\"Şəhriyar qadınlardan yox, bacısından üstün olduğunu göstərmək istəyirdi\" - Psixoloqdan AÇIQLAMA

\

Şəhriyar Məmmədyarovun "Qadınlar kişilərdən çox zəifdir. Onlar kişilərdən heç bir sahədə üstün deyillər. Hətta dünyanın yüz ən yaxşı şahmatçısı arasında qadın yoxdur" kimi fikirləri günlərdir gündəmi zəbt edib. Belə ki, məsələ ilə bağlı Şəhriyara haqq verənlər də olub, qınayanlar da. Maraqlıdır ki, Şəhriyarı qınayanlar arasında kişilər də üstünlük təşkil edib. Məşhur şahmatçının bacısı isə açıqlama verərək Şəhriyarın fikirlərini dəstəklədiyini bildirib. Geniş sferadan baxsaq, Şəhriyar əslində səsləndirdiyi fikirlərlə əsrlərdir aktual olan mübahisəni alovlandırıb.

 

Görəsən, qadın üstündür, yoxsa kişi? Bu üstünlük psixolojidir, yoxsa əqli? Şəhriyarın məsələyə yanaşması nə dərəcə doğrudur? Bunun kökündə qadınlara nifrət dayanır, yoxsa əsrlərdir mentalitetin aşıladığı qəlibləşmiş fikirlər?


Psixoloq Əfsanə Rüstəmova Sfera.az-a verdiyi müsahibəsində bu məsələdən də danışıb.

 

Mütəxəssis bildirib ki, şahmatçı yaxınlarına özünü göstərmək üçün mediadan istifadə edib:


“Dünən həmin şahmatçının həyatını bir az araşdırdım. Ailənin ortancıl övladıdır. Müsahibəsində bacıları və ailə üzvləri barədə bəzi şeyləri çox vurğulayaraq danışmışdı. Bu, hardasa, özünü göstərmək cəhdi idi. Sanki o, "mən artıq elə yaşa gəlib çatmışam ki, sizdən daha yaxşıyam. Siz məni bir vaxtlar, bəlkə də, o qədər yaxşı görmürdünüz, amma mən indi hamınızdan daha yaxşıyam" demək istəyirdi. Düşünürəm ki, Şəhriyar qadınlara yox, bacılarına özünü göstərmək üçün mediadan istifadə etdi. Bu düşüncəmi özümdə saxlamışdım. Sonra bacısının dediklərini görəndə özlüyümdə düzgün müşahidə etdiyimi anladım. Bacısı da demək olar ki, eyni cümləni qurdu. Mənim yanaşmam odur ki, təbiətin bizə verdiyi üstünlüklərə görə biz özümüzü üstün görməməliyik. Məsələn, mənim gözüm rənglidirsə, mən bunu sanki özüm etmişcəsinə mütəmadi olaraq vurğulayıb, bununla öyünməməliyəm. Burada mənim heç bir rolum yoxdur. 


Psixoloq qeyd edib ki, qadınla kişinin müqayisə olunması rasional yanaşma deyil:


“Bəzən insanları düşündürən suallardan biri də kişinin qadından üstün olub-olmaması olur. Lakin üstünlük deyəndə nəyi nəzərdə tutduğumuz önəmlidir. Əgər fizioloji olaraq kişilərin güclü olduğunu qəbul edirsinizsə, bu, üstünlük deyil. Qadının beyninin yönəldiyi sahə ilə kişininki eyni deyil. Kişinin ibtidai funksiyası vur, qır, parçala, həyatda qal və qoru, qadında da isə evini qur, uşağını böyüt, ərini qarşıla olub. Hətta ibtidai yanaşma ilə baxsaq belə, bu məsələni müqayisə etməməli olduğumuzu görərik. Eyni yönə baxmayan iki adamı necə müqayisə edə bilərik? Bənzərliyi olmayan şeylərin müqayisələndirilməsi rasional deyil. Düşünürəm ki, rasional olmayanı müzakirə də etməməliyik”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR