Bahar Muradovadan TƏKLİF: "Ailə Məcəlləsinin 12-ci maddəsində dəyişiklik edilsin"

Bahar Muradovadan TƏKLİF:

"Ədliyyə Nazirliyindən aldığımız məlumata əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204, 2022-ci ildə isə 608 olub".

 

Sfera.az xəbər verir ki, bunu  “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

"Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb",- komitə sədri bildirib.

 

B.Muradovanın sözlərinə görə, dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür:

 

"Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikahların baş tutmasına səbəb olur. Beynəlxalq təcrübəyə əsasən ABŞ-nin 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanması qadağan edilib.


Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur".

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR