Hakimlər artımdan sonra bu qədər maaş alacaq - MƏBLƏĞ

Hakimlər artımdan sonra bu qədər maaş alacaq - MƏBLƏĞ

““Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Qanunlara dəyişikliklərə əsasən sentyabrın 1-dən hakimlərin maaşı 27% artacaq”.

Sfera.az bildirir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bu istiqamətdə hesablamalar da aparıb:

 

“Cədvəllərə görə, Konstitusiya Məhkəməsinin sədri əlinə xalis 5544,06 əvəzinə 7026,02 manat (təxmini 27% artım), Ali Məhkəmənin sədri isə 5637,39 əvəzinə 7182,21 manat (təxmini 27,5% artım) alacaq. Qanundakı faiz nisbətlərinə əsasən digər hakimlərin xalis rəsmi gəliri təxmini belə olacaq:

 

1. Konstitusiya Məhkəməsi sədrinin müavini – 6323 manat;

 

2. Konstitusiya Məhkəməsinin hakimi – 5972 manat;

 

3. Ali Məhkəmə sədrinin müavini – 6463 manat, kollegiya sədrləri – 6104 manat, hakimləri – 5745 manat;

 

4. Apellyasiya məhkəmələrinin sədrləri – 6463 manat, müavinləri – 5816 manat, kollegiya sədrləri – 5493 manat, hakimləri – 5170 manat;

 

5.  Ağır cinayətlər məhkəmələrinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrləri – 5745 manat, müavinləri – 5170 manat, hakimləri – 4596 manat;

 

6. digər məhkəmələrin sədrləri – 5027 manat, müavinləri – 4524 manat, hakimləri – 4021 manat”.

 

Ekspert artımın kifayət qədər ciddi olduğunu vurğulayıb:

 

“Bu artım dövlət büdcəsi, yəni bizim hesabımıza baş verir. Buna görə də bütün məmurlar, o cümlədən hakimlər də bizə xidmət etməlidir. Dürüst və vicdanla! Korrupsiyaya bulaşmadan. Ümid edirəm ki, qismən də olsa belə olacaq. Amma əlbəttə ki, tam olmayacaq. Əvvəla, ona görə ki, artım yüksək olsa da, hakimlərimizin əksəriyyətinin gözünü doyduracaq qədər deyil. Bizdə hakim təxmini ən azı 10000 manat almalıdır. Yüksək məhkəmə hakimləri isə 15000-20000 manat. Digər tərəfdən də, şəffaflıq olmadığı üçün məmurlar, o cümlədən hakimlər üzərində ictimai nəzarətin həyata keçirilməsi mümkün deyil. Onlar gəlir və xərc bəyannamələri vermir, daşınmaz əmlak və kommersiya hüquqi şəxslərinin reyestrləri qapalıdır və.s İctimai nəzarətə məruz qalmayan məmurların çoxu həmişə korrupsiyaya meylli olacaq. Xüsusən bizim şəraitdə: normal hüquq təhsili və elmi olmadığı halda çox pul qazanmaqdan başqa digər motivasiya yoxdur.  Hər şey qarşılıqlı “hörmət” əsasında qurulub. “Çak-çuk” etməyənə isə bir təhər baxıb “əfəl”, “key” və s. damğalar vururlar. Amma hər bir halda, hakimlərdən haqqımızı daha inadla tələb etməliyik. Maaşları artdıqca, biz də daha çox tələbkar olmalı, ədaləti “haqq” müqabilində əldə etməməliyik”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR