Azərbaycanda təbii artımın sürəti zəifləyir, əhali qocalır - STATİSTİKA

Azərbaycanda təbii artımın sürəti zəifləyir, əhali qocalır - STATİSTİKA

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əhalisinin sayında davamlı artım baş versə də son illərdə yeni doğulan uşaqların sayının azalması, ölüm sayının artması və bunun nəticəsində təbii artımın sürətində zəifləmə müşahidə edilir. 


Sfera.az xəbər verir ki, bu dinamika əvvəlcədən proqnozlaşdırılsa da, proses Azərbaycan üçün əlverişli deyil və gələcəkdə həm demoqrafik, həm də dövlətin maliyyə öhdəlikləri ilə bağlı problemlər yaradacaq. 


Nə baş verdiyini anlamaq üçün statistik məlumatlara diqqət yetirək:

 

Azərbaycan əhalisinin sayı 1992-ci ildə 7,2 milyon nəfər idi. 2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, əhali sayı 10,17 milyon nəfərə çatıb. Son 32 ildə ölkə əhalisinin sayında 2,97 milyon nəfər və yaxud 41,2 faizdən çox artım baş verib. 


Bu, yaxşı göstəricidir. Müqayisə üçün bildirək ki, son 32 ildə qonşularımız Gürcüstanda əhali sayı 5,5 milyon nəfərdən 3,7 milyon nəfərə, Ermənistanda isə 4 milyon nəfərdən 2,9 milyon nəfərə düşüb. 


Azərbaycanda əhali sayı artsa da son illərdə yeni doğulan uşaqların sayında davamlı azalma baş verir. 1991-ci ildə dünyaya gələn uşaqların sayı 190,35 min olmuşdu. Yeni doğulanların sayı 2001-ci ilə qədər azaldı və həmin ilin sonunda 110 min nəfərə düşdü. Sonrakı illərdə doğulanların sayında artım baş verdi və 2011-ci ildə 176 minə yüksəldi. Təəssüf ki, növbəti ildən yeni doğulanların sayında azalma prosesi müşahidə edilməyə başlandı və bu dinamika hələ də davam edir. 2023-cü ilə aid olan yekun məlumata görə, ölkəmizdə doğum sayı 112,6 min nəfərə düşüb. 


Doğumun azalması ilə paralel olaraq ölüm sayında artım baş verir. 2000-ci illərin əvvəlində Azərbaycanda hər il 45-46 min insan dünyasını dəyişdiyi halda 2023-cü ildə 60,15 min insan dünyasını dəyişib. 


İki göstəricinin bir-birinə yaxınlaşması ölkəmizin əhali sayında təbii artım sürətini zəiflədir. 2008-ci ildə əhali sayında artım 143 min nəfər olduğu halda, 2018-ci ildə 88 min nəfərə, 2023-cü ildə isə 55 min nəfərə düşüb. Əvvəlki illərdə əhali sayı hər il 1,3-1,5 faiz artdığı halda hazırda bu göstərici  0,5 faizə yaxındır. 


Təbii artım vəziyyətinin pisləşməsi ilə bərabər boşanmaların sayında da artım görünür. 2000-ci ildə Azərbaycanda 5 min boşanma olurdusa, hazırda bu göstərici 21,7 minə çatıb. Yalnız Bakı şəhərində 7 mindən çox boşanma qeydə alınıb. 


Demoqrafik vəziyyətin pisləşməsini göstərən başqa bir faktor gənclərin sayının azalması, yaşı 65-dən yuxarı olan insanların sayının artmasıdır. 
“Gənclər siyasəti haqqında” Qanuna əsasən, Azərbaycanda gənclər 14-29 yaşlarında olan vətəndaşlar hesab edilir. 2022-ci ilin yekunlarına görə, ölkə əhalisinin 22,7 faizini, yəni 2,3 milyon nəfərini gənclər təşkil edir. 


2022-ci ildə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub. 


Əvvəlki illərlə müqayisədə son illər gənclərin sayında və xüsusi çəkisində azalma müşahidə edilir. 2009-cu ildə ölkəmizdə 2,826 milyon gənc olub. Həmin tarixdə gənclər əhalinin 31,4 faizini təşkil edib. 


Müqayisə göstərir ki, son 12 ildə gənclərin sayı 520 min nəfərdən çox azalıb. 


