pandemiya zamanı Moskvadan da təklif almışdım. Sadəcə pandemiya dövrü idi deyə, alınmadı. 


- Keçmiş filmlərin səsləndirməsi daha yaxşı idi. Dialoqlarda canlılıq var idi. İndiki filmlər də isə elə deyil, obrazlar və dialoqlar tamaşaçıya süni gəlir. Bunun səbəbi nədir?


- Mən bizim səsləndirmələri çox bəyənirəm. Sadəcə filmlər canlı olanda daha yaxşı olur. Çünki sonradan o effekti vermir. Həmin andakı emosiyları sonradan ifadə etmək çətin olur.


- Dram, yoxsa komediya? Cəmiyyətimizə hansı daha çox lazımdır? 


- Hər ikis cəmiyyət üçün lazımdır.

 


- Kino, yoxsa teatr? Sizin üçün hansı daha üstündür. 


- Teatr. Çünki o, mənim ikinci evimdir. Kinonu da çox sevirəm. Amma teatr daha üstündür.


- Son vaxtlar seriallara niyə çəkilmirsiniz?


- Uzun müddətdir, çəkilmirəm və onun aclığını çəkirəm. Çəkilməməyimin əsas səbəbi ya ssenari yaxşı olmur, ya da qonorar az olur.


Ülkər Abdurahmanlı 
Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR