Dövlət gənclər siyasətinin təməlində ümummilli lider Heydər Əliyev imzası dayanır

Dövlət gənclər siyasətinin təməlində ümummilli lider Heydər Əliyev imzası dayanır

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi bir xalqın inkişafı strategiyasının əsas özülüdür desək, yanılmarıq. Yetişməkdə olan nəsildə vətənpərvərlik hisslərinin yüksək olması həmçinin dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qoruunmasının təməlidir.

Biz bu gün Azərbaycan gənclərinin vətənpər ruhda böyüməsinin, onlarda milli mənlik anlayışının yüksək olmasını müşahidə edirik. Bunun bariz nümunəsi kimi 2020-ci il 44 günlük Vətən müharibəsi və postmüharibə dövrünü göstərə bilərik. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə informasiya savaşında Azərbayan gəncliyi birmənalı olaraq öz sözünü deyib, bütün dünyaya nümunə olmağı bacardı.

 

Azərbaycanın bu gün məhz bu prinsiplərə dayanmış dövlət gənclər siyasətinin təməlində isə ümummilli lider Heydər Əliyev imzası dayanır. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi mənada addımlar atılıb.

 

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclərlə bağlı Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. 2018-ci ildə gənclər siyasətinin inkişafına xidmət edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ötən il üçün nəzərdə tutulan müddəaları icra edilib, həyatın bütün sahələrində gənclərin fəallığı artaraq vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib.

 

Gənclərin hərtərəfli inkişafına şərait yaradılması ilə bərabər, onların vətənpərvər ruhda, Azərbaycan xalqının tarixinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub.

 

Lakin bunu da qeyd etmək lazımdır ki, milli mənlik, vətənpərvərlik kimi amillər ilk olaraq doğulduğun ailədən miras qalır. Belə ki, ailənin Azərbaycan xalqının qədim adət-ənənələrinı riayət etməsi, cəmiyyətin norma və qaydalarının uşaqlara vaxtında aşılanması, tərbiyələndirmədə milli xüsusiyyətlərin nəzərə alınması milli şüurun yaranmasına böyük anlamda təkan verir. Bu səbəbdən uşaqlara hələ erkən yaşlarda Vətən, tarix, milli kimlik anlayışları sevdirilməli, onlarla bu barədə maarifləndirici söhbətlər aparılmalıdır.

 

Yeniyetməlik dövründə əxlaqi şüur inkişaf etməyə başlayır ki, bu da öz tarixinə daha dərindən baxış deməkdir. Yeniyetmənin mənəvi dünyası nə qədər çox zənginləşərsə, milli mənlik şüuru və vətənpərvərlik hissləri də o qədər formalaşmış olar. Uşaqların göz açdığı, formalaşdığı mühit, təhsil aldığı məktəb onun fikir və bacarıqlarının inkişafı üçün çox önəmlidir. Ailədaxili nizam-intizam olmazsa, uşaq öz identikliyini tapmazsa, bu zaman onun milli şüurunun formalaşmasında ciddi maneə yaranacaq. Bu mənada ailə üzvləri sözügedən məsələdə maksimum diqqətli olmalıdır.

 

Əzizə Zeynal

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

 


OXŞAR XƏBƏRLƏR