“Dünyada 500-dən çox Azərbaycan icması fəaliyyət göstərir” – Diasporumuzun inkişaf dinamikası
Dünyada baş verən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin qurulması mühüm əhəmiyyət daşımaqdadır.
Ümumiyyətlə qeyd etməliyik ki, Azərbaycan diasporunun tarixi yüz il bundan əvvələdək gedib çıxmır. Lakin diasporun qurulduğu vaxtdan bu yana bu istiqamətdə xeyli müsbət iş görülüb.
Onu da bildirək ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə edilmiş nailiyyətlərin böyük əksəriyyəti ümummilli lider Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Onun davamçısı prezident İlham Əliyev də bu kursun fonunda diasporun fəaliyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlər görməkdədir.
Hazırkı dövrdə dünya üzrə Azərbaycan diasporu mütəşəkkil hala gətirilməkdədir. Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir.
Diasporla İş üzrə Dövlər Komitəsindən verilən məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində 500-dən çox Azərbaycan icması fəaliyyət göstərir. Azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdən biridir. Bu istiqamətdə ötən dövr ərzində xeyli uğur əldə olunub.
Bununla bərabər, soydaşlarımızın yaşadıqları cəmiyyətə daha sıx inteqrasiyasına nail olması, onların hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi və bu sahə üzrə diqqətin artırılması istiqamətində işlər daha da gücləndirilməlidir.
İndi isə Azərbaycan diasporunun inkişafı üçün zəmin yaradan bəzi mühüm addımlar barədə...
Dünya Azərbaycanlılarının ilk qurultayı həmrəylik və lobbiçilik siyasətinin möhkəmləndirilməsi, dərinləşdirilməsi mənasına böyük əhəmiyyət daşıyır. İlk dəfə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda keçirilən qurultayda Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib və Heydər Əliyev Şuranın sədri seçilib.
Digər qurultaylar isə ardıcıl olaraq beş ildən bir baş tutub. Sonuncu belə qurultay isə bu ilin aprel ayının 22-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilib.
2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilib, 2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilib. 2016-cı il iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında isə bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olunub.
Hazırda müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrilməsi, regionda əsas söz və nüfuz sahibi olması xaricdəki soydaşlarımızı vahid strategiya və müstəqil Azərbaycan dövləti naminə daha səylə təşkilatlanmağa sövq edir.
İnci
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb