“Meyvələrin şahı” - Göyçay narı CNN-də

Dadı və faydalı xüsusiyyətləri ilə zəngin olan nar tarix boyu bütün dinlər və mədəniyyətlər tərəfindən sevilən və mifləşdirilən təbiətin əsl hədiyyəsidir.
Qədim yunanlar onu yeraltı dünya ilə əlaqələndirirdilər, yəhudi inancında isə narın dənələrinin müqəddəs kitabları “Tövrat”dakı əmrlərin sayını qədər - 613 dənədən ibarət olduğuna inanırdılar.
İrandan Hindistanın şimalına qədər uzanan bölgədə yarandığı düşünülən nar kolları (Punica granatum) sürətlə qərbdən Aralıq dənizinə və şərqdən Çinə yayılıb. Bu meyvə bir çox Yaxın Şərq mətbəxinin çox sevilən əsas təamı olaraq qalır. Türkiyə, Azərbaycan və İran kimi ölkələrdə yüksək dəyərə malikdir.
Bununla belə, Azərbaycandan daha çox narı tərifləyən yer tapmaqda çətinlik çəkərsiniz. Nar burada az qala müqəddəs bir milli simvol statusuna malikdir.
Narşərab manqal yeməkləri və ya qızardılmış balığın yanında daha çox istifadə olunur.
Azərbaycanın yerli narı "meyvələrin şahı" (baş hissəsinin qismən tac şəklində olması səbəbindən) həm mətbəxdə, həm də mədəniyyətdə xüsusi yerə malikdir. “Odlar yurdu”na gələnlərin diqqətini əvvəl bazar və dükanları bəzəyən yaqut-qırmızı nar qutuları çəkir. Daha sonra təbii şirə, mürəbbəsindən tutmuş bir çox formada istifadəsi maraqlı gələcək. Nar sousu plov kimi milli xörəklərin əvəzolunmazıdır.
“Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı yemək kitabının müəllifi Fəridə Buyuran narın istifadə qaydalarından bəzilərini açıqlayır: “Möhtəşəm dadı tarazlaşdırmağın əsas sirri ət yeməklərinə nar ləti əlavə etməkdir. Xüsusilə, narqovurması həzm üçün yaxşıdır”.
Şərbəti isə meyvəsindən hazırlanan təravətləndirici içkidir. Göyçay rayonunda nardaça adlı şəkərli konservlər bişirilir. Buyuran deyir:
“Maraqlıdır ki, bu konservlər həm çayın yanında şirniyyat kimi qəbul edilir, həm də plovların üzərinə səpilir. Həmçinin nar dənələrindən hazırlanan bəkməzə bənzər şərbət, narşərab kabab və ya qızardılmış balıq yeməklərinin əvəzolunmaz ədviyyatı hesab olunur”.
Qabıqları və toxumları dərman və kosmetik məhsullarda da istifadə olunur. Saysız-hesabsız onlayn məqalələrə görə, həqiqətən, nar ən yaxşı antioksidantdır. Hətta sadəcə toxumlarını dişləmək və ya bir stəkan təzə nar şirəsi içmək sağlamlıq üçün böyük faydalara malikdir”.
Ənənəvi olaraq kənd evlərində hazırlanan nar şərabını da qeyd etmək lazımdır. Bu yaxınlarda bu şərab, müasir şərab zavodları tərəfindən də satışa çıxarılaraq, ölkənin imza məhsuluna çevrilib.
Buyuran deyir: “Narın bol olduğu yeməklərə misal olaraq narnumru göstərmək olar. Soğanla qovrulmuş nar üstünə yumurta çırpılır.
Sonra ləvəngi var ki, ev və ya çöl quşları, yaxud balığın içinə qoz və nar doldurularaq, qovrulur.
Buyuran deyir ki, Narqovurma mütləq sınanmalıdır:
“Toyuq və ya ət tikələri soğan və şabalıdla bişirilir, bişənə yaxın bol miqdarda nar dənələri əlavə edilir. Yemək çörək və ya plovun yanında verilir”.
