"Gənclərə spirtli içki satışı və silah gəzdirmək icazəsi məhdudlaşdırılmalıdır" - AÇIQLAMA

"Gənclərə spirtli içki satışı və silah gəzdirmək icazəsi məhdudlaşdırılmalıdır" - AÇIQLAMA

19 yaşlı gəncin qız üstündə 24 yaşlı birini öldürməsi gündəmi zəbt edən və insanları narahat edən məsələlərdən birdir. Son zamanlar gənclər arasında kriminal aləmə və hadisələrə olan maraq artıb. Gənclər artıq çıxış yolunu ya intihar etməkdə, ya da kiminsə canına qəsd etməkdə görürlər.


Bəs gənclərin psixologiyası niyə belə çöküb və bu hallara qarşı necə mübarizə aparılmalıdır?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Mustafayeva bildirib ki, gənc yaşlarda törədilən cinayət çox üzücüdür və narahatlığa səbəb olur:

 

“Hər il 15-29 yaş arası gənclər arasında 176.000-dən çox qətl hadisəsi baş verir ki, bu da dünya üzrə ümumi illik qətl nisbətinin 37%-ni təşkil edir. Qətl 15-29 yaş arası insanlar arasında üçüncü əsas ölüm səbəbidir, qətl qurbanlarının böyük əksəriyyəti isə kişilərdir.Gənclik zorakılığı 10-29 yaş qrupundan olan, qohum olmayan və bəzən hətta bir-birini belə tanımayan üzvlər arasındakı zorakılığa aiddir. Gənclər arasında zorakılıq ölüm, xəsarət, əlillik və o cümlədən, psixi sağlamlıq pozğunluqlarına, həmçinin xroniki xəstəliklərin inkişafına kömək edən sağlamlıq üçün riskli davranışlara səbəb olur. Bu, həmçinin məktəbdən yayınma nisbətlərini artırır, idrak inkişafına mənfi təsir göstərir və cəmiyyətdə mənalı iştirak imkanlarını məhdudlaşdırır".


Psixoloqun sözlərinə görə, alkoqol və narkotikin əlçatanlığı, aşağı intellekt və təhsil səviyyəsi, ailədə zorakılıq kimi faktorlar gənclərin psixoloji vəziyyətinə təsir göstərir:


“Gənclərə təsir göstərən digər amil isə kişilər arasındakı münasibətlərlə əlaqəli risk faktorlarıdır. Valideynlər tərəfindən həddindən artıq sərt və ya əksinə zəif və ya ardıcıl olmayan intizam tədbirləri, valideynin narkotik istifadəsi və ya qeyri-qanuni fəaliyyəti də onların zorakılığa yönəlməsinə şərait yaradır”.


Psixoloq qeyd edib ki, gənclər arasında zorakılığın qarşısının alınması üçün bir sıra perspektivli üsullar mövcuddur:


“Uşaqlara və yeniyetmələrə mənfi emosiyaların öhdəsindən gəlmək, münaqişələri və yaranan problemləri həll etmək üçün zəruri olan sosial bacarıqları aşılamaq lazımdır. Təhsil müəssisələrində də zorakılığın qarşısının alınması kompleks üsullar ilə həyata keçirilməlidir. Valideynlərə müsbət valideynlik bacarıqlarını aşılamaq da əsas şərtlərdəndir. Gənclərə spirtli içkinin və siqaretin satışı məhdudlaşdırılmalıdır. Odlu silah gəzdirmək üçün icazələrin verilməsinə də məhdudiyyətlər qoyulmalıdır”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR