Geyim mağazalarında niyə malın üzərində qiymət yoxdur? – “Ciddi pozuntudur”
Bəzi geyim mağazalarında məhsulun qiyməti gizlədilir - ya qiymət etiketi çıxarılır, ya da üzərindən xətt çəkilir. Məlumat almaq istəyəndə isə “qiyməti yalnız kassada öyrənə bilərsiz” cavabı verilir. Belə olan halda, müştəri kassada gözləmədiyi qiymətlərlə qarşılaşa bilir və bəzən pis vəziyyətdə qalır.
Bəs, məhsulların qiymətlərinin gizlədilməsi və ya fərqli göstərilməsi nə dərəcədə doğrudur?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin Eyyub Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin 94 saylı qərarında birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan əmtəə bazarında satılan bütün mallar, o cümlədən sənaye məhsullarının üzərində maddi məsul şəxsin imzası və ya möhürü olan rəsmi qiymət sənədi olmalıdır:
“Bu sənəd olmazsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti normal işlədiyi halda, belə mağazaları minimum 1500 manat cərimə gözləyərdi. Lakin biz bu cür vəziyyətlərin çox yayıldığının şahidi oluruq. Yəni sadəcə, qiymət yazılmış bir kağız var, üstündən xətt çəkilərək təzəsi yazılır, yalançı endirimlər olur və.s. Azərbaycanda satılan malların , o cümlədən sənaye məhsullarının təxminən 80 faizinin heç bir mənbə sənədləri yoxdur ki, istehlakçı malın əvvəlki, daxil olan, indiki qiymətləri ilə maraqlansın. Bu, anormal haldır və istehlakçı hüquqlarının pozulması, onların aldadılmasıdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda qeyd olunur ki, istehlakçı malın istənilən sənədini satıcıdan tələb edə bilər, satıcı isə onu göstərməyə borcludur. Təəssüf ki, nə sənəd olur, nə satıcı onu təqdim edir, alıcı sənədləri tələb edəndə isə “müdirdədir” cavabı verilir. Bəs müdir haradadır? Yoxdur..”
Müsahibimiz qeyd edib ki, mağazalar gərək “istehlakçı guşəsi” yaratsınlar:
“Bu, MDB məkanı və bir çox ölkələrdə yayılıb. Bu guşədə istehlakçı hüquqları haqqında qanun, ondan çıxarışlar olmalıdır. Əgər istehlakçı hüquqlarını qoruyan dövlət orqanı istehlakçı fikirlərini eşitmək, onu cəmləşdirmək, nələr baş verdiyini bilmək istəmirsə, o zaman əlbəttə, qiymətlərdə aldadılma halları olacaq. Təkcə ərzaq malları sahəsində bir ildə Azərbaycan istehlakçıları qiymətlərdə minimum 500 milyon manat aldadılır. Hələ keyfiyyəti, çəkini demirəm...Ona görə də adını çəkdiyim dövlət qurumuna demək istəyirəm ki, üzünüzü istehlakçılara doğru çevirin. Biznesi də, məmuru da, ordunu da saxlayan biz istehlakçılarıq və hüquqlarımız qorunmalıdır”.
Günay Rəsulqızı