Psixoloq boşanma müddətinin uşaqlara təsiri barədə: \"Qorxu, qəzəb, günahkarlıq...\"
Boşanma hallarının sayı günü-gündən artmaqdadır. Tərəflər arasında anlaşmazlıq pik həddə çatıbsa, boşanma qaçınılmazdır. Boşanmadan hər iki tərəf ziyan çəksə də, bu hal ən çox uşaqlara mənfi təsir göstərir.
Bəs uşaqları boşanmanın mənfi təsirlərindən necə qorumaq olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova etiraf edib ki, davamlı mübahisə olan mühitdə böyümək uşaqlara boşanma hallarından daha çox psixoloji təsir göstərir.
Onun sözlərinə görə, boşanma müddəti uşaqlar üçün stress mənbəyinə çevrilir:
“Boşanmadan öncəki və sonrakı mərhələ uşaqlarda travmaya çevrilən zaman dilimidir. Bu müddətdə baş verən mal-mülk davaları, uşaqların kimdə qalacağı kimi mübahisələri uşaqlarda bir sıra neqativ faktorlar yaradır. Onlar valideynlər arasında olan düşmənçilikdə özlərini günahkar hesab edirlər. Həmin uşaqlar gələcəkdə əks cinslə münasibətlərin qurulmasında çətinlik və özünəinam problemi yaşayırlar.
Bu baxımdan valideynlərin ayrılması uşağın psixoloji vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqlar həmin dövrdə dağıdıcı və destruktiv emosiyaların qurbanına çevrilirlər. Qorxu, qəzəb, günahkarlıq kimi hisslər onların gələcəyinə də mənfi təsir göstərir. Valideynlər bu halların baş verməməsi üçün ayrıldıqdan sonra da övladları ilə barəbər birgə vaxt keçirməli, daim diqqət və qayğı göstərməyə meyilli olmalıdırlar. Öz aralarındakı neqativ durumları uşaqlara hiss etdirməməyə çalışmalıdırlar”.
Ülkər Abdurahmanlı