Avropada hansı peşələrə tələb artıb? - Yeni vərdişlər yeni peşələrə ehtiyac yaradır
Texnologiların inkişafının insanların vərdişlərində yaratdığı dəyişikliklər iş həyatına və peşələrə ciddi təsir edir, biznes sahələrində dəyişikliklərə səbəb olur.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, texnologiyaların inkişafı ilə əlaqədar son illərdə Avropa Birliyi ölkələrində peşə qruplarında bəzi dəyişikliklər baş verib.
Avropa İttifaqında son bir ildə işçilərin sayında ən çox artım olan peşə qrupları müəyyənləşdirilib.
Məlum olub ki, ən çox işçi sayında artım qida məhsullarının satışa hazırlanması sahəsində müşahidə olunub. Ötən bir ildə bu peşə qrupunda çalışanların sayı 25,1 faiz artıb.
Ümumilikdə, son illərdə qida və içkilərin evlərə çatdırılması xidməti mühüm bir sektor kimi genişlənib. Bununla əlaqədar yemək hazırlamaq üçün köməkçilərə, bir neçə çeşiddə yemək və ya içkilər hazırlayan, bişirən, masaları və mətbəxləri təmizləyən və qabları yuyan işçilərə tələb böyüyüb. “Fast food” hazırlayanlar və mətbəx köməkçiləri bu qrupun əsas peşələridir.
İkinci yerdə 15,6 faiz artımla fərdi xidmət işçiləri qərarlaşıb. Bu qrupda səyahət işçiləri, konduktorlar və avtobus bələdçiləri, digər bələdçilər, aşpazlar, ofisiantlar və barmenlər, bərbərlər, kosmetoloqlar və əlaqəli işçilər, bina nəzarətçiləri, ev və texniki xidmət üzrə nəzarətçilər və digər şəxsi xidmət işçiləri daxildir.
Üçüncü yeri 9,6 faiz artımla informasiya və kommunikasiya texnologiyaları ilə bağlı peşəkar mütəxəssislər tutur. Bu qrupa proqram təminatı və proqram tərtibatçıları və analitikləri, verilənlər bazası və kompüter şəbəkələri üzrə peşəkarlar daxildir.
Bu insanlar aparat, proqram təminatı və oxşar konsepsiyaları araşdırır, planlaşdırır, layihələndirir, yazır, sınaqdan keçirir, inkişaf etdirir və tövsiyə edir.
Son bir ildə tələb artan peşələrdən biri də hüquq, sosial və dini əməkdaşlardır. Bu peşələr üzrə işçi sayı 9,4 faiz artıb. Bu qrupda olanlar hüquqi proseslərə və araşdırmalara, sosial və icmaya yardım proqramlarına, dini və mədəni fəaliyyətlərə texniki və praktiki xidmətlər və dəstəkləyici fəaliyyətlər təqdim etməklə məşğuldurlar. Bu sahəyə aid olan peşələr bunlardır: məhkəmə icraçısı, hakim katibi, notarius katibi, protokol katibi, hüquq məmuru, vəkil köməkçisi, xüsusi detektiv, daşınmaz əmlak müstəntiqi, icma inkişafı işçisi, sosial xidmət işçisi, böhrana qarşı mübarizə işçisi, əlillik xidməti işçisi, ailə xidmət işçisi, həyat bacarıqları üzrə təlimçi, psixi sağlamlıq yardımı işçisi, sosial işçi, qadın sığınacağına nəzarətçi, gənclər xidmətləri işçisi və din xadimləri.
Son bir ildə qonaqların qəbulu, pərakəndə satış və digər xidmət rəhbərlərinin sayı da 9,1 faiz artıb.
Tələb artan digər peşələr biznes və idarəetmə mütəxəssisləri (7,4 faiz), sənətkarlıq və poliqrafiya işçiləri (6,7 faiz), informasiya və rabitə texnikləri (5,9 faiz), elm və mühəndislik mütəxəssisləri (5,7 faiz), istehsal və ixtisaslaşdırılmış xidmətlər üzrə menecerləridir (5,3 faiz).
Vasif
Sfera.az