Ölkə əhalisinin qocalması dövlətin maliyyə yükünü artırır. Çünki bu halda əmək qüvvəsi azalır, əvəzində dövlətdən pensiya, sosial müavinət alanların sayı artır. 
Dövlət belə vəziyyətdə maliyyə yükünün daha sürətlə artmaması üçün pensiya yaşını artırmağa məcbur olur. Azərbaycanda pensiya yaşının artırılması son illərdə daha sürətlə həyata keçirilib. Əvvəllər kişilər 60, qadınlar 55 yaşda pensiyaya çıxa bilirdisə, mərhələli artımlardan sonra hazırda kişilərin 65, qadınların 63,6 yaşda pensiyaya çıxmaq imkanı var. 2026-ci ilin iyulun 1-dən qadınlara da 65 yaşdan pensiyaya çıxmaq hüququ veriləcək. 


Hökuməti pensiyaya çıxma yaşını daha çox artırmağa əhalinin yaşlanması vadar edib. 


Bunu əhalinin yaş qrupları üzrə xüsusi çəkisində baş verən dəyişiklik də təsdiqləyir. 1995-ci ildə yaşı 55-dən (həmin dövrdə pensiyaya bu yaşdan sonra çıxılırdı – red.) yuxarı olan vətəndaşların əhali sayında xüsusi çəkisi 12,9 faiz olduğu halda, bu nisbət 2023-cü ilin əvvəlində 20,2 faizə yüksəlib. Mütləq ifadə ilə desək, 1995-ci ildə pensiya yaşına çatan və ya bu həddi keçən 983 min insan olduğu halda, 2023-cü ildə onların sayı 2,04 milyonu ötüb. 


Deməli, pensiyaya çıxma yaşı zamanında artırılmasa idi, dövlət 2 milyondan çox insana yaşa görə ya pensiya, ya da müavinət verməli idi. Amma yaş həddinin artırılması hesabına hazırda təxminən 900 min insan yaşa görə pensiya və müavinət alır.


Son illərdə 65 və daha yuxarı yaşda olanların da sayı artır. On il əvvəl əhalinin 5,9 faizi 65 və daha yuxarı yaşda olan insandan ibarət olduğu halda, hazırda 8,5 faizi bu yaş qrupundadır. Başqa sözlə, 2013-cü ildə 554 min insanın yaşı 65 və yuxarı yaşda olmuşdusa, hazırda 859 min insan bu yaş qrupundadır. 
Müqayisə göstərir ki, son 10 ildə yaşı 65 və yuxarı olan insanların sayı 305 min, yəni 55 faiz artıb. 


Əhalinin mövcud yaşlanma dinamikasını nəzərə alsaq, 2033-cü ildə 65 və daha yuxarı yaşda olanların sayı 1,3 milyonu ötəcək və onlar əhali sayının 12-13 faizini təşkil edəcək. 


Əlilliyə və ailə başçısını itirməyə görə pensiya çıxanları və müavinət alanları da nəzərə alsaq, dövlət 2033-cu ildən sonra əhalinin 20 faizinə pensiya və müavinət verməli olacaq. 


Yaşlı əhalinin yaratdığı yükdən xilas olmaq üçün hökumətin qarşısında iki yol var – ya pensiya çıxma yaşı yenidən artırılmalıdır, ya da həmin dövrə qədər məcburi dövlət sosial sığorta ödənişləri üzrə yığımlarda ciddi artım əldə edilməlidir. Yığımlarda nəzərəçarpacaq artımı təmin etmək üçün kölgə iqtisadiyyatının miqyası kiçildilməli, muzdlu işçilərin sayı xeyli artırılmalıdır. 


Hazırda 1 pensiyaçıya 1,56 muzdlu işçi düşür. Dünyanın inkişaf etmiş ölkələrində 1 pensiyaçıya 2-3 işləyən düşür. Təcrübə göstərir ki, muzdlu işçilərin sayı pensiyaçıların sayından daha çox oluqda pensiya təminatında çətinlik olmur. 


Azərbaycanda da son illərdə pensiyaçılarla işləyənlərin nisbəti yaxşılaşıb. On il əvvəl bir pensiyaçıya 1,17 işləyən düşdüyü halda hazırda nisbət 1,6-ya çatıb. Əgər 2030-cu ildən sonrakı dövrə qədər işləyənlərin sayı daha çox artmasa, o zaman, pensiya yaşının yenidən artırılması qaçınılmaz olacaq. 


Vasif Cəfərov


Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...