Əvvəl jurnalist kimi çalışmış siyasət adamları – ONLAR KİMDİR?
Ölkə başçılarının, nazirlərin vəzifəyə gəlməmişdən qabaqkı peşələri hər zaman maraq doğurub. Onlardan kimisi fəhlə, kimisi fotoqraf, bəziləri həkim, komediya ustası və digər peşələrin sahibi olublar.
Sfera.az bildirir ki, dünyanın taleyini həll edən şəxslər arasında əvvəllər jurnalist kimi fəaliyyət göstərənlər də az deyil.
1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçill - O, İngilis-Bur müharibəsi zamanı bir il “The Morning Post”un hərbi müxbiri kimi fəaliyyət göstərib. Elə hərbi jurnalist kimi çalışarkən 1899-cu ilə əsir düşüb. 1902-ci ildə əsirlikdən qaçmağı bacaran Uinston siyasi fəaliyyətə başlayıb.
1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti olmuş Con Kennedi - Gəncliyində o, tarix müəllimi və yazıçı olmaq arzusunda idi. Lakin həmin dövrdə demək olar ki, hər gün tarixi hadisələr baş verirdi. Ona görə də Kennedi jurnalistika ilə maraqlanmağa başlayıb. Con cəmi bir il - 1945-ci ildə, İkinci Dünya Müharibəsi başa çatdıqdan dərhal sonra jurnalist kimi fəaliyyət göstərə bilib. “William Hearst” media korporasiyasından bir neçə qəzet üçün müharibə ilə bağlı məqalələr təqdim edib. O, həmçinin Potsdam Konfransı və Avropada baş verən digər tarixi hadisələrdən hesabatlar yazıb. Bir il jurnalist işlədikdən sonra Kennedi Konqresə namizəd olmaq qərarına gəlib. Siyasi karyerasında uğurlu olan Con Kennedi heç vaxt jurnalistikaya qayıtmayıb.
Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan - O, 1990-c illərin sonu və 2000-ci illərin əvvəllərində “Oragir” və “Haykakan Zhamanak” qəzetlərinin müxbiri və redaktoru olub. Nikol həmçinin, keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən idi. Paşinyan “Oragir” qəzetindəki bəzi məqalələrinə görə böhtan yazmaqda ittiham edilib və 1999-cu ildə istintaqa cəlb edilib. 2006-cı ildə siyasətə qoşulan Paşinyan növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb. 2012-ci və 2017-ci illərdə keçirilımiş parlament seçkilərində millət vəkili seçilib.
2019-2022-ci illərdə Böyük Britaniyanın 77-ci baş naziri olmuş Boris Conson – Onun atası Avropa Parlamentinin üzvü, babası Avropa İnsan Haqları Komissiyasının sədri, bir çox qohumu və bacısı jurnalist olub. Consonun jurnalist karyerası o qədər də yaxşı başlamayıb. Belə ki, o, yazıda yanlış sitat gətirdiyinə görə “The Times” qəzetindəki ilk işindən qovulub. 1987-ci ildən Conson “The Daily Telegraph” qəzetində çalışıb və hətta orada baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. Tezliklə “The Spectator” qəzetində siyasi köşə yazarı vəzifəsinə keçib. Lakin o, karyera yolunu dəyişərək siyasətlə məşğul olmağa qərar verib.
ABŞ-nin 29-cu prezidenti Vorren Hardinq - Gəncliyində sığorta şirkətində məmur işləyən Hardinq həm də dostları ilə birlikdə müflis olmuş “Mario Daily Star” qəzetini almağı planlaşdırıb. O zaman cəmi 24 yaşı olan Vorren sözügedən nəşri Ohayoda ən gəlirli qəzetlərdən birinə çevirib. Eyni zamanda, özü də məqalələr və köşə yazılarının müəllifi olub. Düzdür, tənqidçilər onu Respublika Partiyasına simpatiyasına, qəzeti isə obyektivlik nümayiş etdirmədiyinə görə qınayıblar. Buna baxmayaraq, qəzet xeyli qazanc gətirib. Ardınca Hardinq siyasətçi olmağa qərar verib.
1922–1943-cü illərdə İtaliyanın rəhbəri olmuş Benito Mussolini - Gənclik illərində uzun müddət jurnalist işləyən Mussolini sonralar Sosialist Partiyasının rəsmi orqanı olan "Avanti" qəzetinin baş redaktoru təyin olunub. Kütlə qarşısında tez-tez çıxışlar etmək onun ən böyük hobbisi idi.
Günay Rəsulqızı