Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

İkinci Dünya müharibəsində Azərbaycandan 641 minə yaxın insan hərbi xidmətə cəlb edilsə də əməliyyatlar zamanı onlardan nə qədərinin dünyasını dəyişdiyinə dair dəqiq məlumat yoxdur. Yalnız o məlumdur ki, müharibə zamanı Azərbaycan vətəndaşları arasında ölənlərin sayı on minlərlə olub və bununla əlaqədar həmin illərdə ölkə əhalisi arasında təbii artım minimuma düşüb, hətta bəzi illərdə təbii azalma qeydə alınıb. 


Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 5 il davam edən müharibə zamanı ümumilikdə ölkə üzrə ölüm sayı 217 345 nəfər olub. Bunların nə qədərinin məhz müharibədə öldüyü açıqlanmır. 


Amma müharibədən əvvəlki və sonrakı illərdəki ölüm sayına diqqət yetirdikdə görürük ki, həmin dövrdə Azərbaycan üçün illik ölüm sayı 25-35 min nəfər olub. Ən aşağı göstərici ilə hesablayanda aydın olur ki, müharibə olmasa idi,  Azərbaycanda 5 ildə azı 125 min insan dünyasını dəyişəcəkdi. Müharibə amilinə görə ölüm sayı daha 90-95 min nəfər artıb. Deməli, yuvarlaqlaşdırsaq, İkinci Dünya müharibəsində iştiraka görə Azərbycan vətəndaşları arasında itki 100 min nəfər səviyyəsində olub ki, bu da olduqca yüksək göstəricidir. Belə anlaşılır ki, müharibəyə yollanan hər 6-7 nəfərdən biri dünyasını dəyişib. 


Müharibə faktoru Azərbaycan əhalisinin sayındakı təbii dəyişikliyə də mənfi təsir edib. Həmin illərdə ümumən təbii artım sürətinin xeyli azaldığını görürük. Təbii artım sürəti 1941-ci ildə 34,6 min olduğu halda, 1942-ci ildə 417 nəfər, 1945-ci ildə 791 nəfər olub. 1943 və 1944-cü illərdə isə təbii azalma baş verib. Təbii azalma 1943-cü ildə 14,55 min nəfər, 1944-cü ildə 7,11 min nəfər təşkil edib. Müharibədən sonra isə ölkədə təbii artım sürəti güclənib və hətta 1960-cı illərdə 140 mini ötüb. 


Vasif


OXŞAR XƏBƏRLƏR