Bununla belə, İpək Yolunun Qafqaz qolu boyunca yerləşən Azərbaycanda nar adi bir qida məhsulundan daha çox şeydir. Yerli rəssamlar, yazıçılar və hətta indiki dizaynerlər belə narı milli atributa çevirməyi bacarıblar.
“Azərbaycan mədəniyyətində və adət-ənənəsində narın özünəməxsus yeri var. Nar bolluğu, bərəkəti simvolizə edən milli meyvədir. Nar hər yerdədir: xalq nağıllarında və şeirlərdə, milli və digər naxışlarda”- Buyuran deyir.
“Şimal-qərbə səyahət etmək və 18-ci əsrə aid Şəki Xan Sarayını ziyarət etmək istəyirsinizsə, xanın iclas otağında gözəl nar ağacının təsviri olan əsərə diqqət yetirin: cənnət bağının simvolu”.
Rəssam Diləfruz Bağırovanın fikrincə, Azərbaycanın nar sevgisini Füzuli və Nizami Gəncəvi kimi məşhur şairlərin sözlərində, Səttar Bəhlulzadə, Tair Salahov və Toğrul Nərimanbəyov kimi tanınmış rəssamların canlı rəsmlərində də tapa bilərsiniz.
“Əfsanələrimizdə deyilir ki, nar sevgi rəmzidir. Qədimdə sevgini sözlə ifadə etmək ayıb hesab olunurdu, ona görə də oğlanlar sevgilisinə nar apararaq hisslərini etiraf edərdilər. O, həm də bərəkət, zənginlik və birlik rəmzidir”.
Azərbaycanın hər yerində nar yetişdirilsə də, Göyçay narı başqa yerlərdən daha dadlı hesab edilir. Göyçay Aran iqtisadi rayonunda, Azərbaycanın şimal-şərqində Qafqaz dağlarının ətəklərində yerləşir.
Burada adətən hər il Nar Festivalı keçirilir. Koronavirus pandemiyası səbəbindən təxirə salınan festival, dörd il ərzində ilk dəfə bu ilin noyabrında keçirilib. Festival 2006-cı ildən keçirilməyə başlayıb, qısa müddətdə Azərbaycanın ən çox sevilən bayramına çevrilib.
Oktyabrın sonu və ya noyabrın əvvəllərində nar yığımına təsadüf edən iki günlük tədbir zamanı minlərlə insan (yerli əhali və Bakıdan avtobusla gələn turistlər) şəhərin mərkəzi küçələrinə axışır. Göyçay rayonunun 32 kəndində yetişdirilən şirəli narların satıldığı piştaxtaların qarşısını doldurur.
Ölkənin iqlim müxtəlifliyi də ağdan yaqut-qırmızıya qədər müxtəlif formada, ölçüdə və rəngdə 60-dan çox müxtəlif növ nar yetişdirməyə imkan verir. Göyçay Nar Festivalında şirə və mürəbbələrdən tutmuş souslara, tortlara, şərablara və hətta dərman vasitəsi kimi satılan qurudulmuş nar qabıqlarına qədər hər növ nar məhsullarına rast gələ bilərsiniz.
Bu arada, milli musiqi və rəqslərin ifaları üçün səhnələr qurulur, xalqın sevimli kabablarını bişirən çoxlu kiçik kafelərdən tüstülər ucalır. Ən böyük narın, ən gözəl “nar qızı”nın şərəfinə müsabiqələr, ən tez nar sıxma yarışları keçirilir. Hər şeyi maraqlı saxlamaq üçün müsabiqələr hər il dəyişir.
Ümumiyyətlə, Nar Bayramı Azərbaycanda o qədər unikaldır ki, 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tərcümə etdi: Aysel
//edition.cnn.com/travel/azerbaijan-pomegranate-national-fruit/index.html