İqlim dəyişikliyi Rusiyaya hansı ziyanı vuracaq? - Akademik AÇIQLADI

“Rusiya iynəyarpaqlı meşələrinin bir hissəsini itirəcək və iqlim dəyişikliyi səbəbindən meşələrin ərazisi alaq otları ilə daha çox örtüləcək”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Nəbatat Bağı-İnstitutunun direktoru, biologiya elmləri doktoru Pavel Krestov “PrimaMedia” ilə söhbətində qeyd edib.
Ekspertin fikrincə, Rusiyada iqlim dəyişikliyinin təzahürlərindən biri qışda torpağın temperaturunun tədricən artmasıdır. Onun sözlərinə görə torpağın isinməsi son dərəcə təhlükəli olan alaq otlarının inkişafına şərait yaradacaq: “Təbii ekosistemləri təhdid edən alaq otları yaxın 5-10 ildə daha da güclənməyə başlayacaq, onların ümumi sayı və növlərin sayı artacaq. Bundan əlavə, yaxın 50 ildə Rusiyanın Avropa hissəsinin cənubunda və Uzaq Şərqin şimalında bitkilərin aktiv böyümə və inkişaf dövründə nəmin azalması ilə bağlı çətinliklərlə yaranacaq. Növbəti 50 il və ya daha çox müddətdə Primoryenin cənub yarısında sidr, küknar və ladin üçün şərait əlverişsiz olacaq ki, bu da onların sayının azalmasına səbəb olacaq. Meşələr iynəyarpaqlı komponentlərini itirəcək və onların yerini indi yalnız Rusiya sərhədlərinin cənubunda geniş yayılmış növlər tutacaq”.
Qeyd edək ki, Rusiya dünyada ən böyük meşə örtüyünə sahib olan ölkədir. Rusiya ərazisinin 40 faizindən çoxu meşə sahələrindən ibarətdir. Meşə sahələrinin çox hissəsi isə sərt soyuq iqlimin müşahidə edildiyi ölkənin Asiya hissəsindədir.
Vasif