“SİMA İmza” ən populyar elektron imza nümunələrindən birinə çevrilir

“SİMA İmza” ən populyar elektron imza nümunələrindən birinə çevrilir

Azərbaycanda geniş istifadə edilən elektron imza nümunələrindən biri də bulud əsaslı “SİMA İmza”dır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan bu elektron imza nümunəsindən istifadə edənlərin sayı artıq bir milyon nəfərə çatıb. 


Sfera.az xatırladır ki, “SİMA İmza” 2022-ci ilin fevralında təqdim edilib. 


SİMA layihəsi Azərbaycanda rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən layihələrin tərkib hissəsidir. Bu imza nümunəsi vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkündür. 


“SİMA İmza” yaradılmaqla Azərbaycanda rəqəmsal transformasiyaya keçid sürətlənib, onlayn xidmətlərdən istifadə daha əlverişli olub.


“SİMA İmza”dan istifadə çox rahatdır. Elektron imzadan istifadə edə bilmək üçün mobil tətbiq vasitəsilə SİMA-nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən hər bir şəxs rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərində xidmətlərdən istifadə imkanı qazanır.


“SİMA İmza” üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.
SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.


Azərbaycanda SİMA ilk dəfə banklarla əməkdaşlığa başlayıb. Daha sonra “SİMA İmza”nın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası həyata keçirilib. Ondan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən müraciət edilən dövlət xidmətlərini həm də SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə əldə etmək mümkün oldu.


Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla bura inteqrasiya olunan bütün portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər.
SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”, "e-Sosial ", "e-Agro ", "e-Satınalma ", "e-Hərrac ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, eləcə də digər sistemlər üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə bilərsiniz. 


Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.


SİMA mobil tətbiqində qeydiyyatdan keçməklə rəqəmsal imzanın əldə edilməsi Elektron Hökumət Portalında təqdim edilən xidmətlərə girişi daha asan edib.
Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulub. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlana bilir. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olub.


Hazırda iş yerlərindən arayışların alınması, cərimələr və etibarnamələr üzrə məlumatların öyrənilməsi, elektron gömrük xidmətindən istifadə edilməsi, əmək müqavilələrinə dair bildirişlərin və pensiya təminatını “SİMA İmza”dan istifadə etməklə izləmək mümkündür. 


“SİMA İmza”dan istifadənin genişləndirilməsi məqsədilə görülən tədbirlərdən sonra hazırda fərdi sahibkarlar da “SİMA İmza”dan istifadə edirlər. Bundan başqa “SİMA İmza” Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edilib. bank hesablarının açılmasını, e-taxes.gov.az portalına girişi bu rəqəmsal imza nümunəsi ilə həyata keçirmək olar.   


Bunlarla bərabər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar “SİMA İmza”dan istifadə edərək “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçə, mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetlərinə daxil ola və satış günü mənzil seçimi ərizələrini imzalaya bilərlər.


Elektron məhkəmə sisteminə və “Smart Customs” tətbiqinə “SİMA İmza” ilə daxil olmaq da mümkündür. 


“SİMA İmza”nin tətbiqində son yenilik İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində ondan istifadə edilməsidir. Hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı “SİMA İmza” elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxil olma prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub.


“SİMA İmza” elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib.


Qeyd edək ki, son məlumata görə “SİMA İmza”nın 35-dən çox qurumla inteqrasiyası yekunlaşıb, 100-dən çox qurumla inteqrasiyalar davam etdirilir. 
Vətəndaşlara ödənişsiz təqdim edilən SİMA imzanın mobil texnologiyaya əsaslanması məkan və vaxt məhdudiyyəti ilə əlaqədar olan xidmət mərkəzlərindən istifadə asılılığını aradan qaldırır. Bununla da, internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkar istənilən yerdən elektron xidmətlərdən yararlana bilər.


Vasif CƏFƏROV

 

Mövzu: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; 

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...