"Taksi sürcüləri arasında narkomaniya baş alıb gedir..." - Cərimələrlə bağlı AÇIQLAMA
Bu il oktyabrın 1-dən etibarən taksi keçid kartı 25 manat, sərnişindaşıma vəsiqəsi 125 manat olacaq.Qoyulan tələb taksi şirkəti tərəfindən pozularsa, 20 000 manat, icazəsiz fəaliyyətə görə isə 40 000 manat cərimə tətbiq ediləcək. Sərnişin və yükdaşıma sahəsində hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar 2 000 manat, buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyan vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcəklər.Bununla yanaşı taksi dispetçerinin fəaliyyətinə icazə verənlər isə 3000 manat cərimə ediləcək.
Bəs bu yenilik nəyi dəyişəcək?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tətbiq olunan cərimələr xaotik vəziyyəti aradan qaldırmaq üçün nəzərdə tutulub:
“Burada söhbət sərnişindaşımadan gedir. Prezident İlham Əliyev tərəfindən xüsusilə Bakıda taksi fəaliyyətinin təkmilləşdirilməsi baxımından ötən il fərman imzalanıb. Bu fərmanda göstərilir ki, Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. Yaranan xaotik vəziyyətin aradan qaldırılmasına ciddi nəzarət olunmalıdır. Nəzarət mexanizmini isə qurmaq olduqca çətindir.
Müəyyən qurumlar da bunun həyata keçirilməsi üçün bir çox təşəbbüslərlə çıxış etdilər, qanunvericilik layihələrinə baxıldı. Məlum oldu ki, qanunda olan boşluqlar bəzi xarici taksi operatorlarının bu vəziyyətdən sui-istifadə etməsinə gətirib çıxarır. Bu da insanlar arasında narazılığa səbəb olur. İnsanlar artıq taksi fəaliyyəti ilə bağlı təşviş içindədirlər ki, bu bir xidmət sahəsidirsə, burada niyə qayda-qanun işləmir və yaxud da bunun üçün niyə nəzarət mexanizmi yoxdur. Ola bilər, bəzi insanlar düşünürlər ki, bu, asan prosesdir, ancaq elə deyil. Burada qaydaların təyin olunması və onların işləməsi lazım idi. Hər şeyi bir gün içində həll etmək mümkün deyil. Hazırda tətbiq olunan cərimələr də elə bu sahədə olan xaotik vəziyyəti aradan qaldırmaq üçün nəzərdə tutulub”.
Ekspert taksi sürücüləri arasında narkomanların artdığını da vurğulayıb:
“Taksi operatorları tərəfindən bir çox qaydaların pozulduğu artıq təsdiqini tapdı deyə aidiyyatı qurumlar hərəkətə keçdilər. Sözsüz ki, məsələnin həlli bundan sonra mümkün ola bilər. Çünki buna qədər bir çox işlər görüldü, layihələr icra olundu, təbliğat işləri aparıldı. Bu yollarla sivil qaydada problemin həlli üçün çalışıldı. Lakin məlum oldu ki, biz sakit fomada hansısa məsələnin həllinə hazır deyilik.
Bu problemlərin aradan qaldırılması zəruriyyətindən sözügedən cərimələr təsdiqlənib. Oktyabrın 1-dən bir hissəsi, qalanı isə yanvarda qüvvəyə minəcək. Bu sahədə çox ciddi problemlər var. Taksi sürcüləri arasında narkomaniya baş alıb gedir. Çünki o insanlar həyat tərzinə görə heç yerdə iş tapa bilmirlər və ən asan yol kimi taksi sürməyi seçirlər. Düşünürlər ki, bu sahədə hər şey mükəmməldir, onlara heç kim heç nə deməyəcək və heç bir hadisə də baş verməyəcək. Lakin taksi sürücüsü olmaq da bir peşədir. Bu peşənin də öz sirləri var. Bunlara nabələd olan insan gəlib sürücü olmamalıdır ki, sonra da vətəndaş narazı qalmasın”.
Firuzə Əliyeva