Yerli bədii filmlərimiz niyə nümayiş etdirilmir? - Xalq artistindən MARAQLI AÇIQLAMA

2023-cü ilin dekabr ayı üzrə televiziya proqramlarının janrlar üzrə bölgüsünə əsasən, xarici istehsal bədii filmlər yerlilərə nisbətən 4 dəfə daha çox nümayiş etdirilib.Belə ki, müvafiq olaraq, yerli bədii filmlərin çəkisi ümumi payın 0,8, xarici bədii filmlər isə 4,30 faizini təşkil edib.
Əvəllər, xüsusən də, bayram və xüsusi günlərdə yerli bədii filmlərimiz daha çox nümayiş etdirilib. Lakin, ötən illərlə müqayisədə yerli bədii filmlərin nümayişinin azaldılmasına şahid oluruq. Bəs buna əsas səbəb nədir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, bədii filmlərə tələbatın azalmasında bir neçə səbəb var:
“İlk növbədə, onu qeyd edim ki, televiziyalarda nəyinsə yayımlanması üçün ödəniş tələb olunur. Bu səbəbdən artıq televiziyalar reklamlara daha çox üstünlük verir. Buna görə də, hansısa qazanc gətirməyən yerli bədii filmi yayımlamaq istəmirlər. Digər tərəfdən, biz hələ də sovet dövründəki yerli bədii filmlərə baxır, onlarla fəxr edirik. Düzdür, keyfiyyətli yerli bədii filmlərimiz çoxdur. Bu yaxınlarda yubileylərini qeyd edən “Yeddi oğul istərəm” və “Nəsimi” filmləri dünyada müvafiq olaraq 147 və 151 ölkədə izlənilib. Lakin tamaşaçılar da artıq köhnələrdən yorulub, yenilik görmək istəyirlər. Keyfiyyətli bədii filmlərin çəkilməsi üçün isə ölkədə kifayət qədər imkan yoxdur. Filmin ərsəyə gətirilməsi üçün həm yaxşı kadr, həm də keyfiyyətli avadanlıq olmalıdır. Bir peşəkar kino çəkmək üçün məcburuq ki, böyük vəsaitlər xərcləyib xarici ölkələrdən avadanlıq gətirək. Bəzi “production”lar çörək pulu qazanmaq üçün aşağı büdcə ilə filmlər çəkir, televiziya və ya kinoteatrlarda nümayiş etdirirlər. Lakin ucuz ətin şorbası olmur”.
Xalq artisti qeyd edib ki, bu ildən vəziyyətin dəyişəcəyinə ümidlidir:
“Məlumatıma görə, bu ildən kino sahəsinə daha çox diqqət ayrılacaq. Hətta maddi-texniki avadanlıqdan əlavə, Milli Kino Akademiyasının yaradılması və bu sayədə keyfiyyətli kadrların yetişdirilməsi nəzərdə tutulur. İnanıram ki, bunlardan sonra kino sahəsində inkişaf baş verəcək”.
Firuzə Əliyeva