"İş, daha çox qazanc, əlavə gəlir..." -  Gənclər üçün Avropaya çıxış niyə bu qədər cəlbedicidir?

Zaman-zaman gündəmə gələn yaxud elə gündəmdə saxlamalı olduğumuz mövzular olur. Bunlardan biri də necə deyərlər, “dövlətin ürəyi” olan gənclərlə bağlıdır. Təəssüf ki, bu gün ölkədən getmək barədə düşünənlərin sayı heç də az deyil. Söhbət yalnız təhsildən getmir. Maraqlıdır ki, son zamanlar iş üçün də, xüsusilə, Avropa ölkələrinə getmək istəyənlərin artımı müşahidə olunur. Əksəriyyəti əsas gətirir ki, həmin yerlərdə kassir, ofisiant, kuryer və.s kimi peşələrlə daha çox qazanc əldə etmək mümkündür və ya ümumiyyətlə, Avropada iş seçimləri çoxdur. 

 

Maraqlıdır, Azərbaycan gəncləri üçün Avropaya çıxış niyə bu qədər cəlbedicidir? Orada iş imkanları, həqiqətən, qaneedicidirmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat deputat Fazil Mustafa deyib ki, sözügedən məsələ, həqiqətən, düşündürücüdür:

 

“Gənclərin işlə təmin olunması istiqamətində dövlətin atdığı addımların müəyyən dərəcədə bir daha gözdən keçirilməsinə ehtiyac var. Burada biz əsasən özəl sektora olan maneələri ortadan qaldırmaq barədə düşünməliyik. Bütün hallarda bu məsələnin həllinə çalışmalıyıq ki, gənclər ölkədən belə rahatlıqla getməsinlər. Ola bilsin ki, bir intellektual axın olsun. Amma orta səviyyəli insanların peşə seçimi ilə bağlı Avropaya üstünlük verməsi düşündürücüdür. Ölkədə müxtəlif ixtisaslar üzrə peşə təhsilinə ehtiyac var və kadr azlığı da müşahidə olunur. Fikrimcə, özəl sektorun sərbəstləşməsinə imkan yaradılsa, əmək, əmtəə bazarı bir az aktivləşdirilsə, gənclər burada daha rahatlıqla iş tapa biləcəklər. Biz sanki süni surətdə bütün iş yerlərini qapalı vəziyyətə gətirmişik. Halbuki, belə olmamalıdır”.

 

Deputat Ceyhun Məmmədov da təsdiqlədi ki, son dövrlər Azərbaycan gənclərinin kütləvi şəkildə Qərb dövlətlərinə, Avropaya getməsi müşahidə olunur. Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var:

 

 

“Birincisi, yanlış stereotiplərdir. Yəni bəzi gənclər düşünürlər ki, Avropada yaşamaqla, işləməkdə daha böyük vəsait əldə edə, böyük uğur qazana bilərlər. Əslində isə bu heç də təqdim olunduğu kimi deyil, daha çox aparılan təbliğat nəticəsində baş verən haldır. Qərbin özündə bu gün daha ciddi və güclü problemlər var.  Bəzən əsassız şəkildə Qərbə olan maraq, Avropa ölkələrinin “cənnət” kimi təqdim edilməsi, bir sıra hallarda valideynlərin, bəzən isə müəllimlərin övladlarını buna təşviq etməsi gənclərdə belə bir təsəvvür yaradır, nəticədə, onlar Qərbə üz tuturlar. Hesab edirəm ki, Azərbaycanda iş üçün geniş imkanlar var. Bu gün gənclər Azərbaycanda işləyərək dövlətimizin inkişafına töhfə verə bilərlər, nəinki, xaricə üz tutaraq. Adətən digər ölkələrdə uğur qazanmaq o qədər də asan olmur, söhbət yüksək ali təhsildən getmir. Təhsili olmayan şəxslərin Avropa ölkələrində uğur qazanması qeyri-mümkündür. Onlar ya restroranlarda, ya kafelərdə, ya da digər ictimai iaşə obyektlərində fəaliyyət göstərirlər. Fikrimcə, ondansa Azərbaycanda fəaliyyət göstərmək daha yaxşıdır. Eyni zamanda ölkəmizdə gənclərə diqqəti daha da artırmalıyıq, onlara düzgün istiqamət verməliyik ki, yanlış yönləndirmədən xilas ola bilsinlər”.


Sosioloq Lalə Mehralı isə saytımıza açıqlamasında bildirib ki, əvvəlcə ölkəmizdəki iş imkanlarını gözdən keçirmək, təhsilli və təhsilsiz gənclərə yaradılan iş imkanlarına baxmaq lazımdır:

 

“Universiteti bitirən təhsilli gənc üçün iş imkanları nə qədərdir? Əksər yerlərdə təcrübə tələb edəcəklər, ən yaxşı halda minimum maaşa işləməli olacaq. Təhsili olmayanın heç bu imkanı da yoxdur, əlində peşəsi varsa, işləyəcək. Çilingər, bərbər, bənnadırsa, qazancı olacaq. Peşə məktəblərinin fəaliyyətinin zəif olması,bununla bağlı təbliğat işinin aparılmaması burda da özünü göstərir. Ali təhsil almayan gənclərə peşə məktəblərində tələbat olan peşələr öyrədilsə, onlar da öz gələcəklərini təminat altına ala bilərlər. Heç bir bacarığı olmayan gənc nə edəcək? Ya günü 15 manata fəhlə, ofisiant işləyəcək, ya da yaxşı gəlir fürsəti olan bir iş üçün başqa ölkəyə gedəcək. Hətta ağır əmək tələb edən iş olsa belə, bir çox hallarda qalmaq və yemək xərclərini də çıxdıqdan sonra aylıq qazanc onu qane edir. Çünki iş saatları qanunla nizamlanır, əlavə işə görə ödəniş olunur, can güvənliyi təmin edilir, maaşını vaxtında alır, tibbi xidmət ilə təmin olunur. Burada bu imkanları olmur axı...”.

 

L.Mehralının sözlərinə görə, xüsusilə peşə bacarığı olan insanlar üçün Avropa ölkələrində iş imkanları var:

 

“Burda zəruri xərcləri çıxdıqdan sonra əlində qalan pulla heç nə edə bilmir, lakin bir çox Avropa ölkəsində tələb olunan peşələri bacarırsa, daha yaxşı iş imkanları olacaq, daha çox maaş ala biləcək, istirahətinə pul ayıra biləcək, bir sözlə insan kimi yaşayacaq...”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR